Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / “Kütləvi çıxarış” kampaniyası Qazax və Tovuzda

“Kütləvi çıxarış” kampaniyası Qazax və Tovuzda

Əmlak Məsələləri Dövlət Komitəsinin regionlarda və paytaxtda keçirdiyi “Kütləvi çıxarış” kampaniyasından 06 noyabr 2015-ci il tarixində Qazax və Tovuz sakinləri faydalanıb. Eyni gündə paralel olaraq 2 rayonda keçirilən sosial kampaniyada 180-ə yaxın vətəndaş iştirak edib. Belə ki, “bir pəncərə” prinsipi əsasında 110-a yaxın vətəndaşa dövlət reyestrindən çıxarışlar birbaşa onların ünvanlarında təqdim olunub. 70-dən çox rayon sakini isə ilkin mülkiyyət sənədlərini çıxarışla əvəz olunması üçün təhvil verib.
Komitənin bu sosial tədbirləri dövlət başçısının xidmətlərdə əlçatanlığın, şəffaflığın və rahatlığın təmin olunması barədə verdiyi tapşırıqlara əsasən həyata keçirilir. Mobil ofislər (xüsusi nəqliyyat vasitələri) vasitəsilə təşkil olunan “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini şəhər və rayonlarda, eləcə də, ucqarlarda, mərkəzlərdən uzaq məntəqələrdə vətəndaşların ünvanına çatdırır. Komitənin mobil ofisləri ərazi qeydiyyat idarələrində göstərilən ənənəvi xidmətlərdən idarələrə gələ bilməyən, hərəkət məhdudiyyəti olan insanların da faydalanmasını təmin edir.
Xatırladaq ki, kampaniya çərçivəsində vətəndaşlara həyətyanı torpaq sahələri, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.
Kampaniyada iştirak edən vətəndaşlar, həm də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi məsləhət ala bilir və hüquqi yardımlardan faydalanırlar.
Kampaniya çərçivəsində bir neçə ahıl və fiziki məhdudiyyətli sakinə birbaşa öz evlərindəcə xidmət göstərilib.
Qeyd edək ki, ötən ayın sonundan etibarən “Kütləvi çıxarış” kampaniyası artıq Bakı şəhərində də keçirilməyə başlayıb. Artıq Səbail və Sabunçu rayonlarında yerləşən bir neçə çoxmərtəbəli binadakı mənzil sahibləri kampaniyadan faydalana bilib. Kampaniya regionlarla yanaşı, Bakı şəhərinin bütün rayonları üzrə hazırda da davam etdirilir.
Xatırladaq ki, komitənin mobil ofis xidmətləri ilə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) aylıq xidmət qrafiki yerləşdirilir və hər ay yenilənir. Vətəndaşlar 148 saylı çağrı mərkəzinə müraciət etməklə onları maraqlandıran suallara cavab ala, həmçinin xidmətdən faydalana bilərlər.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın