Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Milli ideologiya milli dəyərlərimizdir.

Milli ideologiya milli dəyərlərimizdir.

Milli ideologiya hər bir xalqın
özününküləşməyən daşınmaz sərvətidir.

1991-ci ilin səlnaməsində Azərbaycan dövlətinin təkrar müstəqiliyinin qırmızı hərflərlə qeyd olunması milli fədakarlığımızın canlı təzahürü kimi Tanrı qismətiydi.Bu fədakarlıq və əzmkarlıq “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu ilə əbədiləşdi .Şükr!
Rəbbimiz bir daha bizi, dünya müsəlmanlarını-türklərini yad dövlətlərin “qoltuğuna sığınmaq”imtahanına çəkməsin!
Azərbaycan xalqının ələalınmaz iradəsi,tarixi zərurətin və qartımış zamanın möhürlənmiş hökmü ilə”Sovet divarı” dağıdıldı. Bu sədd çökəndən az sonra mən,AXC-nin varisi, libasını dəyişən və yeniləşən müstəqil Azərbaycanın pəncərəsindən dünyaya baxdım…Gözlərimin önündə nəhəng, qəddini düzəldən bir dövlət canlanırdı-Azərbaycan dövləti…”Sovet divarından” o yanda keçmişimiz qalırdı, bu tərəfdə isə təp-təzə ümidlərlə yaşayan Xalq.Məhz, bu xalqın vahidliyi sayəsində dövlətin təməli qoyuldu, demokratik hüquqi dövlət və azad vətəndaş cəmiyyətinin qurulması da canlarını fəda edən qəhrəman oğullarımızın barmaqlarını qanlarına batıraraq ana torpaq üzərində yazdıqları milli ideologiya ilə başa gəldi. Qədrini bilməli və şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.
Yeni Azərbaycançılıq ideologiyası da keçmiş ideologiyanın varisi kimi həmin vaxtdan təşəkkül tapdı…

İdeologiya özü-özlüyündə ictimai həyatın bir qütbü,ideyaların məcmusu,ictimai,siyasi və iqtisadi qruplar isə ictimai həyatın tərkib hissəsidir.İdeologiya milli maraqlara , dövlətçiliyə və xalqa xidmət etməlidir.İdeologiyanın dəyəri də məhz dövlətə və xalqa bağlılığı ilə ölçülür.Necə ki,ölkə prezidenti İlham Əliyev hamıya görk olacaq xitabla:”Mən xalqın xidmətçisiyəm”-deyə müraciət edirsə, digər məmurlar xalqdan ayrı xidmətlərini qura bilməzlər.Amma, çox təəssüf ki,başqa cür davrananlar,vətəndaşlardan “qaçan” məmurlar da var!

Burada müstəqil Azərbaycanın ideoloji konsepsiyasının şərhinə ehtiyac var. Bu konsepsiyanın əsas kriteriyaları dövlət və dövlətçiliyi, xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdan, ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə hər birimizin müqəddəs borcundan-Vətənə sədaqətdən ibarət olur. Patriotizm ruhu dövlətçiliyin ayrılmaz elementi kimi müqəddəsləşir.Mən, bu günümüzə qədər qorunub saxlanılan dilimizi, adət və ənənələrimizi bütövlükdə mənəvi,ümumbəşəri dəyərlərimizi dövlətimizin mühüm,əyilməyən sütunu kimi görürəm.Ümumbəşəri dəyərlərə hörmətlə yanaşma da milli ideologiyamızın ana xəttini təşkil edir,”Pantürkizm”və”Panislamizm”mənaları qarşısında”Milliyyət”,”Beynəlmiləliyyət”və “Müasirlik”kimi dəyərlər qloballaşan dövrümüzlə ayaqlaşan rəmzlərə çevrilir.

Belə nəticəyə gəlmək olar ki, bütün ideologiyalar təcrübədən iqtibas olur və kök atır, onlar həqiqəti əks etdirməklə, ya səhv, ya təhrif edilir, ya da düzgündür.Məzmunundan asılı olaraq, ideologiyalar cəmiyyətin ovqatını əks etdirən insanların sosial həyatına müxtəlif şəkildə təsir edə bilmək gücündə olur. Bu mənada azərbaycançılıq ideologiyası, milli ideoiogiya kimi, cəmiyyət tərəfindən obyektiv reallığa xas dərk edilməli və dövlətin təməlini təşkil edən xalqın vahidliyinin təcəssümünə köklənməlidir.
Azərbaycan xalqının tarixi müqəddəratının müəyyənləşməsində Azərbaycanın geosiyasi mövqeyi, milli ideologiyası mühüm rol oynamışdır. Azərbaycanda tarix boyu müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələr mövcud olmuş,Azərbaycan xalqının təbii-tarixi təşəkkülünün tərkib hissəsi olan ideoloji prosesdə onun hər bir iştirakçısı nadir mədəniyyətin sahibinə çevrilmiş, “Azərbaycanlılar” və “Azərbaycançılıq”, milli ideologiyalar altında qəbul etdiyimiz vahid birliyin özülü qoyulmuş, onun tərkibində aparıcı türk amili ilə yanaşı, ölkəmizdə məskunlaşan bütün millətlərin də yeri bərqərar olmuşdur. Burada başqa məna axtarmağa ehtiyac qalmır.Etnosların tərkib hissələri, onların maddi və mənəvi, mədəniyyət sahəsindəki özünə xas milli ideyaları itmir, sadəcə müəyyən dəyişikliyə məruz qalır, inkişaf edir, inteqrasiyaya uğrayır.Bu istiqamətdə həyata keçirilən düşünülmüş və balanslaşdırılmış dövlət siyasəti nəticəsində müasir Azərbaycan Multikultural dəyərlərin mərkəzinə çevrilmişdir.Diqqət edin:Diplomatik missiyası ilə bağlı yanlış təsəvvürlərə malik bəzi əcnəbi məmurlar Azərbaycana gəlməkdə tərəddüdə qapılsalar da sonralar ölkə Prezidentinə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edirlər.Bax,Milli ideologiya budur…

İdeologiya bir növ təfəkkürdə hadisələrin obyektiv reallıqda dərk edilməsi,həm də qeyd etdiyim kimi müəyyən ideyaların məcmusudur. Bu, özündə düşüncənin məqsədini və gələcəkdə həyatın praktik olaraq dəyişmə proyeksiyasını əhatə edir.Əhali tərəfindən dəstəklənən ideyalar dövlətin də legitimləşməsini asanlaşdırır,dövlət hakimiyyətini gücləndirir. İdeyanın anlayışı isə antik dövrlərdə Demokrit və Platon tərəfindən verilib və mahiyyət etibarilə onu atoma bənzədiblər.
Zənnimcə ölkədə hansı ideologiyanın “hökmranlığından” asılı olmayaraq onun milli maraqları dəyişilməz qalmalıdır.Tarixən xalqın düşüncəli fəaliyyəti, düşüncəli milli ideologiyadan asılı olmuşdur.İdeologiyaya inam cəmiyyətin inkişaf başlanğıcıdır-deyərdim.Cəmiyyətdən kənar isə hər hansı bir ideologiya və müstəqillik ola bilməz.
Kant ideyanı idrakın anlayışı adlandırırdı. Yəni duyumumuzda və idrakımızda müvafiq predmet yoxdursa və onu dərk etmiriksə, deməli predmet də yoxdur.
İdeya immanent (bir şeyin və ya hadisənin öz təbiətinə xas olan daxili səbəbləri) məqsəd daşıdığından ümumi düşüncənin möhkəmləndirilməsi və seçilən ideologiyanın qorunması üçün kütləyə təsir vasitəsidir. “Mən” dünyasını yaratmaq, obyektiv həqiqət, subyektlə obyektin uyğunluğu və yaxud, bir-birinə təsadüf etməsi kimi anlaşılır.
XIX əsrin ortalarında Azərbaycan millətinin formalaşması üçün mühüm şərait yaranmış, cəmiyyətin sosial təbəqələrində əsas dəyişikliklər baş vermiş, yeni sosial qruplar – milli burjuaziya, milli ziyalı təbəqəsi və fəhlə sinfi meydana gəlmişdi. Bu dövrdə Azərbaycan ədəbi dilinin funksional dairəsi genişləndi və milli mətbuat yarandı. Xalqda özünü dərk, özünü təsdiq hissləri inkişaf etdi. Bütün bunlar XX əsrin əvvəlinədək Azərbaycan millətinin formalaşması prosesinin başa çatması ilə nəticələndi. Milli ideologiyanın inkişafına zəmin yaransa da, mühüm əhəmiyyət kəsb edən milli dəyərlərin durumuna mənfi təsir edən amillər də mövcud idi. Belə ki, XX əsrin 40-50-ci illərində Sovet İmperiyası tərəfindən aparılan deportasiya siyasəti nəticəsində qədim Azərbaycan torpaqlarından 100 minlərlə azərbaycanlı Aran bölgələrinə köçürüldü. Əsrlər boyu dağətəyi ətrafda yaşayan bu köçkünlər yeni, coğrafi mühitə uyğunlaşa bilmədikləri üçün (və ya uyğunlaşanadək)onların bir qismi həlak oldu…

Sovet dövrünün sonrakı illərində də milli ideologiya sahəsində kobud əyintilərə yol verildi. 60-cı illərin sonu, 80-ci illərin əvvəllərində Sovet rejiminin hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının etnik inkişafı və azərbaycançılıq ideologiyası üçün geniş perspektivlər açıldı. 1978-ci ildə qəbul edilən Azərbaycan Sovet Konstitusiyasına Azərbaycan dilinə “dövlət dili” statusunun verilməsi haqqında ayrıca maddənin salınması milli dəyərlərin qorunub saxlanılmasına və inkişafına böyük imkanlar açdı. Bəlkə də bu milli ideologiyanın, Azərbaycançılıq ideologiyasının başlanğıc nöqtəsi kimi bütün azərbaycanlıların uğuru idi.Daha doğrusu bu, kibernetik məharətə malik ,geniş demokratik-hüquqi islahatların müəllifi və banisi Böyük Heydər Əliyevin böyük tarixi uğurlarından idi.
1991-ci il oktyabrın 18-də Milli Məclisdə Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edildi.
Müstəqillik illərində Azərbaycan xalqının taleyində özünəqayıdış və özünüdərk meylləri gücləndi. Milli mənlik, milli ideologiya şüurunun inkişafında yeni dövr başlandı. Milli dəyərlərin inkişafı üçün geniş şərait yarandı. Stereotip baxışlara, yeknəsəq fikirlərə son qoyuldu. Bu sahədə fikir müxtəlifliyinin olması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin prinsiplərinə zidd deyildi. Məhz hüquqi və demokratik dövlət kimi Azərbaycanda milli ideologiyanın və dövlətçiliyin inkişafı üçün mühüm addımlar atıldı. Xalqın milli mədəniyyətinə, tarixinə, adət-ənənələrinə dövlət qayğısı artdı. Milli ideologiyanın inkişafına mane olan hallara, milli qarşıdurma cəhdlərinə son qoyuldu. İnsanpərvərlik ideyalarına yad olan ünsürlərin qarşısının alınması və cəmiyyətin mənəvi əsaslarının qorunması dövlətin əsas vəzifələrindən biri kimi möhkəmləndi.
Burada “millət” sözü sözün tək, sonra isə cəm şəklinə çevrilir. Sözün mənası belə yozulur: Əqidə, iman, cəmiyyət, ideya və firqələr. Cəsarətlə deyə bilərəm ki, millət din kimidir. Onu da şəriət kimi uca Allah Özünün elçiləri vasitəsilə bizə bəxş etmişdir. Amma millətlə din arasında fərq ondan ibarətdir ki, millət peyğəmbərə, din isə Allah tərəfindən şəxsə və tayfaya olan nisbətdə verilir. Məs: Hz. Yusif:” Mən Allaha inanmayan və axirəti inkar edən bir tayfanın dinini tərk etdim. Mən ata-babalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe oldum” – deyir.

Qürur doğuran hal ondan ibarətdir ki, Azərbaycançılıq ideyası 1995-ci il müstəqil dövlətin Konstitusiyasının müddəalarında da özünə yer aldı. Ümumbəşəri dəyərlərə söykənən Azərbaycançılıq ideologiyası beynəlxalq təcrübədən faydalanmaqla əsas insan və vətəndaş hüquq və azadlıqlarının təsbit edilməsində, bu dəyərlərin həyata keçirilməsində, təmin edilməsində və bu ideyaların müdafiəsi üçün zəruri olan müvafiq icra mexanizminin yaradılmasında ehtiva edildi.Qeyd etdiklərim də dahi Heydər Əliyevin siyasi və hüquqi bacarığı ilə həllini tapmışdı.
Müstəqil, hüquqi, demokratik və unitar dövlətin Konstitusiyasında azərbaycançılıq ideologiyası insan və vətəndaş hüquq və azadlıqları ilə dünyəviləşir, ölkə hüdudlarından kənara çıxıb sivil ideyalara inteqrasiya olunur, saflığını qorumaqla modernləşir – desəm səhv etmiş olmaram. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nda da bu ideologiya xalqın niyyəti və hakimiyyətin mənbəyi kimi bəyan edilir.Məhz, hər şey xalqın iradəsinə uyğun olmalı, onun sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir.Bu baxımdan Dövlət də azərbaycançılıq ideyalarının inkişafına və müdafiəsinə zəmanət verir.
Azərbaycançılıq ideologiyası vətəndaş cəmiyyətinin bərqərar edilməsində,qanunların aliliyinin təminində, dünyəvi -hüquqi dövlətin qurulmasında və qorunmasında, vətənə sədaqətdə və məhəbbətdə, hamının layiqli həyat səviyyəsinin ədalətli, iqtisadi və sosial qaydalara uyğun təşkilində, dövlət rəmzlərinə hörmətdə, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamada özünü ,məqsəd və məramını təsdiqləyir.
Yaxşılıq etməyə tələsmək, bütün insanlara qarşı şəfqətli, humanist və dözümlü olmaq, güclü olduğumuz halda güc tətbiq etməkdən və silahla hədələməkdən uzaq olmaq,müharibəni rədd etmək(pasifist tərəfdarı olmaq) bağışlamağı bacarmaq, adət və ənənələrimizə, habelə beynəlxalq adətlərə və normalara hörmət etmək, onları qorumaq, həyat və cəmiyyət üçün faydalı olan tövsiyələr azərbaycançılıq ideologiyasının trayektoriyasıdır. Qeyd olunanların gerçək həyata keçirilməsi sağlam elmi islahatlardan – elmlə ağılın vəhdətindən keçir.

Azərbaycan dövlətinin – Azərbaycan xalqının demokratiyaya, istiqlala doğru hərəkət tarixində ümidsizlik məqamları, azərbaycan vətəndaşlarının bəlkə də xəcalət hissilə xatırladığı anlar da olub. Lakin bütün hallarda milli ideologiya xalqımızın yüksək idealları ilə köklənib. Bəzən kövrək olan belə ideologiya unudulsa da, onun bərpası və inkişafı üzrə səylər hər bizimizdə qürur hissi doğurur.
Azərbaycan dövlətçiliyinin inkişafı uzun sürən demokratik bir prosesdir. Azərbaycançılıq ideologiyası və Milli İdeologiya bu prosesin yolçusu,bir bətndən dünyaya gələn əkizlərdir. Hamımızın və yaxud da çoxlarının fikrincə, uzun sürəcək bu proses əbədi davam edə biləcək bir hərəkatdır. Demokratiyanın son və ideal nöqtəsi olmadığı kimi, milli ideologiyanın da sonu yoxdur. O daim hərəkətdə və inkişafdadır.Təki biz yolumuzu azmayaq!
Daha dəqiq desəm, milli ideologiya, istəsək də, istəməsək də xalqın arzusu və ümididir. O hamımız üçündür. Biz bütün Avropaya (bəlkə də bütün dünyaya) sübut edək ki, azadıq və azərbaycançılığa xas ideologiyamız var, müharibədən uzağıq, lakin torpaqlarımızın işğalı ilə barışa bilmərik. Azərbaycan siyasi, dini, ideoloji və iqtisadi azadlığının nümunəsi kimi, beynəlxalq aləmin xəritəsində imzası olan müstəqil ölkə kimi tanınır və ona hörmət edilir-edilməlidir. Azərbaycan xalqı özünün ideologiyasına yeni dünyanın demokratik ideologiyasını və onun inkişafını əlavə edir. Biz anlayırıq ki, istiqlaliyyətimiz Qarabağsız ötüşə bilməz. Bu da azərbaycançılıq və həm də türkçülük, bir az da irəli baxsaq müsəlmançılıq ideologiyalarının məhsuludur və belə də belə olmalıdır.

Dövlət insanlar arasında bağlanmış müqavilədən törəyir(başqa səbəblər də var) və o öz öhdəliklərini ona mənsub olan vətəndaşları ilə yerinə yetirir. Mən deyərdim ki, azərbaycançılıq ideologiyası da Azərbaycan vətəndaşları ilə dövlət arasında olan siyasi,hüquqi bağlılıqdan doğur və bu ideologiya öz bəhrəsini verə bilmədikdə qarşıdurmalara, xaotik hallara şərait yaradıla bilər. Hamımız məsuliyyət daşıyırıq. Bəs nə etməli sualına da Azərbaycan Konstitusiyasında (72 m) cavab var: Hər birimiz dövlət və cəmiyyət qarşısında hüquq və vəzifələrimizdən irəli gələn vəzifələr daşıyırıq. Bu mənada ölkə Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri də yerinə yetirməliyik. Qanunu bilməmək heç birimizi məsuliyyətdən azad etmir. Qənaətimə görə, qeyd etdiklərim hüquqi dövlətin anlamına xas cəhəti və azərbaycançılıq ideologiyasının ana xəttidir.
Bu ideyanın əsas konstitusion vəzifələrə və borclara sadiq qalmaqla cəmiyyəti nə dərəcədə yaxşı tənzimləməsindən keçir. Cəmiyyətin də bu ideyalara bağlılığı şəffaf olmalıdır.
Özümüzün gizli ideyalarımız barədə aşkar danışmaq gərəkdir ki, şəffaflıq olsun. Çünki gizli olanlar sonradan aşkarlanır. Bəzən zəkamıza ildırım kimi çaxan işıq şüasını görməyi və onun arxasınca getməyi bacarmırıq. Lakin bizə məxsus olmuş, sonra isə təkzib etdiyimiz ideyaları başqasından eşidəndə onu az qala möcüzə kimi qəbul edirik.
Dünyanın dərk edilməsi prosesində xalq olaraq yəqin edirik ki, hər hansı bir millətə paxıllıq nadanlıqdır, imitasiya intihara bərabərdir. Başa düşürük ki, taleyimizi özümüz qurmalıyıq. Kainatda Rəbbimizin bizə bəxş etdiyi bərəkətin sayı-hesabı olmasa da, yenə dərk edib yəqin edirik ki, bir qarış halal torpaqda gərgin əmək sərf olunmazsa, ilahi nemətin bircə zərrəsi də ərsəyə gəlməz. Millət kimi özümüzü ideyalarımıza etibar etməliyik…

Şüa hansı nöqtəyə düşməlidirsə, göz qabaqcadan həmin nöqtəyə yönəlir. Azərbaycançılıq ideyası da bizi hansı yola sövq edirsə, həmin yola üz tutaq.Başqa cür də ola bilməz.”Başçımız içimizdən seçilən qıvrım saçlı qara Həbəşi olsa da ona biət etməliyik! “
Azərbaycançılıq ideologiyası hüquqi dövlətin, demokratik cəmiyyətin və prinsiplərin ayrılmaz hissəsidir. Gələcəyimiz, rifahımız və dövlətçilik naminə bu gün nə düşünürüksə, o bizim ideyalarımızdır. Sabahki ideologiya bu gün açıqladığımıza zidd də ola bilər. Bizi başa düşməyənlər də tapılar. Lakin başa düşülməməyi dərd etməyə dəyməz. Axı, Pifaqoru, Sokratı, İsa Peyğəmbəri də kim başa düşdü ki…..? Dahiləri heç vaxt düzgün başa düşməyiblər.Biz, dahi xalqıq!Yetər ki,biz bir-birimizi başa düşək.
Sonda – Çin tarixinin dahi şəxsiyyəti, böyük filosof Konfutsinin: “O yer gözəldir ki, orada insanlara hörmət və məhəbbət, inam və etibar var. Yaşamaq üçün yer seçərkən məhəbbətin və hörmətin, etibarın və inamın hakim olduğu yeri qəbul etməsək, onda biz ağılı hardan və necə toplayarıq?” aforizmi də yerinə düşür.
İnsanlara inanmaq, onlara etibar etmək – bu demokratiyadır. Çünki demokratiya da ideya və ideologiyalardan başlayır.

Şəmsəddin Əliyev,
Azərbaycan Mətbuat Şurasının icraçı katibi

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …