Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması məcburi köçkünlərin qayıdışına maneə törədir – ANAMA

Minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması məcburi köçkünlərin qayıdışına maneə törədir – ANAMA

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilmiş, və hər il qeyd olunur. Hər bir ölkədə mina və müharibə qalıqları inkişaf və tərəqqiyə ciddi maneə törədir, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükə yaradır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad olundu. Bu ərazidə geniş quruculuq işlərini həyata keçirmək üçün ilk növbədə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır. Sözü gedən işin icrasında aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 saylı fərmanı ilə 1998-ci ildə yaradılmış Agentliyin əsasında yeni statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılmışdır. Agentlik fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Agentlik öz işində beynəlxalq İMAS standartlarına əsaslanır və işin sonunda təmizlənən bütün ərazilərə beynəlxalq səviyyəli sertifikat təqdim edir. ANAMA tərəfindən minatəmizləmə əməliyyatları: əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlərin vasitəsi ilə həyata keçirilir.

İşğaldan azad edilən ərazilərin 30 ilə yaxın düşmən nəzarətində olması bu ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir. Bu torpaqları tərk edərkən, Ermənistan silahlı qüvvələri heç bir qeyd aparmadan və ayırd etmədən əraziləri minalamışdır. Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinın bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …