Ana səhifə / Cəmiyyət / “Leyla Şıxlinskaya mənə pul təklif etdi”

“Leyla Şıxlinskaya mənə pul təklif etdi”

Bakıda həkim tamahkarlığının və məsuliyyətsizliyinin qurbanı olan gənc qadın həm gələcəyini, həm də ailəsini itirib.

Bu barədə “Qafqazinfo”ya müraciət edən Rəsmiyyə Yusubova bildirib ki, 1988-ci il təvəllüdlü qızı Könül Verdiyeva son baş verənlərdən sonra bir neçə dəfə özünü öldürmək istəyib: “Qızımın ilk uşağı 6 il əvvəl Əzizbəyov adına doğum evində olub. İkinci uşağı isə keçən il oldu və həkim məsuliyyətsizliyinə görə qızım ölümdən döndü. O, birincidən fərqli olaraq doğuşun təbii yolla gerçəkləşməsini istəyib və qeysəriyyə əməliyyatından imtina edib. İlk doğuşu həyata keçirən həkimi Nigar Abdullayeva bunun mümkün olmadığını bildirib. Əzizbəyovda artıq işləmədiyini deyən həkim qızım Könül Verdiyevanı Astoriya tibb məntəqəsinə dəvət edib. Qızım imkanın yaxşı olmadığını bildirib normal doğuş etmək istəsə də, Nigar onu qeysəriyyə əməliyyatı üçün razı salıb. Səhv etmirəmsə, 1050 manat pulu ödədik və qeysəriyyə yolu ilə doğuş həyata keçirildi. Əməliyyata qədər bütün müayinələrin cavabları normal idi. Ancaq qeysəriyyə əməliyyatından sonra qızımda qanaxmalar başladı. Ona dəfələrlə zəng etsək də, bizi arxayın saldı ki, normal haldır. Qızımın vəziyyəti pisləşdiyi üçün dekabr ayında əri xəstəxanaya apardı. Nigar bizə heç nə demədən qızımı yenidən əməliyyata alıb. Ondan sonra günaşırı qızımı “UZİ”yə çağırmağa başladı. Mən bu haldan şübhələndiyim üçün xəstəxanaya getdim. Mənə Amerikaya gedəcəyini və bunun üçün tez-tez çağırıb yoxladığını bildirdi. Bu söhbətin üstündən on gün keçəndən sonra mənə qızımın evindən zəng edib güclü qanaxma olduğunu təcili yardım çağırdıqlarını bildirdilər. 7 saylı klinik xəstəxanaya apardıq. Mən yolda zəng edib məsələni Nigara izah etdim, o, mənə rayonda olduğunu, qızıma baxa bilməyəcəyini dedi. Sonradan bildik ki, Nigar qızımı ikinci dəfə əməliyyata gizli salıb və bu barədə xəstəxanada heç bir qeydiyyat işi aparmayıb. Gətirdiyimiz 7 saylı xəstəxanada əməliyyatın başqa yerdə aparıldığı üçün əvvəlcə razı olmasalar da, sonradan qızımın vəziyyəti pis olduğu üçün qəbul etdilər. Məlum oldu ki, əvvəlki əməliyyatlarda damar yaxşı tikilməyib, açıq qaldığı üçün tez-tez qanaxma verib. Tez əməliyyat etdilər və qadın orqanlarını məcbur götürməli oldular”.

R.Yusubovanın sözlərinə görə, həmin hadisədə xoşbəxtlikdən qızı sağ qurtalsa da, ailə həyatı dağılıb: “Əməliyyatla onun qadın orqanlarını götürdülər. Bu, onun ikinci evliliyi idi və əri evin tək uşağı olduğunu, çox uşaq istədiyini bildirərək qızımdan ayrıldı. Qızım əvvəlki yoldaşından olan qızı və bu yoldaşından olan oğlu ilə tək qaldı. Könülün vəziyyəti ondan sonra daha da pis olmağa başladı, bir neçə dəfə həyatına qəsd etmək istəyib, son anda yetişmişəm”.

Rəsmiyyə Yusubova deyib ki, qızının həkimi Nigar Abdullayeva Leyla Şıxlinskayanın klinikasında işləyib: “Bir dəfə mənə zəng oldu. Dedilər ki, Leyla Şıxlinskaya sizinlə görüşmək istəyir, mən də getdim. Qızımın həkimi Nigarın orada işlədiyini heç bilmirdim. O, məni Nigar Abdullayevaya görə çağırdığını bildirdi və vəkilimin gəlib gəlmədiyini soruşdu. Sonradan da baş verən hadisələrdə Nigarın günahı olmadığını izah etməyə çalışdı. “Damar qabaqda olub, əməliyyatlıq deyil” kimi sözlər dedi. Mənə deyir ki, gəl günahın yarısını 7 saylıda əməliyyatı aparan həkimin üstünə at. Mən də dedim camaata şər ata bilmərəm. Mənim fikrimdən dönmədiyimi gördükdə isə rüşvət təklif elədi. Deyir qızına pul verib kömək edək, razılaşın. Mən qəbul etmədim. Ondan sonra dedi ki, Nigarın da özünə görə adamları var. Belə edirsənsə, sənə verdiyi pulu aparıb onlara verib öz işini qurtaracaq. Sonradan bildim ki, həmin vaxt bizim görüşümüzdə iştirak edən vəkil Kamandar Nəsibov danışıqlarımızı istintaqda istifadə etmək üçün diktafona yazırmış. Nigar indi sənədləri elə düzüb qoşub ki, guya uşaqda problem olub. Ancaq bayaq da qeyd etdim ki, əməliyyatdan əvvəlki bütün müayinələr təmiz çıxıb”.

Könül Verdiyevanın vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı istintaq hərəkətinin aparılmasına hansısa qüvvələr maneə olur, prokurorluq işçiləri isə ona bu işdən əl çəkməsi üçün rüşvət təklif edirlər: “Könül Verdiyeva 2009-cu il martın 5-i birinci dəfə doğuşa gedib: “Əzizbəyov adına 1 nömrəli doğum evində qızı anadan olub. Könülün dediyinə görə normal doğuşa gedə bildiyi halda həkimi Nigar Abdullayeva onu qeysəriyyə əməliyyatı üçün razı salıb. Daha baha başa gəldiyi üçün hazırda çox həkim bu yoldan istifadə edir. Həm də ki, bir dəfə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirdikdə, digər doğuşlar da həmin yolla həyata keçirilir. Onda elə bir problem yaşanmayıb. Daha sonra ikinci evlilikdən hamilə qalan qız yenidən əvvəlki həkimi Nigara zəng edib həm imkan, həm də ailəsinin istəyi ilə normal yolla doğuş həyata keçirmək istəsə də, həkim razı olmur. Nigar onu “Astoriya” klinikasına çağırıb və Könülün doğuş vaxtı noyabra təsadüf etsə də, həkim əməliyyatı 21 oktyabr 2013-cü il üçün təyin edilib. Oktyabrın 24-də evə buraxılıb, daha sonra problemlər başlayıb. Ən sonda dekabr ayında güclü qanaxmayla xəstəxanaya aparılıb və tamam qanunsuz, xəstəxananın xəbəri olmadan qaşıma deyilən bir əməliyyat prosesi aparılıb. Ondan sonra da problemlər bitməyib və 2014-cü ilin yanvarın 17-də 7 saylı xəstəxanaya aparılıb və həkimlər onun biraz da əməliyyat üçün geciksə, öləcəyini deyib. Bu işə görə cinayət işi açılıb və bir dəfə xitam verilib. Həmin cinayət işinin başlanması barədə qərardan biz şikayət etdik və cinayət işi yenidən açıldı. Həmin işi araşdıran müstəntiqlə tanışlıq üçün qəbuluna getdim və bizə 15 min manat pul təklif etdilər. Bununla bağlı baş prokrorluğa şikayət yazdım. Daha sonra Könülün anası Rəsmiyyə xanımı Leyla Şxlinskaya çağırıb. Orada başqa bir vəkil də olub. Onlar şikayətin geri götürülməsini istəyiblər. Son nəticədə onu prokuror dəvət edib deyib ki, boşuna məsələni uzatma, heç nə edə bilməyəcəksən. Bundan sonra cinayət işinə xitam verilib və biz bu qərara şikayət yazmışıq. Biz Nigardan 1 milyon manat təzminat istəmişik, çünki bu hadisə nəticəsində Könül həm cinsiyyət orqanlarından məhrum olub, həm də ailəsi tamam dağılıb, yoldaşı onu atıb gedib. Onun bundan sonra necə yaşayacağı sual altındadır.

Nərimanov məhkəməsi Nigar Abdullayevanın avtomobilinə həbs qoydurdu. Bizdə düzgün əməliyyat edilmədiyinə, tikişin doğru qoyulmadığına dair ekspertizanın rəyi var. Qəribədir ki, ekspertiza da 2 rəy verib. Hüquq-mühafizə orqanlarından başqa rəy verilib, Səhiyyə orqanlarından başqa. Məhz buna görə də cinayət işinə xitam verilməsi rədd olunub və yenidən cinayət işi açılıb”.

Vəkilin sözlərinə görə Nigar Abdullayeva düzgün işləmədiyi üçün “Astoriya” tibb mərkəzindəki işindən azad olunub: “Xəstəxanadan bizə bildirdilər ki, Nigar onların əməkdaşı olmayıb, sadəcə xidmət müqaviləsi ilə işləyib. Leyla Şıxlinskayanın dediyinə görə isə onun xəstəxanasında işləyirmiş. Ancaq bizdə məlumat var ki, hazırda “İnternational” klinikasında işləyir”.

İradə Cavadova deyib ki, yaxın günlərdə Rəsmiyyə Yusubova Yasamal Rayon prokurorluğuna çağırılıb və cinayət işinə xitam verildiyi bildirilib: “Könülün anası bizim ofisdə gəlib bundan öncə 1 dəfə 30-40 dərmanı birdəfəyə içib intihara cəhd etdiyini və buna görə “Semaşko”da yatdığını dedi. Bildirdi ki, prokurorluğun əməllərinə görə yaxın günlərdə məktub yazıb özünü öldürəcək. Biz cinayət işinə xitam verilməsi barədə qərardan Baş Prokurorluğa şikayət etmişik. Hazırda məsələ araşdırılır”.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın