Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Milyonçu, mafioz-odioz generalların bəraət davası

Milyonçu, mafioz-odioz generalların bəraət davası

Gəlin, əvvəlcə zərərçəkənlərin ifadələrindən parçalarla tanış olaq.

Əhməd Mirzəyev: “Məni MTN-nə çağırdılar, MTN-nin İstinaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyevin otağına apardılar. Məndən 500 min manat pul istədi… Şirkətimə bankdan 300 min dollarlıq kredit xətti açdılar. Ümumilikdə 400 min dollar pul aldılar”; “Qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında məndən 25 min dollar qopardı”;

Müsənnif Salahov: “Martın 27-də məni apardılar Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin yanına. Orada məndən 3 milyon pul istədilər… Bir dəfə 200 min gətirib verdim. 1 həftə sonra qaytarıb verdilər ki, bəs biz ciddi adamlarıq, bu iş 200 minlə düzələn deyil. Mövlam Şıxəliyev Türkiyədədən gələndən sonra 600 min manatın üzərində dayandı. 500 minini aparıb verdim. 1 həftə vaxt verdi ki, 100 minini də verim. Gətirib o pulu da verdim”.

Akif Qurbanov: “Məni Təhsin Ağayevlə Vüsal Ələkbərov apardılar Mövlam Şıxəliyevin yanına…. Sonra apardılar Təhsin Ağayevin yanına, dedi, bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər”; “Sonra Vüsal Ələkbərov gəlib 1 milyon dolları götürüb getdi”.

Elvar Əliyev: “Məni 3 ay MTN-də saxladılar, 1 dəfə də dindirmədilər. Dəfələrlə Mövlam Şıxəliyevin kabinetində olmuşam. 500 min deyiblər, 300 minə düşüblər, axırda da 80 min manat alıb məni buraxıblar”.

Sərdar İsmayılov: “1 konteyner malımı götürüblər. İndiyə qədər 1 konteyner maldan xəbər yoxdur. Mənim malımı öz adamlarına satdırıblar. 405 min dollarlıq malım gedib. 50 min manat və 2 min dollar da Yasin Məmmədov alıb”.

Hüseyn Səfərov: “Məni Mövlam Şıxəlyevin yanına apardılar… Məndən 3 milyon istədilər. Sonradan 1 milyon 650 min dollar aldılar, amma buraxmadılar… Pulum Mövlam Şıxəliyevə çatan kimi məni onun yanına aparıdılar. Tələb etdi ki, 350 mini də azadlıqda olduğum vaxt gətirib verim”.

Əfsəl Həsənəliyev: “100 min manatı mənə vurduqları mənəvi ziyana görə tələb edirəm. 220 min manat isə mənzilimin bazarda satış qiymətidir”.

Bu ifadələr “MTN generallarının işi” adlı apelyasiya məhkəməsində səslənib. Müttəhimlər bəraət istəyirlər. Zərərçəkənlər isə o fikri bölüşmür, deyirlər ki, MTN-çilərə nə qədər iş verirsiniz, verin, amma onlara dəymiş zərər ödənilsin.

Bəs görək bu boyda quldurluq aktlarının əsas siması olan Mövlam Şıxəliyeviin vəkili Ceyhun Yusifov nə deyib?

Vəkil bildirib ki, müvəkkilinin əməlində cinayət sıfıra bərabərdir, Şıxəliyevə məxsus olan və üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN-də idarə rəisi olmazdan əvvəl əldə edib. Vəssalam. Adam Aydan arı, sudan durudur.

Bankdan kredit götürməyə vadar edilən, bu sayədə müflis olan, hər şeyini, topdağıtmaz evlərini itirib Neftçalada vaqonda yaşayan, xəstəlik tapan, evlərini satıb generallara verən, nəticədə özü kirayədə qalan, övladları MTN-də incidildiyi üçün milyonlarını xərac verən adamların əlindən alınan sərvət, varidat hara buxarlanıb, görəsən?

Ümumilikdə bu işdə 36 zərərçəkən var. Bunlar ortaya çıxan və tələb irəli sürən zərərçəkənlərdir. Güman ki, iki-üç o qədər vəzifəli adam, eləcə də iş adamları ortaya çıxmayıb, şikayətçi olmayıblar – adları hallanmasın, karyera və bizneslərinə zərər gəlməsin deyə.

Əslində bu şəxslər güllələnməli idilər – külli miqdarda talançılıq etdiklərinə, dövlətin etibarını zədələdiklərinə, insanları girov götürdüklərinə və sair ağır cinayətlərinə görə. Onların bəxtləri gətirib ki, sovet hökumətinin vaxtında bu iş üstə tutulmayıblar. Hətta onlar bu etdiklərinin onda birini 1988-ci ilə qədər etsəydilər, heç kəs onların gözünün yaşına baxmazdı, divara söykəyib güllələyərdilər, bəlkə heç cəsədlərini yiyələrinə də verməzdilər.

Amma bunlar bu gün məhkəmədə bəraət və mal-mülk davasıı edir, üzə dururlar ki, varidatlarını halal yolla qazanıblar.

Bəzi məhkum olunmuş generalların, məsələn, Akif Çovdarovun var-dövlətinin bir hissəsi özünə geri qaytarılıb deyə bunlar da iştahlanıblar.

Məhkəmə prosesini izlədikcə nədən 2015-ci ildə MTN-in yerli-dibli ləğv olunduğunun sirri açılır. Bu quldur dəstəsinin topdan içəri salınması labüd imiş.

Bunlar dövlətin, millətin təhlükəsizliyini qorumaq əvəzinə poqonlarından istifadə edərək şəxsi varidatlarını artırmaq, milyonçu olmaq istəyiblər və olublar. Hazırda isə bir hiylə-kələklə azadlığa çıxmaq, tapança və qandal gücünə iş adamlarından soyduqları milyonlarla iş qurmaq, oliqarx həyatı yaşamaq istəyirlər.

Tendensiya göstərir ki, onlar bir-iki ilə bu niyyətlərinə çatacaqlar.

Bütün bunlardan xəbər tutandan sonra adam bilmir bu dünyanın ədalətinə sığınsınmı, yoxsa o ədalətə şığısınmı. Musavat.com

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …