Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Müharibə epizodları: “Dedi ki, dayı, başına dönüm, məni güllələmə”

Müharibə epizodları: “Dedi ki, dayı, başına dönüm, məni güllələmə”

Əslində bu çox kədərli söhbədir. Söz yox, hamı üçün eyni dərəcədə kədərli olmaya bilər. Doğulduğu torpaqdan didərgin düşənlər üçün isə bu mövzu çox ağrılıdır.

Fəqət ildə-ildə bu mövzuda emosional düşüncələri yazıb camaatı kövrəltməyin yeri yoxdur.

Bu, müharibədir. Üzünə daş yamanmış müharibələrin, lənətə gəlmiş savaşların fitrətində var: gənclər kütləvi şəkildə həlak olur, anaların, bacıların, nişanlı qızların, təzə gəlinlərin sinəsi dağlı qalır, daş üstündə daş qalmır, yüz minlərlə insan bir günün içində evindən qaçır, yad qapılara, çadıra, çovustana sığınır.

Image result for Füzuli rayonu

Füzuli və Cəbrayılın işğalı da o lənətə gəlmiş müharibənin adidən də adi bir epizodudur.

O, bizim üçün ağrılı hadisədir, hazırda Füzulidə oturan erməni zabitləri üçün fərəhli tarixdir, indi bir-birinə “ara, o vaxt buraları necə götürdük” deyə-deyə qürur duyurlar. Moskvada, Vaşinqtonda, Parisdə oturan diplomat həmsədrlər (ATƏT-in Minsk qrupu) üçün isə bütün Qarabağın işğalı müharibə epizodudur.

Onlar bu hadisəyə çox soyuq, olduqca etinasız yanaşa bilirlər. Əlbəttə, onların öz doğulduqları, yaşadıqları şəhər dağılsaydı, düşmən əlinə keçsəydi, bu qədər soyuqqanlı ola bilməzdilər.

Bəlkə də kəndçimiz Əlağanın səngərdə öldürdüyü gənc erməni əsgər sağ olsaydı, o da sinəsinə döyə-döyə qürur duyar, “Pizulini tutanda mən də ordaydım” deyər, erməni dövlətindən medal-mükafat umardı. Yəqin ki, elə olardı.

Ancaq müharibənin qızğın çağında keçmiş əfqan döyüşçüsü, rota komandiri Əlağa da onu və digərlərini gecə vaxtı hücum etdiyi səngər-blindajda qəfildən yaxalamış və soyuqqanlılıqla güllələmişdi.

O, bu hadisəni özü mənə olduqca soyuqqanlı bir şəkildə danışıb. Əlağa deyirdi: “Biz səhərə yaxın blindaja girəndə erməni əsgərlər yatmışdılar, onda ayıldılar ki, gecdir, silahımız başlarına tuşlanıb, biri bizim dildə yalvardı: “Dayı, başına dönüm, məni güllələmə”. Dedim, dayın qurban, vallah, variant yoxdur, müharibədir, cəld tərpənsən, sən məni güllələyərdin”.
Mən bu dəhşətli vəziyyətin mabədi haqqında söhbətin nağıl dili ilə yüyrək olmasını istəyərək soruşmuşdum: “Nə etdin, Əlağa? Güllələdin?” Komandir soyuqqanlı şəkildə cavab vermişdi: “Variant yox idi”.

Müharibənin dəhşətli üzü budur: ölüb-öldürmək seçimi qarşısında qalırsansa, ikincini seçirsən. Kim birincini seçər? Heç kim. Əlbəttə, o yerdə ki, üçüncü variant (əsir götürmək) var, onda başqa cür hərəkət etmək mümkündür.

Bu söhbət oldu, keçdi, amma unudulmadı. Hələ də unudulmayıb. Müharibə görməyən, bir az da humanist qəlbli adamlar düşünə bilərlər ki, bəlkə də özləri bir gəncin “məni öldürmə” deyə yalvarışına biganə qalmaz, öldürməzdilər. Amma çox çətindir. Bilirsən ki, iki saniyə geciksəydin, o silahını qaldıra bilsəydi, gözlərindən nifrət yağa-yağa səni güllələyərdi.

Müharibədə şiddətli şəkildə kütləvi psixoz olur. Çünki bu ölüm-qalım məsələsidir, adamı instinktlər idarə edir və o, instinktlərin ən güclüsü özünüqoruma hissidir.

Image result for əsgər düşmən silah

Əfqanıstan müharibəsinin keçmiş döyüşçüsü Əlağa həmin gecə o əsgərə rəhm etsəydi, necəsə onu salamat buraxsaydı, bu gün onun “Pizulini mən almışam” deyə sinəsinə döydüyünü görəndə, yüz faiz onu sağ buraxdığına peşman olardı, “gərək səni o gecə güllələyəydim, alçaq” deyərdi.

Yəni bu işlərin qaydası budur: amansızlıq edəndə də vicdanın ağrıyır, aman verəndə də.

Biz gərək müharibəyə soyuqqanlı yanaşmağı öyrənək. Müharibə bu cür faciəvi, ağrılı, qanlı-qadalı epizodlarla doludur – özü də başdan-başa. 100 il danışasan, bitməz.

Bu üzdəndir ki, keçmiş döyüşçülər bir yerə düşəndə cəmi bircə mövzuda danışırlar – müharibə mövzusunda. Söhbəti hardan başlasalar belə, gəlib müharibəyə çıxır. Bu, həm də onların aldıqları psixoloji travmanın nəticəsidir.

Yerindən, yurdundan didərgin düşmüş, doğma kəndi, şəhəri işğal olunmuş, bu işğalı yaşamış adamların hamısı psixoloji travma alan şəxslərdir. Onlar bir yerə düşəndə söhbətləri mütləq gəlib kəndlərinə, küçələrinə dirənir.

O günləri görməyən gənc nəsillər fərqlidir. Böyüklər öz psixoloji travmalarının onlara sirayət etməsini istəmirlər. Belə olanda da gənclərdə doğma yurdlara qəribə bir biganəlik yaranır.

Image result for Füzuli rayonu

Əsas məsələ odur ki, işğal günlərində ağlayıb-sızlamağa son verək. Anlayaq ki, işğal da, “yandırılmış torpaqlar” taktikası da, düşməni güllələmək də – hamısı müharibə epizodudur. Güclü olmalısan, çevik tərpənməlisən ki, nə anan ağlamasın, nə də sonradan özün kövrəlməyəsən.

Xalid KAZIMLI

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …