Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “Namus cinayəti”nə haqq qazandıran cəmiyyət

“Namus cinayəti”nə haqq qazandıran cəmiyyət

Əlimiz çatan, mediasını izlədiyimiz ölkələrdən yalnız ikisində bu cür xəbərlər informasiya məkanında müntəzəm yer alır. Bu ölkələrdən biri Türkiyə, digəri Azərbaycandır.

“Mediada müntəzəm yer alan xəbər” isə boşadığı qadını təqib edən, qısqanan kişinin sonda öz həyatını özü istəidiyi kimi qurmaq istəyən qadını qətlə yetirməsidir.

Bu cür xəbərlərə İran mediasında rast gəlmirik. Rusiyanın sayt və qəzetləri, agentlik və televiziyaları da müvafiq xəbərlər yaymırlar.

Xəzərin o tayından – müsəlman Qazaxıstandan da bənzər xəbərlər gəlmir. Ermənistan da bu sıradadır. Bir dəfə hətta İrəvanda küçədə ayağı sürüşüb yıxılan qadından da yazmışdıq, amma erməni mediasında “namus üstə qətl” xəbəri görünmür. Olsa, mütləq tərcümə edib verərdik.

Hərdən Gürcüstandan oxşar xəbərlər gəlir, amma məlum olur ki, bu “namus cinayəti” törədənlər yenə bizimkilərdir, soydaşlarımzdır.

Image result for namis üstdə qətl

Avropa ölkələrində isə bu cür hadisələr və xəbərlər lap çoxdan yoxdur. Oralarda heç kəs boşandığı qadını “namus üstə” öldürmür. Yola getməyən, bir yerdə yaşaya bilməıyən evli cütlüklərin atdığı ən radikal addım məhkəməyə gedib boşanmaqdan ibarətdir.

Bu ölkələrdə çəkilmiş həyati filmlərdə isə çox zaman boşanmış cütlüklərin hansısa vacib səbəb üzündən (ən çox da övladlara görə) yenidən bir araya gəlib, mehriban şəkildə müzakirələr apardığına dair epizodlar görə bilərik.

Elə real həyatda da ayrılmış cütlüklərin ömür boyu düşmənçilik aparmadıqları, öz problemlərini ayrılaraq həll etdikləri çox olur.

Yalnız Türkiyədə və bizdə (ola bilər, bu “ənənə” bir çox başqa ölkələrdə də var) kişilər boşandıqları qadından əl çəkmirlər. Onların əlində “daşdan keçən” bəhanə də var: “O, mənim qızımın qaldığı evə atalıq gətirməyə hazırlaşırdı”; “pis yola düşmüşdü, istəmədim oğluma anasıyla bağlı töhmət eləsinlər”; “boşansaq da, mənim adım onun üstündədir, razı ola bilməzdim ki, adıma biqeyrət desinlər” və sair və ilaxır.

Uyğun cinayət işlərinə dair məhkəmələrdə bu kimi ifadələr tez-tez səslənir və hamısı da bir-birinə bənzəyir. Aydın olur ki, bu cinayət namus üstə törədilib.

Image result for boşanma

Hətta boşandığı qadınları sırf mal-mülk bölgüsü üstündə öldürən bəzi kişilər də cəmiyyətin gözündə müsbət reputasiya qazanmaq, daha az cəza almaq üçün bilərəkdən yalan danışır, mərhuma böhtan atır, cinayəti “namus üstündə” törətdiklərini iddia edirlər.

Onlar bilirlər ki, “namus üstdə qətl” törədənlərə nəinki azad cəmiyyətdə, hətta həbsxanalarda belə kriminal ünsür kimi baxmırlar və onlar digər məhbuslardan ayrıcalıq təşkil edir, üstün sayılırlar.

Cəmiyyət “namus üstdə” qətl törədəni yox, öldürülən qadını daha çox mühakimə edir. Onun yarığı üstündədir: “Dinc duraydı, öldürməyəydilər”.

Bəli, boşanmış qadın özünə yeni həyat qurmaq istəsə, nikahlı-nikahsız, biriylə yaşamaq istəsə, artıq ölümünü gözə almalıdır.

Ölkəmizdə belə hadisələr iki həftədə, ayda bir dəfə olursa, Türkiyədə artıq bu cür hadisələrin törədilməsi tezliyi günaşırı rejimdən gündəliyə keçib.

Vəziyyət o qədər ciddiləşib ki, nəinki qeyri-hökumət təşkilatları, qadın haqlarının müdafiəçiləri, hətta dövlət özü də bu kombaynı durdura bilmir, hər gün bir-iki qadın onun pərlərinin arasından keçib aqreqatının ağzında qalır.

Bunun başqa adı yoxdur, vəhşilikdir. Bu, mədəniyyət geriliyindən, cahillikdən, orta əsrlər təfəkküründən törəyən cinayətdir. 
Sevgi üstündə qurulan ailənin qarşılıqlı nifrət püskürməsi ilə bitməsi anlaşılandır, bunu təbii saymaq olar, amma bu nifrət qətlə səbəb olacaq şiddətdədirsə, bu, artıq anormaldır, sıra dışıdır.

Ötən il və inişil ölkəmizdə üst-üstə 25 minə qədər ailə dağılıb. Ancaq bu zəmində baş verən ağır cinayətlər barmaqla sayılacaq qədərdir. Bu, o deməkdir ki, ayrılmış cütlüklərin tam əksəriyyəti bir-birinə nifrət etsə də, bir-birini öldürmək niyyəti daşımırlar. Demək, çoxları ayrıldıqdan sonra öz həyatını yaşayır və bir-birinin işinə, həyatına qarışmır. Amma bəzi manyaklar var ki, onlar nə qadının onu tərk etməsini həzm edə bilirlər, nə də ondan sonra başqa bir həyata başlamasını.

Yeganə ümidverici məqam odur ki, Türkiyədə artmaqda olan bənzər cinayətlər bizim ölkəmizdə hələlik insanları əndişələndirəcək şiddətdə deyil. İndilikdə boşanma təmayülü qorxuncdur.

Xalid KAZIMLI

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …