Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Kadırov Kərbəla adı ilə Goranboya göndərilən 104 yaşlı çeçen qadına kömək etdi

Kadırov Kərbəla adı ilə Goranboya göndərilən 104 yaşlı çeçen qadına kömək etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Kərbəla adı ilə Goranboya göndərilən 104 yaşlı Çeçenistan sakininə kömək edib.

Yəqin yadınışdıq ki, Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Goranboy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib. Bu barədə saytımıza qadına sığınacaq verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat vermişdilər.

Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Goranboyda ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

İctimai birliyin rəhbəri Mehriban Zeynalova saytımıza demişdi ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Goranboya necə gəldiyini xatırlamır.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyib, bildirdiyinə görə sovet dövründə sürgün edilib, övladı olmayıb. “Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik”, – Mədinə Əliyeva özü barədə bunları deyib.

Danışdıqlarına əsasən Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyib ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

Mehriban Zeynalova bildirmişdi ki, Mədinə Əliyeva Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxdığını, lakin 3 qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyir. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğalar oğurlanıb.

“Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini 3 qadın götürüb. Onu Goranboya niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır”, – M.Zeynalova əlavə etmişdi.

M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayon ərazisində yerləşən “Tereza Ana” sığınacağına köçürülüb.

Və budur, yuxarıda qeyd etdiyimiz kimi, yazdıqlarımızın əks-sədası Çeçenistandan gəlib. “Son vaxtlar Rusiya və Azərbaycan KİV-də Çeçenistan sakini Mədinə Əliyevanın Goranboyda küçədə soyuqdan donmuş halda tapılması barədə xəbərlər yayılıb. Bütün məlumatlar bir mənbəyə istinadən yazılıb. Mən dərhal məsələnin dəqiqləşdirilməsi barədə göstəriş verdim.

Azərbaycan DİN əməkdaşları, qadının yerləşdirildiyi “Tereza Ana” sığınacağı və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbərliyi, eləcə də M. Əliyevanın özü ilə söhbətdən sonra məsələyə aydınlıq gətirildi. Hasavyurt rayonunun Osmanyurt və Xasav-Yurt kəndlərində yaşadığını iddia edən qadın bildirir ki, onun heç bir qohumu yoxdur,” – deyə Kadırov Mylistory səhifəsində yazıb.

Çeçenistan rəhbəri həmçinin qeyd edib ki, Osmanyurt kəndinin administrasiyasında qadın barədə heç bir məlumat yoxdur, lakin M. Əliyevanın bu kənddən olması barədə arayışı var.

“Çeçenistan Miqrasiya Xidmətinin məlumatına əsasən, 1914-cü il təvəllüdlü Mədinə Əliyeva Çeçenistanda heç bir sənəd almayıb və burada qeydiyyatda olmayıb. Ola bilsin ki, yaşının çox olması səbəbindən Mədinə Əliyeva harada yaşadığını dəqiq xatırlamır”, – Kadırov əlavə edib.

Ramzan Kadırovun göstərişi ilə Çeçenistan nümayəndələri qadına baş çəkiblər, ona lazımi ərzaq veriblər.

“Bazar ertəsi Rusiya səfirliyinin dəstəyi ilə Mədinə Əliyevanın Azərbaycandan Çeçenistana göndərilməsinə dair məsələ öz həllini tapacaq. Əsas odur ki, M. Əliyevaya hal-hazırda təcili kömək lazımdır. Bu kömək ona göstəriləcək. Onun haradan olması vacib deyil”, – deyə Kadırov fikrini yekunlaşdırıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …