Ana səhifə / Cəmiyyət / Məmur oğlu öz obyektinə görə binanın suyunu kəsdi

Məmur oğlu öz obyektinə görə binanın suyunu kəsdi

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 27 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri həmin binanın zirzəmisində yerləşən əyləncə-istirahət mərkəzinə görə susuz qalıb.

Sakinlər virtualaz.org saytının redaksiyasına müraciətlərində bildirib ki, binada kanalizasiya problemi olduğuna görə istirahət mərkəzinin sahibləri günün müəyyən saatlarında suyu ümumi xətdən bağlayır, nəticədə onlar susuz qalır.

Virtualaz.org saytının reportyorları məsələyə aydınlıq gətirmək üçün adıçəkilən ünvana yollanıb.

Binanın komendantı Elnur Hüseynov müxbirimizlə söhbətində bildirdi ki, problem əslində istirahət mərkəzindən yox, kanalizasiya sistemindən qaynaqlanır. Belə ki, binanın kanalizasiya sularının axdığı lyuklar qaydasında olmadığından su bir az çox işlənəndə çirkab su daşır və həmin kanalizasiya suyu zirzəmidə yerləşən “Red and Black” adlı obyektə tökülür, rəhbərlik də bunun qarşısını almaq üçün çıxış yolunu binanın suyunu kəsməkdə görür.

“Həmin obyektin sahibi bizə deyir ki, binanın kanalizasiya sistemini təmir etdirin, özləri də qeyri-qanuni olaraq suyu kəsirlər. İzah edə bilmirik ki, bu iş Abşeron rayon Sukanal İdarəsinin tabeliyindədir, məsələni onlar həll etməlidir. Problemlə bağlı həmin idarəyə, Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etmişik, prezidentə məktub yazmışıq, amma heç bir faydası olmayıb” – deyə E.Hüseynov bildirdi.

Su problem ilə üzləşən bina sakinləri ilə söhbətimizdə isə öyrəndik ki, “Red and Black” adlı bu əyləncə-istirahət mərkəzinin sahibi Abşeron RİH Xırdalan şəhər icra nümayəndəsi Fikrət Məmmədovun oğludur:“Əslində bu obyektin sahibi və orada çalışanlar da istəyir ki, kanalizasiya məsələsi həll olsun, amma buna nail olmaq üçün faktiki heç bir iş görmürlər. Eləcə suyu kəsirlər ki, onların obyektinə kanalizasiya suyu dolmasın. Amma bizim uşaqlarımız məktəbə bu çirkli suyun içi ilə gedir, özümüz də bütün gün üfunətin içində yaşayırıq”.

Sakinlər bizə binanın zirzəmisini, kanalizasiya suyunun axdığı hissəni göstərir. Ora doğrudan da üfunətdən yaxınlaşmaq mümkün deyil. Zirzəmidən nazik şlanqla çıxarılan su həyətə axır. Elə buna görədir ki, biz də ərazidə olduğumuz vaxt ərzində əlimiz burnumuzda gəzdik.

Komendant deyir iki gündür ki, su gəlir, amma problem davamlı olaraq yaşanır: “Keçən il bu vaxtlar da belə idi, indi də belədir. Binanın altındakı obyektin sahibi Fikrət Məmmədov da bura maşın göndərdi. Amma nə qədər su vursalar da, çalışsalar da lyuk açılmadı”.

Şikayətçilər onu da iddia edir ki, sözügedən binanın qarşısındakı bazar – “MegaCity Abşeron”un binası tikilərkən lyuklardan birinin üstü betonlanıb, problem də elə buradan başlayıb. Bunu sakinlərə oradakı iş icraçılarından biri deyib: “Burada 3 kanalizasiya lyuku var. Su idarəsi məftili bu lyukdan salır, kanalı aça bilmir. Gərək o biri başdakı da açılsın. Onun üstü isə bağlıdır. Lyukun hansı hissəyə düşdüyünü öyrənmək üçün sukanal idarəsindən sxem istədik ki, o sxemə əsasən koordinatlarını müəyyən edib üstünü açaq, amma sxem də vermədilər”.

Bu iddiaya aydınlıq gətirmək üçün “MegaCity Abşeron”un rəhbərliyinə müraciət etdik. Rəhbərin özünün burada olmadığını bildirən nümayəndə sakinlərin dediyini təkzib etdi. O, problemlə bağlı yalnız bunu dedi ki, orada ümumiyyətlə kanalizasiya lyuku olmayıb: “Bizim tikinti işlərinə baxan səlahiyyətli nümayəndə ölkədə deyil. Amma məndə olan məlumata görə, orada ümumiyyətlə lyuk olmayıb. Həmin iş icraçısı sakinlər dediyi yerdəki lyuku yox, yaxınlıqdakı “Misir parkı”nın tinindəkini nəzərdə tutur. Onun üstünü isə biz örtməmişik, çünki ora bazarın ərazisi sayılmır. Burada lyuk problemi varsa, onu “Azərsu” həll etməlidir. Biz təklif edirik ki, su idarəsindən mənə işçi və texnika versinlər, sakinlərin hesabına əlavə quyu qazdıraq. Amma bu xahişimizə məhəl qoyulmur”.

Binanın komendantı Elnur Hüseynovla birlikdə Abşeron rayon Sukanal İdarəsinə yollandıq.

İdarənin nə rəisi, nə də digər iki müavini yerində tapılmadığından suallarımızı “qaynar xətt” xidmətinin dispetçeri cavablandırdı: “Bizim “qaynar xətt”ə bu problemlə bağlı zəng daxil olub, biz də həmin kanalizasiya borusunun təmizlənməsi üçün şirkətə kanalizasiya təmizləyən maşın sifariş vermişik. Özüm şəxsən oktyabrın 2-də müraciət məktubu yazmışam, amma hələ cavab gəlməyib. Azərbaycanda cəmi 2-3 belə maşın var, ona görə də hər yerə vaxtında gedib çatdırmır. Kanalizasiya problemi ilə bağlı “qaynar xətt”ə gələn müraciətlər çoxdur. Dediyim kimi, həmin maşınların sayı az olduğundan çatdırıb bütün şikayətlərçilərin problemlərini həll etmək mümkün olmur”.

Binanın komendantı Elnur Hüseynov Abşeron rayon Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov və onun müavinləri ilə görüşə bilmədiyindən telefonla rəis müavini ilə əlaqə saxlayıb təklifini bir daha nəzərə çatdırdı. Rəis müavini Ramiz Xıdırovla söhbətindən sonra o, şikayətçiyə söz verdi ki, günün ikinci yarısı onun təklifini dəyərləndirəcəklər.

Daha sonra problemə Abşeron Rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək üçün şikayətçilərlə birgə RİH-ə yollandıq. Bina sakinlərinin sözlərinə görə, onlar bazar günü icra hakimiyyətinə müraciət edərək şikayətçi kimi qəbula yazılıblar.

RİH-də isə nəzarətçi polis onlara bildirdi ki, hazırda iclas gedir və icra başçısı İradə Gülməmmədovanın qəbul günü deyil: “Sizi ancaq Faiq müəllim qəbul edə bilər. O da iclasdadır, iclas bitsin, ondan sonra qəbul edər”.

Komendant və sakinlər yenidən binanın qarşısına qayıdır. Bir neçə sakin komendanta ənənəvi sualla müraciət edir: su yenə niyə gəlmir?

Məlum olur ki, restoran sahibi binanın suyunu yenə kəsib. Bəs binanı tikən şirkət necə, bu problemlə maraqlanırmı?

Komendant E.Hüseynov deyir ki, bura 2006-cı ildə “R+R” MTK tərəfindən tikilib. Şirkətin rəhbərliyi deyir ki, onlar binanı tikib “Azərsu”ya təhvil verib, heç bir problem olmayıb. Bundan sonra yaranan problemləri bu qurum həll etməlidir: “Rəhbərlik deyir ki, lyuk qazmaq, ya da kanalizasiya təmizləmək üçün lazımi maddi yardım edə bilər, amma digər məsələlər onların səlahiyyətində deyil”.

Problemlə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemi araşdırıb tədbir görəcəklərini bildirdi.

 

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın