Ana səhifə / Cəmiyyət / Kəramət Böyükçöl ayrıldığı həyat yoldaşına nələri etiraf etdi?

Kəramət Böyükçöl ayrıldığı həyat yoldaşına nələri etiraf etdi?

Həmişə mənə zəng eləyirdin. Mən də sənin zəngini gözləyirdim. Düz 1 ildir ki, mənə zəng vurmursan. Atan dedi ki, qızım sənə nifrət eləyir. Məncə, sən mənə nifrət eləmirsən. Sən böyük bir xəcalət içindəsən. Qarşıma çıxmağa üzün də yoxdu. Mən səni yaxşı tanıyıram. Sən heç vaxt əxlaqsız adam ola bilməzsən. Sənin əxlaqına da bələdəm, mənəviyyatına da bələdəm, istedadına da bələdəm. Sənin bir hekayəni oxumuşdum, faciəni o qədər dəhşətli bir istedadla yazmışdın ki, bütün ağrılarımı, mahiyyətimi, ruhumu duymuşdun. Sən iyrənc bir qadın ola bilməzsən.

Özün də çox yaxşı bilirsən ki, mən də iyrənc kişi deyiləm. Bilirsən ki, özümü adamlara təqdim eləyə bilməmişəm. Divara yumruq vurdum. Niyə? Sən yemək yeməmişdin, ac idin, təzyiqin düşəndə aptekə çaşıb alt paltarı ilə getmişdim. Yolun yarısında ayağıma baxdım, gördüm, lütəm, paltar geyindim. Sən oğlumuzu dünyaya gətirəndə heç kim yanımızda olmadı. Nə qardaşın olmadı, nə atan olmadı, nə anan olmadı. Nə mənim atam olmadı sənin yanında, nə mənim anam olmadı. Xəstəxananın düz qabağında o zibil yeşiyinin yanında mən idim oturub ağlayan. Sən idin mənə zəng eləyən. Səndən başqa heç kimim yoxdu deyən sən idin… Dedilər ki, sən mənə nifrət eləyirsən. İnanmadım. Görünür, mənə çox qəzəblisən.

Bəlkə də, yorulmusan, haldan düşmüsən. Səni o kənddə hansı beyin anlayacaq? Hansı ruh sənlə bacı-qardaş, ər-arvad olacaq? Sənin necə darıxdığını, peşmançılığını, məyusluğunu, məndən başqa heç kim öz ruhunda hiss eləyə bilməz, duya bilməz. Sən mənim ev telefonum idin. Kimlə mən qədər ürəklə dalaşa bilərsən? Kimi mənim qədər ürəklə danlaya bilərsən? Kimin yanında mən qədər azad və rahat ola bilərsən? Gecə saat 3-də kimi yuxudan qaldırıb get, mənə sorma al deyə bilərsən? Kimə mən qədər inana bilərsən? Kimə mən qədər əmin ola bilərsən? Kim sənin oğlunu mən qədər sevə bilər? Kim sizin qapınızda bitən alma ağacına mən qədər hörmət eləyə bilər? Kim sənin mamanın tutmalarını mən qədər guya ləzzət eləyirmiş kimi yeyə bilər? Kim sənə bu qədər gözəl yalanlar danışa bilər? Kim sənin xətrinə evin tavanın yaşıl kraskaya bürüyə bilər? Kraskadan kimin köynəyinə bir damcı ləkə düşə bilər?

Sən kimi o qədər ürəklə danlaya bilərsən? Yağışın altında kim sənə divar hörə bilər? Sən kimə o qədər gözəl baxa bilərsən? Kimi mən qədər bezdirə bilərsən? Kimi mən qədər arxayın görə bilərsən? Heç atana bu ərki eləməzsən. Bütün hallarda səndən üzr istəyirəm. Məndə yorulduğuna görə səndən üzr istəyirəm. Mənim səndə bezdiyimə görə üzr istəyirəm. Gözümdən düşdüyünə görə səndən üzr istəyirəm. Mənim də sənin gözündən düşdüyümə görə səndən üzr istəyirəm. Cocuqluğundan, istedadından, pilləkəndə oturub ötrü ağlamağından, Svetlanadan üzr istəyirəm. Çantanda mənə alıb gətirdiyin pivələrdən, mənə bişirdiyin kükülərdən, dovğalardan, o uzun saçlarından, peşmançılığından, məyusluğundan, dəli kimi sevdiyin bir kişini qəhbələrlə paylaşmağına görə səndən üzr istəyirəm. O aldanış, o məyusluq, o peşmançılıq hissi sənin içində həmişə yaşayacaq.

Sən əxlaqlı qadınsan. Sən yalanı da düz danışırsan. Sənin göz yaşların, sənin darıxmağın, sənin tənhalığın da qeyri-adidi. Səsimi eşitmək istəməməyin, mənlə danışmamağın çox gözəldi, bunu çox yüksək qiymətləndirirəm. Qabağıma çıxmağın, gözlərimin içinə həmişəki kimi baxmağın əxlaqsızlıq olardı. Sən ona görə əxlaqlısan ki, şəhərdə qorxa-qorxa gəzirsən ki, birdən qarşına çıxaram. Bu, çox gözəl bir əxlaqdı, gözəl bir tərbiyədi, böyük bir mənəviyyatdı. Özünü günahkar hiss eləmə, heç vaxt peşmançılıq, məyusluq duyğusu yaşama. Səndən xahiş edirəm, bir az həyasızlaş. Hərdən qarşıma çıx, yavaş-yavaş gözlərimin içinə baxmağı öyrən. Yazdığın romanı davam elə. Sən çox istedadlısan. Səhərlər mənə yazdığın məktubları, kleylədiyin, divara oboy kimi yapışdırdığın kağızlar yadıma düşür. Məncə, sən o kağızların da qabağına çıxma. Özümü ideal zad hesab eləmirəm. Təbii, mənim də səhvlərim çox olub, peşmançılıq duyğusu məndə də var. Amma özün də bilirsən ki, niyyətim heç zaman pis olmayıb. Sən xəcalət hissi keçirməlisən.

Atana-anana deməlisən ki, o, evimizin içində də Barışdan ötrü darıxırdı. Tez uşağı ona çatdırın, birdən ürəyi partlayar. Elə bil qızımdan ötrü ağlayanda barmaqları ilə gözümün yaşını silən sən deyildin. Sənə bütün söz ehtiyatım tükənib. Susmaq, yorulmaq, darıxmaq, bezmək, sənin saçlarını sığallamaq, kitabxanadan oğlumuza ad qoymaq üçün kitab gətirmək, kirayə qaldığımız evlər – hər şey yadımdadır. Məncə, sən əvvəlcə o xatirələrdən utanmalısan. Səni yaddaşınla üz-üzə qoyuram. Arzu eləyirəm ki, bu xarakter, mahiyyət dəyişsin. Elə mənə niftət elə, elə məni pis, alkaş bir adam kimi gör. Elə hesab elə ki, doğrudan da mən səni döymüşəm. Özün üçün başında mənim yumruğumu, şilləmu təsəvvür elə ki, haqlı olasan. Hardansa burnunu soxub bütün yazılarımı oxuyursan, bilirəm. Sənin istedadlna inanıram. Sən böyük qadınsan. Sən çox istedadlı qadınsan, qeyri-adisən. Mən hər şeyi gözəl xatırlayıram, hər şey yaxşı yadımdadı. Yaddaşım ağrıyır. Xarakterimi, xasiyyətimi zədələmisən. Mən də səni incitmişəm. Başını kənddə pomidor şitilləri ilə qatırsan, alma ağaclarına baxırsan, oğluna baxırsan.

Bilirəm, içində mənim onu necə sevdiyimi fikirləşirsən, tez başını yelləyib əleyhimə danışırsan, özünə bəraət qazandırırsan. Onsuz da səni həyatımda istəmirəm. Bu şeyləri ona görə yazmıram ki, barışaq. Sadəcə, mənim oğluma sevgim, sənli xatirələrim, yaddaşım – hər şey sənin həyatına mane olacaq. Mən ölsəm də, xeyri yoxdu, sən xoşbəxt zad olmayacaqsan. Səni döydüyümə görə, şillə-təpiyin altına saldığıma görə üzr istəyirəm. Bu cümləni ona görə yazıram ki, daha çox xəcalət çəkəsən. Bəli, səni döymüşəm, heç qorumamışam, əzazil bir kişi olmuşam. Təki sən haqlı ol.

Kəramət BÖYÜKÇÖL,

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …