Ana səhifə / Cəmiyyət / “Maliyyə yardımı xəbərini hansısa müxalifət saytı yazsaydı…” — İlham Əliyev

“Maliyyə yardımı xəbərini hansısa müxalifət saytı yazsaydı…” — İlham Əliyev

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.

Azinforum.az-ın Trend-ə istinadən məlumatına görə, dövlət başçısı mötəbər mətbu orqanların yalan kampaniyaya qoşulduqlarını deyib:

“Dünyada böhran yaşandığı indiki vəziyyətdə neft hasil edən ölkələr müəyyən çətinliklərlə üzləşiblər. Yenə də xarici mətbuatı izləyərkən görürəm ki, anti-Azərbaycan qüvvələr necə də sevinirlər və uydurmalar yayırlar. Xüsusilə, bu yaxınlarda “Financial Times” qəzeti iki, ya üç məqalə dərc etmişdi. Tamamilə cəfəng mövzuda olan yazılar ki, guya Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardım istəmişdir. Birincisi, bu, yalandır. Biz heç kimdən yardım istəməmişik. Buna ehtiyac yoxdur. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. İkincisi, bu yalan məlumatı əgər Azərbaycanın hər hansı bir müxalifət saytı yazsa idi, buna biz heç fikir verməzdik, təəccüb etməzdik. Amma mötəbər, beynəlxalq aləmdə nüfuzlu mətbu orqan belə yalanları dərc edəndə, əlbəttə ki, sual yaranır: Nə üçün? Yəni, bu məsələni yoxlamaq üçün imkanınızmı olmamışdır? Yəni, bu, bizə qarşı növbəti bir kampaniyadır ki, göstərsinlər, Azərbaycanda hər hansı bir çətin vəziyyət yaranıbdır. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir – istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun”.

İlham Əliyev deyib ki, Azərbaycanda kütləvi etirazların baş verməsi ilə bağlı Qərb mətbuatı yalan məlumatlar yayır:

“İndi sual olunur – bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər? Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdır. Ondan sonra Ermənistanda “Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdir. Yəni, bunu görmürsünüzmü? Azərbaycanda bir gün 150 nəfər unun bahalaşmasına görə etiraz edəndə bunu bunlar hər gün, necə deyərlər, çeynəyirlər və təqdim etmək istəyirlər ki, Azərbaycanda bax, vəziyyət belədir. Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi. Anti-Azərbaycan qüvvələr, bizim inkişafımızı istəməyən, son illər ərzində inkişafımıza paxıllıq edənlər hesab edirlər ki, bax, indi bunlar nə isə əldə edə biləcəklər. Heç bir şey əldə edə bilməyəcəklər. Azərbaycan inamla inkişaf edir. Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi. Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın