Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan – Azərbaycanın təxminən dekriminallaşmış yeganə bölgəsi kimi…

Naxçıvan – Azərbaycanın təxminən dekriminallaşmış yeganə bölgəsi kimi…

Vamiq Şükürov: “Naxçıvan MR-də qayda-qanun daha ciddi şəkildə qorunduğuna görə orada ən az sayda cinayət baş verir”

“Orada kriminogen vəziyyət tam nəzarətdədir”

2015-ci ildə törədilən cinayətlərin böyük hissəsi Bakı şəhərində olub. Bununla bağlı Dövlət Statistika Komitəsindən mətbuata verilən məlumata görə, ötən il paytaxtda 12 min 693 cinayət hadisəsi qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 12 min 288 olub.
Ötən il törədilən cinayətlərin sayına görə ikinci yerdə Sumqayıt şəhəridir -1054 hadisə. 2015-ci ildə Abşeron rayonunda 934, Lənkəranda 768, Gəncədə 739, Astarada 445 cinayət hadisəsi törədilib.
Cinayətlərin ən az qeydə alındığı zona Naxçıvan Muxtar Respublikasıdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumatdan aydın olur ki, burada 2015-ci ildə cəmi 29 hadisə törədilib. Həmin zonada ən çox cinayət Naxçıvan şəhərində qeydə alınıb – 10 hadisə. Culfa rayonunda 8, Sədərəkdə 4, Babəkdə 3, Şərurda 2, Ordubad və Kəngərli rayonlarının hər birində 1 hadisə qeydə alınıb.
Ötən il Şahbuz rayonunda heç bir cinayət törədilməyib.
Ümumilikdə ən az cinayət hadisəsinin qeydə alındığı rayonlar bunlardır: Lerik – 40 hadisə, Yardımlı – 48 hadisə, Zərdab – 64 hadisə, Oğuz – 71 hadisə, Siyəzən – 78 hadisə, Qobustan – 79 hadisə.
Göründüyü kimi, ölkə üzrə Naxçıvan MR-də ən az cinayətin qeydə alınması böyük göstəricidir. Bu, Naxçıvanda kriminogen vəziyyətə nəzarətin, görülən profilaktik tədbirlərin və qayda-qanuna əməl olunmağın göstəricisidir.
Maraqlıdır, bəs ekspertlər bunu nə ilə əlaqələndirir?
Məsələyə münasibət bildirən hüquqşünas Vamiq Şükürovun “bakı-xəbər”ə verdiyi açıqlamaya  görə, Naxçıvan MR-də zaman-zaman az cinayət qeydə alınıb:

“Dövlət Statistika Komitəsinin verdiyi məlumatlarda, cinayətlərin statistikasında həmişə müəyyən regionlar üzrə də hesabatlar aparılıb. Müəyyən regionlar var ki, oranın tarixi xüsusiyyətlərindən, əhalisinin psixologiyasından və digər hallardan asılı olaraq, cinayətin dinamikası fərqli olur. Bu kimi faktorlar cinayətin dinamikasına bu və ya digər dərəcədə təsir edir. Ancaq konkret olaraq Naxçıvan MR-də qayda-qanun daha ciddi şəkildə qorunduğuna görə orada ən az sayda cinayət baş verir. Əhaliyə, ictimai təhlükəsizliyə nəzarət daha üstün səviyyədə təşkil olunduğuna görə Naxçıvanda cinayətlərin statistikasında həmişə azalma olub. Yəni orada ümumiyyətlə çox cinayət hadisəsi baş vermir. Bir daha qeyd edirəm ki, bu sırf orada bu istiqamətdə işin yaxşı qurulması ilə əlaqədardır. Naxçıvanda kriminogen vəziyyət tam nəzarətdədir”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın