Ana səhifə / Cəmiyyət / Manatı hamam vannasına səpmək, cırmaq hüquqi məsuliyyət yaradırmı?

Manatı hamam vannasına səpmək, cırmaq hüquqi məsuliyyət yaradırmı?

Son vaxtlar sosial şəbəkələrdə, xüsusən də İnstaqramda manatdan oyun kartı kimi istifadə etmək, fokus göstərmək, hamam vannasına, otaqda başına səpmək kimi müxtəlif videolar yayılmaqdadır. Bu videolar bəziləri üçün maraqlı görünsə də, əksəriyyət tərəfindən tənqidlə qarşılanır. Şərhlərdə ölkənin milli valyutası ilə bu cür davranmağın yolverilməz olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl də canlı efirdə veriliş aparan əkiz bacılar, müğənni Sevil-Sevincin manata qarşı təhqiramiz sayılan davranışı geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, bacılar efirə başlayar-başlamaz mahnı oxuyan qızlardan biri operatorun onlara uzatdığı manatı alaraq, cırıb, parçalara bölərək, nümayişkaranə şəkildə yerə atmışdı. Digər bacı isə onun bu hərəkətinin nə dərəcədə yanlış olduğunu əl və göz işarələri ilə göstərməyə çalışsa da, artıq iş-işdən keçmişdi. Milli valyutasına qarşı nümayişkaranə şəkildə edilən bu cür təhqiramiz davranış sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin qarşılanmışdı. Tanınmış ictimaiyyət nümayəndələri, hətta millət vəkilləri qalmaqala öz münasibətlərini bildirmişdi.
Onu da əlavə edək ki, manat Azərbaycanın milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biri, milli rəmzləri sırasındadır. Azərbaycan manatı konstitusiyaya görə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. Beləliklə, manat dövlətin mülkiyyətində olduğu üçün ona qarşı hər hansı təhqiramiz və yaxud xoşagəlməz davranış nümayiş etdirmək dövlət əmlakına zərər vurulması kimi hesab edilə bilər.
Bəs qanunvericilik nə deyir? Ölkənin milli rəmzinə qarşı təhqiramiz davranışlar etmək, qurar kartı kimi oynatmaq, fokus göstərmək hüquqi məsuliyyət yaradırmı?
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Xeyr, çox təəssüf ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Baxmayaraq ki, manat qeyri-rəsmi olaraq ölkəmizin atributudur, amma rəsmi bu cür qanun yoxdur. Buna görə də manata qarşı hər hansı xoşagəlməz davranış məsuliyyət yaratmır. Manat onu cibində gəzdirən şəxsin mülkiyyətindədir. Əlbəttə ki, şəxs onu cıra, harasa yapışdıra da bilər. Faktiki olaraq şəxsin özü maddi itkiyə məruz qalır və bu onun öz şəxsi işidir. Amma düşünürəm ki, manata qarşı hörmətsizlik, sayqısızlıqla bağlı hansısa məsuliyyəti nəzərdə tutmaq olar”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …