Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Medilux”da ölən xanımın qardaşı prezidentə müraciət etdi

“Medilux”da ölən xanımın qardaşı prezidentə müraciət etdi

Bu il yanvarın 11-də xəbər verdiyimiz kimi, Bakının “Medilux” klinikasında əməliyyat olunan 1967-ci il təvəllüdlü, Tovuz rayonu sakini, Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Qafqaznews.az bildirir ki, vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər.

Biz məsələ ilə bağlı araşdırma aparmağa, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyindən də eskpertiza nəticələrini öyrənməyə çalışdıq. Lakin bizə bildirdilər ki, “ekspertizanın nəticələri müstəntiqə veriləcək”. Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Ceyhun müəllim isə bizə “Baş Pkorurorluqla əlaqə saxlamağı” tövsiyə etdi. Hələlik, bu məsələ ilə bağlı heç bir nəticə yoxdur. Mərhum Təranə Müseyibovanın qohumları da işin yubadıldığını, ölüm hadisəsində günahı olanların məsuliyyətə cəlb olunmadığını vurğulayıblar. Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrah Dilqəm Məhərrəmovun məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, vəfat edən qadının ailəsi və övladları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət ediblər.

Bu gün isə T.Müseyibovanın qardaşı Asif Vaqif oğlu Ağayev bacısının ölümündəki “qaranlıq” məqamların qanuni çərçivədə araşdırılması və ədalətin yerini tapması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. O, bu məktubun surətinin Respublikanın baş prokuroru Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, eləcə də Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin sədri Şakir Musayevə göndərdiyini qeyd edib. A.Ağayevin dövlət başçısına müraciətinin mətnini oxuculara təqdim edirik:

“Cənab Prezident! Azərbaycanda bir çox sahələr kimi, səhiyyə sisteminin yaxşılaşdırılması, xüsusilə də səhiyyədə özəl sektorun inkişafına dəstək vermək naminə bir sıra mühüm addımlar atmısınız.

Sizin rəhbərliyiniz altında, Azərbaycandakı səhiyyə müəssisələri müasir texnologiya ilə təmin olunub, səhiyyə sistemindəki bir çox problemlər aradan qalxıb. Lakin təəssüflər olsun ki, bəzi işbazlar və tibbi savadı, vicdanı olmadığı halda ağ xalat geyib xəstələrə “müştəri” gözü ilə baxan insanlar sizin quruculuğunuz və rəhbərliyiniz altında aparılan bu islahatlara kölgə salırlar.

Siz dəfələrlə öz çıxışlarınızda vurğulamısınız ki, səhiyyə sistemimiz dünya səviyyəsində inkişaf etdirilməli, həkimlər onlara müraciət edən xəstələrin həyatlarına laqeyd yanaşmamalıdır. İnsanlara münasibətdə vicdanlı yanaşma Sizin təbliğ etdiyiniz və öz prezidentlik fəaliyyətinizdə də qoruduğunuz əsas prinsiplərdəndir. Lakin təəssüf ki, Sizin tapşırıqlarınız, təbliğ etdiyiniz prinsiplər heç də həmişə və hər yerdə riayət olunmur. “Medilux” adlı özəl klinikanın cərrahı Dilqəm Məhərəmov iki övlad anası, Təranə Vaqif qızı Müseyibovanın həyatına qıydı, onun övladlarını anasız buraxdı. O, sağlam insanı öz ayaqları ilə “Medilux”a gətirdərək, ordan cənazəsini verdi bizə. Yanvar ayının 9-da deyə-gülə, zarafatlaşaraq klinikaya yola saldığımız bacım Təranə Müseyibovanın səhhəti əməliyyatın səhəri günündə pisləşdi, bir saat sonra xəbər verdilər ki, “xəstəniz dünyasını dəyişib”.

Hörmətli İlham Əliyev cənabları! Təranə Müseyibovanın ölüm səbəbləri hələ də “sirr” olaraq qalır. Klinikadan bildiriblər ki, guya, onun trombu olub. Əgər belə idisə, nə üçün əməliyyata alınırdı? Beləliklə, cərrah Dilqəm Məhərrəmov məsuliyyəti öz üzərindən atmağa çalışır. Hətta bəzi yerlərdə bildirir ki, “mən yuxarı yerlərlə danışmışam, ekspertiza mənim əleyhimə rəy çıxarmayacaq”. Hazırda Nərimanov Rayon Prokurorluğunda olan işin araşdırılması da, ekspertiza nəticələri də gecikir.

Biz Sizin göstərişiniz əsasında bu məsələnin tezliklə aydınlaşacağına, haqq-ədalətin öz yerini tapacağına inanırıq. Möhtərəm dövlət başçısı! Dilqəm Məhərrəmov 48 yaşlı Təranə Müseyibovanı öz səriştəsizliyinə qurban etdi. Mənim heç kimlə, xüsusilə də Dilqəm Məhərrəmovla şəxsi düşmənçiliyim, nifaqım yoxdur. Sadəcə, düşünürəm ki, həkim ucbatından dünyasını dəyişən Təranə Müseyibovanın haqqı yerdə qalmamalıdır.

Cənab İlham Əliyev! Azərbaycan xalqını səriştəsiz və vicdansız həkimlərdən, “Medilux” klinikasının sahibləri kimi işbazlardan xilas edəcəyinizə inanırıq.  Yazıb Sizdən xahiş edirik ki, bu şəxslərin kimliyi və qaranlıq əməlləri araşdırılsın, vicdansız səhiyyə işçilərinin qurbanlarının qanı da yerdə qalmasın. İnanırıq ki, Təranə Müseyibovanın ölümünə görə məsuliyyət daşıyanlar tərəfinizdən lazımi tapşırıqlar verilməklə, öz cəzalarına çatacaqlar”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın