Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Mühacirətdə 5 kitab, 85 məqalə yazan siyasətçi – Foto

Mühacirətdə 5 kitab, 85 məqalə yazan siyasətçi – Foto

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Miryaqub Mirəbdüləziz oğlu Mirmehdizadə 1892-ci ildə Bakının Xırdalan qəsəbəsində doğulub. Moskva Ticarət İnstitutunu bitirib, ardınca Peterburq Politexnik İnstitutunun İqtisad fakultəsində təhsilinə davam edib. 1913-cü ildə Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrin toplantısında iştirak etdiyi üçün həbs edilib, buna görə də institutdan qeydiyyatı silinib. Qısa zaman sonra instituta bərpa edilib, 1915-ci ildə məzun olub. Bir müddət Almaniyanın Bonn şəhərində təhsil alıb.

Miryaqub bəy “İttihad” partiyasının yaradıcılarından olub, Zaqafqaziya Seyminin üzvü seçilib. Azərbaycan Cümhuriyyəti Parlamentinin təsisindən sonra məclis üzvü kimi fəaliyyət göstərib. Onun Azərbaycan tarixində ən böyük xidməti Parisə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində yer almasıdır.

1919-cu il yanvar ayının 6-da hökumət nümayəndə heyətinin üzvlərinə şəhadətnamələr, yanvar ayının 7-də isə heyətin sədri Əlimərdan bəy Topçubaşıya diplomatik pasport verdi. Heyətin sədri Əlimərdan bəy Topçubaşı həmin vaxt İstanbulda fövqəladə səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyi üçün nümayəndə heyəti 1919-cu il yanvar ayının 9-da müavin M.Hacınskinin rəhbərliyi ilə yola düşdü, ayın 14-də Batuma çatdılar. Heyət yanvarın 18-də Gürcüstan və Şimali Qafqaz nümayəndələri ilə birgə Batumdan İstanbula doğru yola düşdülər. Yanvar ayının 20-də nümayəndə heyəti İstanbula çatdı, ayın 22-də Topçubaşının sədrliyi ilə heyətin ilk iclası keçirildi. Heyət aprel ayının 22-də İstanbuldan Parisə doğru yola düşdü, mayın 7-də Parisə yetişdilər.

Miryaqub bəyin Paris həyatı beləcə başlayır.

Nümayəndə heyəti Parisə çatan kimi aktiv fəaliyyətə başladı. Mayın 28-də heyət Azərbaycan Cümhuriyyətinin istiqlalının birinci ildönümündə konfransın əsas lideri ABŞ prezidenti Vudro Vilsonla görüşdülər.

1920-ci il yanvar ayının 10-da Paris Sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada bildirildi ki, Cənubi Qafqazda üç mühüm hadisə baş verir: Birincisi, bolşevik Rusiyasının qoşunları cənub istiqamətində hərəkət edir, ikincisi, geri çəkilən Denikin ordusu bu respublikalara soxula bilər, üçüncüsü, kamalçılar Rusiya ilə razılıq əsasında bu respublikalara müdaxilə edə bilər. Ona görə də Azərbaycan və Gürcüstan de-fakto tanınmalıdır. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi üzrə bu məzmunda bir qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Аzərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”.

Yanvar ayının 15-də Fransa xarici işlər nazirliyinin Baş katibi Jül Kambon Ali Şuranın üzvləri və müttəfiq ölkələrin Azərbaycanı de-fakto tanımaları barədə Paris Sülh konfransının rəsmi qərarını Ə.b.Topçubaşıya təqdim etdilər. Bu tarixi hadisənin iştirakçısı Miryaqub Mirmehdizadə sonralar yazırdı: “Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə dəvət olundu. Orada müsyö Kambon Konfrans admdan hörmət əlaməti olaraq onlara öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar. Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kombon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan ayrılmalarının tanınması ilə müşaiyət olunmalıdır. Buradan çıxış edərək demək olar ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək”.

Beləliklə, Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvar ayının 11-də de-fakto tanındı. Bu tanınmada Miryaqub bəyin də xidməti oldu. 5 mart 1920-ci ildə Azərbaycan hökumətinin verdiyi qərarda bildirilir ki, Qərbi Avropa dövlətlərində xüsusi diplomatik heyətlərin yaradılması ilə bağlı olaraq Paris Diplomatik Missiyası öz təyinat yerinə çatınca hökumətin 28 dekabr 1918-ci il tarixli qərarı ilə Avropaya göndərilmiş Sülh Nümayəndə Heyəti ləğv edilsin.

Lakin bu qərar icra edilə bilmir, nümayəndə heyətinin üzvləri Parisdə mühacirət həyatı yaşamağa məcbur olurlar. Miryaqub bəyin də mühacirət həyatı başlayır.

1926-cı ildə Parisdə Qafqaz İstiqlal Komitəsinin “Prometey” dərgisi çap olunur. Miryaqub bəy bu dərginin yazı heyətində yer alır. O, 1927-ci ildə Rəsulzadənin qurduğu Azərbaycan Milli Mərkəzində təmsil olunur. II Dünya müharibəsi illərinə qədər Miryaqub bəy Avropada Azərbaycanla bağlı qurulan təşkilatlarda, birliklərdə mübarizə aparır, müxtəlif mövzulu konfranslar verir. Müharibədən sonra Türkiyəyə dönür, burada çalışır. Ölümü ilə bağlı yayımlanan nekroloqda onun Türkiyədə qazandığı nüfuzu açıq görünür: “Milli Azərbaycan Cümhuriyyətinin Avropa nümayəndəsi, İstanbul Hərb Akademiyasının rus dili müəllimi, Heybəli Ali Dəniz Məktəbi İqtisad Professoru, Hüquq Doktoru Miryaqub Mehdier 7.11.1949 sabahı infarktdan vəfat etmişdir. Cənazəsi bugün 8.11.1949 tarixinde günorta namazı ərəfəsində Teşvikiyə məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy məzarlığında dəfn ediləcəkdir”.

Miryaqub bəy Parisdə olduğu müddətdə Montpellier Universitetində hüquq üzrə doktorluq işi müdafiə edib. Mühacirətdə beş kitab yazıb: “Sovet rejimi. Qaynaqlar və mahiyyəti” (Paris, 1926), “Beynəlmiləl siyasətdə petrol” (İstanbul, 1928), “Qafqaz problemi” (Paris, 1933), “Beynəlxalq vəziyyət və SSRİ-də milli problem” (Paris, 1934), “Avropa və Asiyada siyasi vəziyyət” (Paris, 1936).

Tədqiqatçı Ömər Özcan Miryaqub bəyin müxtəlif mətbuatda çıxan 85 məqaləsini müəyyənləşdirərək siyahısını hazırlayıb.

Qaynaq:

Özcan Ö. Azerbaycan siyasi önderlerinden Mir Yakup Mehdiyev. AMEA, Xəbərlər. İctimai elmlər seriyası. Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xüsusi buraxılış. №1, 2018
“Azərbaycan Paris Sülh Konfransında” (1919 -1920), tərtibçi V.Quliyev, Bakı, 2008


Müəllif: Dilqəm Əhməd  

  

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …