Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Müxalifət nümayəndələri nə üçün sürüşmə zonasına getmir?

Müxalifət nümayəndələri nə üçün sürüşmə zonasına getmir?

Bir neçə gündür ki, Bayıl yamacında sürüşmənin aktivləşməsi ilə əlaqədar yaxınlıqda yaşayan əhali evlərini itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Dövlətin müvafiq qurumları onları müvəqqəti olaraq digər ərazilərə köçürsələr də əhali evini tərk etmək istəmir. Gecələri qohumlarının evləri və sığınacaqlarda keçirən sürüşmə zonasında yaşayan sakinlər gündüz vaxtı əraziyə qayıdıb, bir yerə toplanırlar.

İndiyə qədər bir neçə yüksək vəzifəli məmur ərazidə olub, sürüşmə ilə maraqlanıblar. Bəs ölkə müxalifətinin nümayəndələri  Bayıla gedib, oradakı insanlarla görüşməyi düşünürlərmi?

“Yeni Müsavat”a danışan VİP sədri Əli Əliyev hesab edir ki, müxalifətin hazırda ora getməsi əhalinin zərərinə olar: “Situasiya belədir ki, orada müxalifətlə əlaqəsi olan istənilən adamın ziyan çəkmə ehtimalı yüksəkdir. Əminəm ki, oradakı camaatın özü də müxalifətin onlara dəstək verməsini istəməz. Çünki hakimiyyətin müxalifətə qarşı olan aqressiyası hər kəsə bəllidir. Ona görə də belə məsələlərdə müxalifətçilər bir qayda olaraq susmağa üstünlük verirlər. Çünki insanların maliyyə maraqları zərbə ala bilər. Hətta hadisələr siyasiləşdirilə və hakimiyyətdəki müxtəlif qruplar bu ad altında insanlara zərbə vura bilərlər”.

Ağ Partiya sədri Tural Abbaslı da düşünür ki, əraziyə getmək lazım deyil:

Tural Abbaslı ile ilgili görsel sonucu

“Ora getməklə bağlı planımız yoxdur. Zaman-zaman belə sosial problemlər baş verdiyi halda müxalifət nümayəndəsi olaraq hər vaxt insanların yanında olmuşuq. Ancaq hər dəfə də həm hakimiyyət strukturları tərəfindən, həm də insanların özləri tərəfindən buna aqressiv yanaşılıb. Deyirlər ki, bu məsələni siyasiləşdirib, bizi alət etməyin, hökumət özü həll edəcək. Dolayısı ilə insanların özləri də hakimiyyətlə üzbəüz gəlmək istəmədikləri üçün bizim ora getməyimiz uyğun deyil. Hətta problemlər də yaradır”.

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, məsələ sosial xarakter daşıdığı üçün kənardan izləyirlər: “Bu cür hadisələr təkcə Bayılda deyil, bir neçə sürüşmə zonasında da baş verir. Yaxşı olardı ki, əhali ilə müxalifət arasında birbaşa təmas yaransın. Ancaq çox təəssüf ki, hakimiyyət müxalifətin bu cür tədbirlərini də pozur. Həm də hakimiyyət elə başa düşər ki, sosial problemlərdən müxalifət istifadə edir. Ehtiyat edirik ki, müxalifətə görə insanları daha da narahat edərlər. Lakin bütün bunlara baxmayaraq  subyektiv fikrimdir ki, orada olub, insanlara dəstək vermək lazımdır”.

ADP sədrinin müavini Həsrət Rüstəmov da “Yeni Müsavat”a bildirib ki, sürüşmə zonasına getməyi düşünmürlər:“Əslində hesab edirəm ki, bu, çox böyük problem deyil və ilk növbədə məsələ ilə dövlət qurumları məşğul olmalıdırlar. Ancaq biz də görsək ki, vətəndaşlar əziyyət çəkirlər dövlət də buna biganədir, o zaman prosesə müdaxilə edə bilərik. Hazırda isə hesab edirəm ki, bu cür müdaxiləyə ehtiyac yoxdur”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, Azərbaycanda münasibətlər, baxışlar elə bir müstəvidə inkişaf edib ki, siyasi baxışlar belə cəmiyyətin bütün sahələrinə öz təsirini göstərir:

Tamilla Qulami ile ilgili görsel sonucu

“Bütün bunların səbəblərini hər birimiz yaxşı bilirik. Müxalifət partiyası olaraq, nəinki siyasi, hətta sosial problemlər yaşayan insanların hər zaman yanındayıq, hər zaman haqlarının müdafiəsində iştirak etmişik, edəcəyik də. Bayıl sürüşmə zonası siyasi deyil, sosial məsələdir. Yuxarıda da qeyd etdiyim kimi siyasi düşüncələr cəmiyyət arasında parçalanma yaradıb, adamlar təkcə problemli günlərində deyil, yas mərasimlərində belə müxalifət nümayəndələrini görəndə narahat olurlar. Təsəvvür edin, olur ki, hökumət yaranmış hansısa sosial məsələ ilə bağlı həllə başlayacağını deyir, mən müxalifət nümayəndəsi olaraq, həmin insanların yanında olan zaman adamlar deyirlər ki, lütfən siz bir az uzaq dayanın, çünki işimizin düzəlməsi təxirə düşər. Bəzən bu cür münasibətlərdə insanları qınamaq olmur. Çünki cəmiyyət üçün heç bir fərqi yoxdur ki, onun problemlərini həll edən kimdir. İqtidar, ya müxalifət. Əsas odur ki, problemi həll olsun. Onların yanında isə bu gün həmin ərazinin deputatı, həmin ərazidən olan səlahiyyətli nümayəndələr olmalıdır. Bu gün o insanların müdafiəsi adına parlamentdə oturanlar, o insanların yaşadığı təhlükənin qarşısını almaq üçün məsələni aidiyyəti üzrə qurumlara çatdırmalı, bütün güclərini sərf etməlidirlər”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə “Yeni Müsavat”a söyləyib ki, partiya sədrləri hal-hazırda ölkədə deyil:

“Buna görə də Bayılda sürüşmə zonasına getməmişik. Bazar günü partiya sədrimiz ölkəyə dönəcək. Yəqin ki, biz də gedib, o insanların problemləri ilə tanış olacağıq. Hər hansı bir bölgədə və ya ərazidə problem olarsa, mütəmadi olaraq bizim partiya nümayəndələri də insanların narahat günlərində onların yanında olmağı unutmurlar. Çox güman ki, partiya sədrimiz gəldikdən sonra bu məsələni müzakirə edəcəyik”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …