Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Mürvət Həsənli : “Aslan İsmayılovun psixoloji müayinəsinə ciddi ehtiyac var”

Mürvət Həsənli : “Aslan İsmayılovun psixoloji müayinəsinə ciddi ehtiyac var”

“Aslana  bizim dayanacaqda avtomobillərə baxmaq vakansiyasını təklif edirəm”

 

Bu gün “Xəmsə Club”da iş adamı Mürvət Həsənli mətbuat konfransı keçirib. O, bildirib ki, tədbiri keçirməkdə məqsəd 10 mart tarixində Türkiyəli iş adamı, ermənilərlə şərik çalışan və ölkəmizə yumurta ixrac edən şirkətin direktoru Ömür Oralla hüquqşünas Aslan İsmayılovun  birgə keçirdiyi mətbuat konfransında səsləndirilən  ittihamları cavablandırmaqdır.

Mətbuat konfransında çıxış edən Mürvət Həsənli bildirib ki, Ömür Oral və Aslan İsmayılovun  ona ünvanlanan bütün  ittihamları absurd və əsassızdır:
“Aslan İsmayılov və Ömür Oral ermənilərlə iş birliklərini gizlədir. Amma biz məhkəməyə bununla bağlı dəqiq faktlara əsaslanan sənədlər təqdim etmişik. Əgər onlarda təkzib varsa niyə məhkəməyə müraciət etmirlər?”.

Sonra Mürvət Həsənli Aslan İsmayılovun məqsədli şəkildə bu işlə bağlı qalmaqal yaratdığını dedi:

“Aslanın çörəyi belə işlərdən çıxır. Məsələni ictimailəşdirməklə onlardan daha çox pul qopara bilir. Buna görə də, o, məsələnin həlli yox, uzanmasında maraqlıdır.  Artıq biz bu qərara gəlmişik ki, Aslan İsmayılovun psixoloji durumunun yoxlanılmasına ciddi ehtiyac var. Bununla bağlı məhkəmə qarşısında vəsatət də qaldırmışıq.  İstənilən ölkədə bu yoxlmanın keçirilməsinin xərcini ödəməyə də hazırıq. Bütün proseslər göstərir ki, normal psixikaya malik olan insan belə davranış sərgiləməz. Hətta bəzi jurnalistlər də öz yazılarında Aslanın sağlıq durumundan şübhələndiklərini bildiriblər. Biz həmin yazıları da məhkəməyə təqdim etmişik. Yəni bu qənaətə yalnız biz gəlməmişik”.

İş adamı Ömür Oralın ermənilərlə şəriklik məsələyə aydınlıq gətirərkən zərərli bir müqayisə apardığı və bunun nəticəsində Qərbi Azərbaycanlıları təhqir etdiyini bildirdi:

“Biz bununla bağlı da, Ömür Oralı həm Türkiyədə, həm də Azərbaycanda məhkəməyə verəcəyik”.

Mürvət Həsənli bildirdi ki, Aslan İsmayılov onu bir hadisəyə görə üzü yola adam olduğunu zənn edib və buna görə də belə preysinqlər tətbiq edərək nəyəsə nail olmağı düşünür:

“Bir neçə il bundan əvvəl, o mənə zəng edib bildirdi ki, bizim restoranda onun yaxın bir adamı toy edib və 1800 manat borclu qalıb. Aslan təklif etdi ki, həmin pulu mən güzəşt edim. Hətta həmin adamın gəlib bizdə pulun əvəzinə işləyə biləcəyini də dedi. Mən işləmək təklifini qəbul etmədim, ancaq həmin məbləği bağışaldım. Sonra eşitdim ki, Aslan İsmayılov həmin adamdan vasitəçiliyə görə pulun bir hissəsini alıb. Bax, indi mən bu cür xislətə malik olan bir adamla üz-üzə qalmışam. Başa düşürəm, vəkillik fəaliyyətinə xitam verildiyi üçün əlinə yaxşı pul gəlmir. Amma bu heç də o demək deyil ki, insanlara çamur atmaqla pul qazanmaq lazımdır. Bizim yeni açdığımız bu kluba çoxlu maşınlar gəlir. Dayanacaqda işləmək üçün adam axtarırıq. Qazanc da pis deyil. Məmnuniyyətlə Aslan İsmayılova həmin vakansiyanı təklif edə bilərəm ki, belə işlərdən əl çəksin”.

Sonda  M.Həsənli bildirdi  ki, belə bir narazılığın yaranması “Emre Piliç” şirkətində payçılar arasında erməniləri bildiyindən sonra onlarla əməkdaşlığa son verdiyinə görə yaranıb:

“İşlədiyim, pul qazandırdığım adamın erməni olmasını biləndən sonra, açığı deyim, təşvişə düşdüm. Bu təşvişin bir neçə istiqaməti var idi. Əvvəla mənim neçə illər çörək kəsdiyim, kirvəm məndən belə bir şey gizlətmişdi, bu çox ağır məsələdi. İkinci mənim kimi adama bu ittihamı vura bilərdilər ki, ermənilərlə işləyirəm. Bu mənim ictimai nüfuzuma, iş adamı reputasiyama silinməz bir ləkə ola bilərdi. Sən demə, mən neçə illər odla oynayırmışam. Bundan əlavə, təkcə millət olaraq yox, həm də fərd olaraq erməni vəhşiliyindən faciələr yaşayan, şəhid verən adam üçün erməni ilə hər hansı bir nöqtədə birləşmək, hələ az qala şəriklik etmək bilirsinizmi nədi? Bu dəhşətli bir hisdi… Buna görə də, mən həmin şirkətlə bağlı məlumatları oxuyan günün səhəri gedib bütün əlaqələri dayandırmağı bəyan etmişəm. Açığı bu qərarı verəndə nə borc hayındaydım, nə də bu qərarla nələri itirəcəyimi düşünürdüm… Bu gün cəbhədə vəziyyəti bilirsiz. Elə bu yaxınlarda neçə şəhid verdik, neçə evə od düşdü. Bəlkə o qəhrəmanlarımıza dəyən güllələr bizim cibimizdən çıxıb hansısa yolla, erməni iş adamların vasitəsiylə ötürülən pullarla alınıb? Hamımız bilirik ki, erməni iş adamları pullarını bu sahəyə xərcləməyə meyillidirlər, bunu bir missiya kimi həyata keçirirlər. Bu gün Qərbi Azərbaycanlıları “erməni” adlandıran, Ermənilərlə şərik işləməyi Bakıdan rahat çəkinmədin, heç nə olmamış kimi bəyan edən adamın düşmənlərimizə sayğısını sübut etmək üçün görəsən əlavə nə lazımdır? Bu adam bizə yumurta, ermənilərə də silah verə biləcək adamlardı. Ona görə də, Aslan İsmayılov hansı böhtanları yağdırmasından asılı olmayaraq, erməniylə hər hansı bir əlaqəsi olan şirkətlə, fərdlərlə mübarizə aparmaq, onların ölkəmizdən qazanc əldə etməsinə qarşı çıxmaq həm də bir vətəndaşlıq borcumuzdur. Həm də bir kişilik missiyamız, şəhidlərimizə ehtiram, torpaqlarımıza bağlılıq əlamətidir. Məni bu yolda kim ittiham edirsə, mənimçün o adamın ermənidən fərqi yoxdur”.

Azinforum.az

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın