Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Məzara qədər birlikdə…- Şəhid qardaşların hekayəsi – VIDEO

Məzara qədər birlikdə…- Şəhid qardaşların hekayəsi – VIDEO

Bəhram və İman Məmmədov qardaşları Vətən Müharibəmizin şəhidləridirlər. Onlar oktyabrın 27-də Xocavənd rayonunun Qırmızı Bazar kəndində gedən qızğın döyüşlərdə şəhadətə ucalıb, noyabrın 2-də torpağa tapşırılıblar. 

– Hər iki oğlum Lerikin Kəlvəz kəndində dünyaya gəlib. İman 1998-ci il sentyabrın 14-də, Bəhram isə 2000-ci il aprelin 18-də doğulub. Biz Bakıya köçdükdən sonra onlar paytaxtda 117 nömrəli məktəbdə təhsillərini davam etdiriblər. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Həştərxana getdilər. Orada universitetin gəmi kapitanlığı fakültəsinə sənədlərini verdilər. Bir il oxuduqdan sonra müəllimlə problem yarandığına görə təhsillərini Samarada davam etdirdilər. Həştərxanda Qazaxıstandan olan müəllimə İmandan Azərbaycan tarixini danışmasını istəmişdi. Oğlum tariximizi danışarkən 20 Yanvar və Xocalı faciələrindən də bəhs etmişdi. Bu zaman müəllimə İmana demişdi: “Səndə bu qədər nifrət varsa, niyə burada təhsil alırsan?!” O da cavab vermişdi ki, ”Bura təhsil almağa gəlmişəm”.


Oğlum evdə bu məsələni mənə danışdı. Dedim, bala, get müəllimənə de ki, SSRİ vaxtı Qorabaçov birinci Qazaxıstanı, sonra Özbəkistanda türkmənləri qırğına verdi. Üçüncü qurban Gürcüstan, dördüncüsü isə Dağıstanda çeçenlər oldu. Və nəhayət 1990-cı ildə Bakı növbəti faciənin qurbanına çevrildi. Bəs sən bir qazax qızı kimi necə dərs verirsən? Orta Asiyadan olanlar, Qafaqazdan gələnlər niyə burada təhsil alırlar?

İman müəlliməyə mən dediklərimi deyib, müəllimə də əsəbiləşib. Bildirib ki, ona qiymət yazmayacaq. Oğlum da cavabında deyib, “yazmırsan, yazma”. Hər iki qardaş çantalarını götürüb otağı tərk ediblər. Çöldə milliyətcə erməni olan müəllim onlara rast gəlib və salamlaşmaq üçün əl uzadıb. İmangilə deyib ki, “mən də Qafqazdanam”. Hər iki qardaş onun əlini geri çeviriblər. Bildiriblər ki, millətimizin qanına əli bulananlara salam vermirlər. Bax bu cür problemlərə görə övladlarım təhsili Samarada bitirdilər. Orada bir il hüquq, daha sonra isə turizm üzrə oxudular.


2019-cu ildə Samarada kafedra müdiri təhsillərini artımaq üçün onları Sankt-Peterburqa göndərmək istəyirdi. Vətəndaşlıq təklif edildi. Ancaq övladlarım bundan imtina etdilər, dedilər, əvvəl Vətənə xidmət, sonra təhsil. Onları razı salmağa çalışdım, amma alınmadı.

Beləliklə, Azərbaycana geri dönən qardaşlar hərbi xidmətə getmək üçün komissarlığa müraciət edir və 10 gün sonra hərbi xidmətə yola düşürlər.

-Təhsillə əlaqədar onların 2020-ci ilin axırına kimi vaxtları var idi. Ancaq oğlanlarım əsgər getmək üçün səbirsizlənirdilər. Buna görə də gözləmədilər,- deyir şəhid atası.- Qusar rayonunda xidmət edirdilər. Artıq 2020-ci il sentyabrın 27-də xəbər tutdum ki, müharibə başlayıb və bunlar cəbhəyə yola düşüblər. İmangil Kürdəmir rayonuna çatmamış onlara yetişdim. Oğlanlarımı orada əkizlər kimi tanıyırdılar. Soruşdular ki, əkizləri deyirsiniz? Dedim, bəli, qardaşları görmək istəyirəm. Orada onları videoya çəkdim və çox doluxsundum. Dedim, hara getsəniz, yanınızda olacağam.


Əsgər qardaşlar oktyabrın 13-ü evə zəng edərək, valideyinlərinə Füzulidə olduqlarını söyləyiblər.

– Dedilər, gəlmək istəyirsinizsə, gəlin. Onlardan soruşduq ki, nə gətirək? Bildirdilər ki, “elə sayda ərzaq gətirin ki, burada biz onu hamıya çatdıra bilək”. Onların heyəti 200 nəfərdən ibarət idi. Mən də gedəndə onların dedikləri kimi etdim.
Görüş zamanı İmanı qolundan tutub qucaqlayanda dedi, ”qolumu əzmişəm”. Sonra bildim ki, əzməyib, yaralanıb. Və qardaşına görə hospitala getməyib.

Hər gün əlaqəmiz olurdu. Özləri də bilirdi ki, mən gecələr yatmıram. Saat neçədə zəng etsəydilər, cavab verirdim. Oktyabrın 27-də bir saatlıq danışığımız oldu. Səhəri günü zəng edəndə əsgər Hüseynov dedi ki, ”əmi, mən yaralıyam, uşaqlar bölüyün yanındadır”. Oktyabrın 28-dən sonra zənglər kəsildi və narahatlıqlar başladı. Noyabrın 1-i əsgər Hüseynovun zəngi gəldi və övladlarımın şəhid olduğunu bildirdi.
Qırmızı Bazardakı yükəksliyi götürməli imişlər. Həmin yerə 50 metr qalmış mühasirəyə düşüblər. Elə bir yer imiş ki, gizlənməyə heç bir imkan olmayıb…


Övladlarının şəhid xəbərini alan ata onların meyitlərini təhvil almaq üçün Füzuliyə üz tutur.
– Füzuliyə çatanda uşaqların nəşinin Beyləqana aparıldığı məlum oldu. Beyləqanda əvvəlcə Bəhramı göstərdilər. Dedilər, İman sağdır. Onda mən müstəntiqə dedim ki, “Siz hələ qardaşlığın nə olduğunu anlamırsınız. Qardaşın biri şəhid olubsa, o biri qalmaz. İman şəhiddirsə, deməli, Bəhram da şəhiddir”. Onların bir-birinə bağlılığı həddindən artıq yüksək idi. Hər iki övladımın şəhid olmasına dözməyəcəyimi düşündükləri üçün hələ İmanı demək istəmirdilər. Ancaq başqa çarə yox idi, hər ikisinin nəşini təhvil verdilər.

Yoldaşımın heç nədən xəbəri yox idi. Onda dedim ki, sən hər nə olsa, hazırsan? Dedi, hə. Dedim, o zaman balalarını qarşıla… Biz onları noyabrın 2-də Binə Şəhidlər Xiyabanında dəfn etdik.


Onları Rusiyadan Vətən həsrəti çəkib bura gətirdi. Füzulidə, Cəbrayılda, Hadrutda döyüşdülər.

Danışırdılar ki, İmanı 3 dəfə vurublar. Üçüncü dəfə vurulanda qardaşı onu bir tərəfə çəkib “jqut”la ayağının birini bağlayıb. Digər ayağını bağlamaq üçün belindən kəmərini açan zaman Bəhramı da ayağından vurublar. Artıq uzanan yerdə atışırmışlar. Bəhram deyib, İmanın səsi gəlmir. Əsgər yoldaşı Əfqan bildirib ki, ola bilsin, şoka düşüb. Bəhram İmanın üstünə atılanda snayper onu da ürəyindən vurub, ikisi də bir yerdə keçinib.

Döyüş yoldaşlarının sözlərinə görə, 44 nəfər mühasirədə qalıb. Onları dörd nəfər – gizir Hüseynov, övladlarım və Təhməzli soyadlı döyüşçü xilas edib.

Bir dəfə də leysan yağırmış, digər tərəfdən də dayanmadan mərmilər tökülürmüş. Əsgərlər yaxınlıqda qaraltı görüblər. Çağıranda həmin qaraltının İman olduğunu və özü ilə yaralı və şəhid daşıdığını biliblər. Döyüş yoldaşları qışqırıb ki, sən nə etmək istəyirsən? Səni də vuracaqlar. İman deyib, “Ölüm haqdır, Allah istəsə, şəhid olacağam, amma yaralıları orada qoya bilmərəm”.

Bu şəhidləri Tanrı Vətən üçün vermişdi, Vətənin yolunda da aldı. Övlad dərdi çətindir, ağırdır. Bu dərd sona kimi gecədək. Bu dərdin içində tək bir şirinlik varsa, o da qələbədir.

Qeyd edək ki, şəhid qardaşlar ölümlərindən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.














Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …