Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / NASA-nın astronavtı Bakıya azərbaycanlıların kosmosa marağını artırmağa gəlib

NASA-nın astronavtı Bakıya azərbaycanlıların kosmosa marağını artırmağa gəlib

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə NASA-nın (Milli Aeronavtika və Kosmos İdarəsi) 31-ci qadın astronavtı, “Space Shuttle”un ekipaj üzvü Haydemari Stefanişin-Payper ilk dəfə olaraq Bakıya səfər edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı dəyirmi masa təşkil edilib və astronavt Azərbaycan KİV-ni maraqlandıran suallara cavab verib. O, öz fəaliyyəti barədə ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan-a Gürcüstandan sonra gəlib, özü də təyyarə ilə deyil, avtomobillə. Yolda bir sıra rayonları görmək üçün avtomobilə üstünlük verib və bundan zövq alıb.

“Mənim çox böyük proqramım var və bu təkcə paytaxtla bağlı deyil, həmçinin Kürdəmirlə bağlıdır. Mən müxtəlif tədris müəssisələrində məktəblilərə, tələbələrə öz fəaliyyətim barədə danışacam və onları maraqlandıran suallara cavab verəcəm” — deyə Payper bildirib.

Space Shuttleun ekipaj üzvü Haydemari Stefanişin-Payper
“Space Shuttle”un ekipaj üzvü Haydemari Stefanişin-Payper

O, özü haqqında danışarkən deyib ki, atası ukraynalı, anası isə almandır. Astronavt olmaq üçün qəti qərar qəbul etməli olub. Payper bildirib ki, astronavtlar dəstəsində təlimə başlayana qədər xilasedicilər dəstəsində xidmət edib. O, ixtisasca zabit-dalğıc və xilasedici zabitdir. Massaçusets Texnologiya İnstitutunu bitirəndən sonra ABŞ-ın hərbi-dəniz donanması ilə müqavilə bağlayıb. Lakin həmişə astronavt olmaq, kosmosa uçmaq xəyalı ilə yaşayıb.

Astronavt kosmosa ilk uçuşunu 2006-cı ildə reallaşdırıb. Bu zaman o, 12 saat kosmosda olub və iki dəfə açıq kosmosa çıxa bilib. Onun ikinci uçuşu 2008-ci ildə olub. Onda 3 dəfə açıq kosmosa çıxıb. Astronavt açıq kosmosda ümumilikdə 34 saata yaxın işləyib.

O qeyd edib ki, başqa ölkələrlə müqayisədə Amerikada astronavtlar arasında cinsi ayrıseçkilik qoyulmur, insanların ümumi bilikləri nəzərə alınır. Onun sözlərinə görə, astronavt olmaq istəyənlərin sayı çoxdur, amma bu hamıya nəsib olmur.

NASA-nın qadın astronavtı, Space Shuttleun ekipaj üzvü Haydemari Stefanişin-Payper ilk dəfə Bakıda
NASA-nın qadın astronavtı, “Space Shuttle”un ekipaj üzvü Haydemari Stefanişin-Payper ilk dəfə Bakıda

“Ən vacibi ürəklə, çox çalışmaq və əla oxumaqdır. Çünki o sahədə çox böyük rəqabət var. 2017-ci ildə 12 min nəfər astronavt olmaqla bağlı arzusunu ifadə edib, NASA onlardan sadəcə 12-sini seçib. Əgər birinci dəfə alınmayıbsa, bundan narahat olmaq lazım deyil və öz arzularının dalınca getmək vacibdir” — deyə Payper öz məsləhətini verib.

Onun sözlərinə görə, istərdi ki, Azərbaycanda da astronavt olmaq arzusunda olanların sayı çox olsun. Elə tələbə və şagirdlərlə görüşünün əsas məqsədi də odur ki, onlar kosmosu sevsinlər və Sovet dövründə olduğu kimi məhz bu sahədə təhsil almaq istəsinlər.

Payper kosmosdan əsasən hərbi məqsədlər üçün istifadə edildiyi barədə sualı da cavablandırıb. Onun sözlərinə görə, NASA hərbi idarə deyil. Onun məqsədi kosmik tədqiqatlar aparmaq və baş verən yenilikləri öyrənməkdir. Onun üzvləri isə hərbçi deyillər, baxmayaraq ki, hərbi adları var.

Astronavt onu da etiraf edib ki, bizim Hollivud filmlərində gördüklərimiz sadəcə fantastikadır və reallıqla heç bir əlaqəsi yoxdur.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …