Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Mərkəzi Kəşfiyyat İdarəsinin Gümrü əməliyyatı davam edir? – ARAŞDIRMA

Mərkəzi Kəşfiyyat İdarəsinin Gümrü əməliyyatı davam edir? – ARAŞDIRMA

Aprelin 2-dən bəri Qarabağda Azərbaycan Ordusunun uğurları ilə müşayiət olunan hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası ilə bağlı qəribə şayiələr yayılmağa başlanıb.
“Qazprom” Gümrünün qazını niyə kəsib?

Bəzi Ermənistan KİV Gümrüdəki Rusiya hərbi bazası ətrafında patrul xidmətinin gücləndirildiyini, hətta hərbi texnikanın küçələrə çıxdığını və rus hərbçilərinin ailələrinin Ermənistanı tərk etdiklərini yazıblar. Məlumatda deyilir ki, Rusiyanın “Qazprom” Şirkəti Gümrü şəhərinə təbii qazın verilməsini qəfil dayandırması da şayiələri və panikanı gücləndirib.
“Sputnik” agentliyinin erməni xidmətinin bildirdiyinə görə, şayiələri körükləyən “Qraparak” qəzeti olub. Qəzet Gümrü bazasında rusların özlərini qəribə apardıqlarını, küçələrə hərbi texnika çıxardıqlarını yazıb. Lakin agentliyin müxbiri Gümrüdə olarkən söhbətləşdiyi Karapet adlı taksi sürücüsü belə məlumatları “şayiə” adlandırıb və əlavə edib: “Onsuz da Qarabağa görə əhali çox narahatdır, nəyə lazımdır belə şayiələr yaymaq?..”.
Panikanın artması Gümrü meriyasını da xüsusi açıqlama verməyə məcbur edib. Şəhər rəhbərliyi Rusiya hərbi bazasının küçələrə texnika çıxarmasını təkzib edib. Ancaq meriya Rusiya hərbçilərinin ailə üzvlərinin şəhəri tərk etmələrini inkar etmir. Bildirilir ki, bu, normal haldır, əvvəllər də hərbçilərin ailələri Rusiyaya gedib və qayıdıblar.

Rusiyanın xaricdəki 9 hərbi bazasından biri buradadır…

Gümrü ətrafında şayiələrin təsadüfən yaranması inandırıcı deyil. Sovet dövründə “Leninakan” adlandırılmış Qərbi Azərbaycanın Gümrü şəhəri hazırda da regionun strateji nöqtələrindən biridir. 1837-ci ildə Rusiyanın işğalından sonra qala salınmış bu məntəqə tarixən Türk-İslam dünyası üçün də önəmli olub. 1920-ci il dekabrın 2-3-də məhz bu şəhərdə imzalanmış Gümrü (o dövrdə Aleksandropol) müqaviləsi ilə ərazini erməni-rus birləşmələrindən azad etmiş Türkiyə qoşunları ilə bolşevik Ermənistanı arasındakı sərhəd müəyyənləşdirilmişdir. NATO üzvü olan Türkiyə ilə keçmiş SSRİ sərhədində olması və orada Rusiyanın xaricdəki 9 bazasından birinin yerləşməsi Gümrünün Qərb, ABŞ üçün əhəmiyyətini artırır. Son iki ildə isə Gümrü deyən kimi, 2015-ci ilin yanvarında buradakı Rusiya bazasında xidmət edən rus əsgəri Valeri Permyakov tərəfindən 7 nəfərlik bir erməni ailəsinin bütövlüklə qətlə yetirilməsi və bundan sonra Ermənistanda Rusiya əleyhinə kəskin etirazların baş qaldırması yada düşür…

Qatil rus hərbçisi V.Permyakov radikal sekta üzvü imiş…

2015-ci ilin dekabrında Gümrüdə V.Permyakovun işi ilə bağlı növbəti məhkəmə prosesində qətlə yetirilmiş erməni ailəsinin vəkilləri gözlənilməz faktlar açıqlayıb.Məlum olub ki, V.Permyakov iki ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərən qeyri-ənənəvi dini sektalardan birinin üzvüdür. 7 nəfərlik ailənin qatili satanist (şeytanpərəst) olub və hərbi xidmətə gəlməmişdən az öncə, sosial şəbəkələrin birində “Şeytanla müqavilə” başlıqlı açıqlama yazaraq şeytana olan sevgisini və sadiqliyini bəyan edib.
Rusiyanın bir sıra analitik və yazarları da Rusiya ordusunun qatil əsgəri V.Permyakovun bu qətli xarici xüsusi xidmət orqanlarının sifarişi ilə törətməsini iddia edirlər. Hələlik, bu istiqamətdə ciddi araşdırmalar gedir. Bu iddiaların məntiqi ilə düşünsək, Rusiyanın Gümrüdəki hərbi bazası ətrafında yaranımış şayiələrin yayılması ilə V.Permyakovun erməni ailəsini qətlə yetirməsi arasında görünməz bir əlaqə olduğu görünür. Belə çıxır ki, həmin şayiələrin yayılmasını da hansısa qüdrətli xarici xüsusi xidmət orqanı təşkil edir.

 

Rusların 2044-cü ilədək qalacağı şəhərdə ermənilər ayağa qalxır…

Rusiyalı tanınmış siyasi ekspert və bloger Dmitri Belyayevin qatil rus əsgəri V.Permyakov barədəki araşdırması bu ehtimalı daha da gücləndirir. D.Belyayev Gümrüdəki hərbi hissənin Rusiyanın xaricdəki 9 xarici bazasından biri olduğunu və oradakı rus hərbçilərin 2010-cu ildəki son razılaşmaya əsasən, hələ 2044-cü ilədək qalacağını vurğulamaqla bu məntəqənin NATO və ABŞ üçün əhəmiyyətini diqqətə çatdırır. Və belə bir qərara gəlir ki, rus əsgərinin Gümrüdə törətdiyi kütləvi qətliam birbaşa ABŞ kəşfiyyat orqanlarının, konkret olaraq “SRU”nun(MKİ-Mərkəzi Kəşfiyyat İdarəsi) keçirdiyi xüsusi əməliyyatın tərkib hissəsidir. Həmin qətliamla Ermənistanda Rusiyaya qarşı kütləvi etiraz dalğası yaratmaq və tədricən rus hərbi kontingentinin bu respublikanın ərazisini tərk etməsinə nail olmaq məqsədi güdülür. D.Belyayev qeyd edir ki, 1990-cı illərdən postsovet məkanına nüfuz edən radikal dini sektalardan birinin üzvü olan V.Permyakov 2014-cü ilin dekabrında Ermənistandakı Rusiya bazasına göndərilən 2 500 yeni çağırışçıdan biri kimi Gümrüyə gəlib. Milliyyətcə rus olan bu hərbçinin erməni ailəsini qətlə yetirməsinin məhz “SRU”nun planı əsasında icra olunmasını rusiyalı ekspert bir neçə arqumentlə əsaslandırır:

V.Permyakov niyə NATO üzvü olan Türkiyə sərhədinə qaçıb?

”1.Yeni ildən dərhal sonra – 2015-ci il yanvarın 2-də Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil oldu. Amerikanlar öncədən hər vasitə ilə AİB-in inkişafına əngəl olacaqlarını vəd etmişdilər. Yadımıza salaq ki, 2012-ci ilin dekabrında ovaxtkı dövlət katibi Hillari Klinton ABŞ-ın keçmiş SSRİ ərazisindəki inteqrasiya proseslərinin qarşısını almaq niyyətində olduğunu bəyan etmişdi: “Biz regionun təkrar sovetləşdirilməsi istiqamətində müəyyən hərəkətlilik görürük. Bu, “Gömrük İttifaqı”, Avrasiya İttifaqı kimi adlandırıla bilər. Biz bunun məqsədinin nə olduğunu bilirik. Və bu prosesin ləngidilməsi, yaxud qarşısının alınması üçün effektiv üsullar işləyib-hazırlayırıq…”.
2. Qətldən sonra Permyakov paltarını dəyişib, Türkiyə sərhədi istiqamətinə yollanır. O, ağıldankəm kimi özünü güllələməyib, gizlənməyə cəhd etməyib. Əvəzində, ən yaxın sərhəddə, bizim üçün (Rusiya üçün – S.L.) antaqonist NATO üzvü olan ölkənin sərhədinə yollanıb. Belə bir təəssürat yaranır ki, fərarinin öncədən hazırlanmış planı olub və o, kiminsə tərəfindən yazılmış ssenari əsasında hərəkət edib.

Gümrü qatilinin atasının dostu Hillari Klintonla dostdur?ə

3. Bundan əlavə, məlum olub ki, fərari Permyakov sektant ailəsinin üzvüdür. Onun valideynləri okeanın o tayından “ixrac edilmiş” “kilsə”nin (əslində, sektanın) –“İnam, Ümid, Məhəbbət” kilsəsinin təbliğçiləridirlər…”. Rus ekspert daha sonra yazır ki, Permyakovun atası Pavel Permyakovun kilsəsi Çita vilayətində yerləşən və ABŞ-dan idarə edilən “Qurtuluş İsadadır” kilsəsinin bölməsidir. Həmin kilsə də öz növbəsində, “İncil İnancı Xristianları” adlanan, amma faktiki olaraq “50-lər” sektası olan şəbəkə ilə bağlıdır. Qatil əsgər Permyakovun atası ilə dost olan “İncil İnancı Xristianları” kilsəsinin Çitadakı rəhbəri Aleksandr Qrabovenkonun rəhbərləri isə Amerikadadır. Və ən başlıcası, həmin sektanın üzvlərindən biri də A.Qrabovenko ilə dost olan keçmiş dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintondur… Həmin sektanın tarixi insan psixikasına destruktiv təsir, ailələrinin dağılması, qəlblərin şikəst edilməsi və s. hallarla zəngindir…”.
Beləliklə, rus araşdırmaçının məntqi ilə düşünsək, ABŞ xüsusi xidmət orqanlarının Permyakovla başlatdığı əməliyyatın bu gün də davam etdirilməsinə Qarabağda hərbi-siyasi vəziyyətin gərginləşməsi və hadisələrin Rusiya və Ermənistan əleyhinə inkişafı da real şərait yaradır. Yəni, Amerika iqtisadi böhran içində çapalayan Rusiyaya həssas nöqtələrdən, o cümlədən Gümrü bazası vasitəsilə təzyiq etməklə, ən azı, bu dövlətin Qarabağ problemi üzərindəki təsirini minimum azaltmağa çalışır.

“Rusiya ermənilərin qanını tökər, amma Gümrüdən çıxmaz…”

Hərbi ekspert, keçmiş sovet ordusunun zabiti, I Qarabağ savaşı qazisi polkovnik Nazim Bayram hesab edir ki, Gümrü ətrafında keçmiş və indiki olayların hansı ölkənin kəşfiyyyatı tərəfindən idarə edilmsindən asılı olmayaraq Rusiya rəhbərliyi Ermənistandakı hərbi bazasının itirilməsi ilə, ən azı, hərbi strateji baxımdan razılaşa bilməz. “Gümrüdəki bazada Rusiya MN-in rəsmi məlumatına görə, 5 minə yaxın hərbçi, onlarca zirehli texnika var. Türkiyə ilə sərhəddən cəmi 5-7 km məsafədə yerləşən bu məntəqə NATO ilə rəqabət baxımından, Kreml üçün çox vacibdir. Odur ki, Moskva ermənilərə qarşı silah işlətmək hesabına olsa belə, Gümrüdən çıxmamağa cəhd edəcək. Bunu həm İrəvanda, həm də Vaşinqtonda gözəl bilirlər. Əlbəttə, rus bazasının Qarabağı işğal etmiş ölkənin ərazisindən çıxması Azərbaycan üçün böyük hərbi-siyasi uduş olardı. Amma hesab edirəm ki, Rusiyanın hazırkı hərbi potensialını nəzərə alsaq, bu, yaxın gələcəkdə mümkün deyil…”.

Ermənilər Gümrüyə görə Rusiyadan 1 mlrd. dollar istəyirlər…

O da var ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra, Ermənistan cəmiyyətində Rusiyaya və onun əlaltısı Sarkisyan rejiminə münasibətdə körüklənən aqressiv əhval-ruhiyyə də prosesləri Qərbin xeyrinə yönləndirə bilər. Bu günlərdə Sarkisyanın gözlənilmədən qərbpərəst mövqeyi ilə tanınan Ermənistanın ilk prezidenti L.Ter-Petrosyanla görüşü İrəvan hakimiyyətinin dalana dirənməsinin və ABŞ-a tərəf meyillənməsinin göstəricisidir. Sözsüz ki, Sarkisyan sovet dövründən bəri Kremlin yetişdirdiyi fiqur olduğundan, onun Rusiyaya üsyan edərək, ondan üz çevirəcəyi inandırıcı olmazdı. Lakin Qarabağda fəal hərbi əməliyyatların bərpa olunacağı və yenə də Azərbaycan Ordusunun azadlıq yürüşünün davam edəcəyi, erməni tərəfinin canlı itkilərinin də artacağı təqdirdə, Ermənistanda çaxnaşma yaşanması və Amerikameyilli qüvvələrin hakimiyyəti ələ keçirməsi mümkündür. Bu halda yenə də Gümrüdəki Rusiya bazası hədəfə gələcək…

Növbə Ermənistana çatıb?

Son günlər Ermənistanda yenidən Qarabağ məsələsində “ermənilərdən üz döndərmiş” Rusiyanın bazasının çıxarılması və ya ən azı, həmin bazanın ölkədə yerləşməsi üçün yüksək məbləğ tələb edilməsi barədə təkliflər eşidilir. Aprelin 10-da Ermənistanın tanınmış iraqir. am saytı yazır: ”Ermənistanda daha tez-tez Rusiya qarşısında rasional şərtlər qoymaq barədə çağırışlar eşidilir; məsələn, onun Ermənistandakı bazasının dislokasiyası müqabilində 1 mlrd. dollar ödəniş təyin etmək…”. Məqalənin son abzası daha diqqətçəkicidir: “Analitiklər xatırladır ki, Rusiya Gürcüstan, Ukrayna və Moldovadan qanlı müharibələr törədərək çıxıb. Yoxsa, aprel müharibəsindən sonra erməni prezidentlər növbənin Ermənistana çatması nəticəsinə gəliblər?..”.
Hələlik görünən odur ki, Gümrüdə 7 erməninin qətli ilə başlanan xüsusi əməliyyat hələ bitməyib…

 Sultan Laçın, hafta.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın