Ana səhifə / Cəmiyyət / “Kənardan baxanlar deyir ki, arvadını öldürdü, kişidir bu” – 1 milyon izləyicisi olan Fuad

“Kənardan baxanlar deyir ki, arvadını öldürdü, kişidir bu” – 1 milyon izləyicisi olan Fuad

Məlum olduğu kimi, bu yaxınlarda yutubun CEO-su Susan Voyçiski kanalının abunə sayı 1 milyona çatdığı üçün azərbaycanlı gəncə təbrik məktubu göndərərək ona uğurlar arzulayıb. Söhbət maarifləndirici ZehinX, ОпытХ, ZihinX, SabioX kimi məşhur yutub kanallarının yaradıcısı Fuad Əliyevdən gedir. 

Uzun illərdir xaricdə yaşayan Fuad Əliyevin TEDxBHOS konfransındakı çıxışı üçün ölkəmizdə olduğunu öyrəndik. Fürsətdən istifadə edib həm çıxışını izləmək, həm də onunla söhbətləşmək məqsədilə “Qafqazinfo” olaraq Bakı Ali Neft məktəbində təşkil olunmuş konfransa yollandıq. 

Konfransın ilk çıxışçısı olan Fuad istər həyatından misal çəkdiyi qısa hekayələr, istərsə də musiqi və digər bacarıqları ilə izləyiciləri təəccübləndirməyi bacardı. Sadəcə onu deyə bilərəm ki, o, ölkədə qonaq olan xarici ulduzlardan sonra vətəndaşların ən çox şəkil çəkdirmək istədiyi ikinci şəxs ola bilər.

Müsahibimi bir müddətlik pərəstişkarlarının gözündən yayındırıb onunla söhbətə başlayırıq:

– TEDx səhnəsi necə idi?

– Açığı, səhnədə bacardığım qədər insanları təəccübləndirməyə çalışırdım. Bir növ başqa tərəflərimi göstərmək istəyirdim. Reputasiyası çox yüksək olduğu üçün TEDx-ə çıxışçı kimi dəvət alanda sevinmişdim, insanda fəxr hissi yaradır. Ancaq sonradan bilmişəm ki, əslində ötən il də dəvət olunmuşam. Sadəcə mesajı görmədiyim üçün xəbərim olmayıb. 

– Bu yaxınlarda 1 milyonluq aboneçiyə görə yutub şirkətindən sizə ünvanlanmış təbriklə gündəmə gəldiz. Bəs bu kanalları yaratmaq fikri necə yaranıb?

– Bu qədər səs küy yaradacağını, izləyicisi çox olacağını gözləmirdim. Sadəcə hobbi kimi başlamışdım. İstədim insanlara yararlı olum və hər dəfə Azərbaycana qayıdanda görüm ki, nəsə irəliləyiş var. Sürətlə yayılmağa başladı və böyüdü. Bəzi insanlar mənə deyirdi ki, bu kontentlər Azərbaycan səviyyəsi üçün deyil, digər dillərə də tərcümə etmək lazımdır. 

Sırf alternativ olaraq təklif maraqlı gəldi və rus, türk, ispan kimi bir çox dildə kanallar açdım. Elə oldu ki, rus və türk kanalları gözlədiyimdən daha çox böyüdü, hazırda ən az abunəçi elə Azərbaycan kanalındadır. Türk kanalında 320 min, rus kanalında 1 milyon 30 min, ispan kanalında 140 min, Azərbaycan kanalında isə 96 min abunəçi var. 

Mətnləri mən yazıram, səsləndirirəm. Komandam tərəfindən dillərə tərcümə olunub hazırlanır. 

Bir müddət sonra bu fəaliyyətimin vaxtımın böyük hissəsini aldığını, şəxsi həyatıma, işimə mənfi təsirinin olduğunu gördüm. Ona görə bir nöqtədə fasilə verdim. Çünki əvvəldə dediyim kimi bu, sadəcə mənim hobbi kimi başladığım bir məşğuliyyətim idi. Bundan başqa, öz işim və vaxt ayırmalı olduğum ailəm var.

– Hamı sizə Zehinx kimi tanıyır. Bəs əsl peşəniz nədir?

– Data analizi sahəsində öz şirkətim var. Digital marketinq kampaniyalarının data analizini aparırıq. Şirkətim İrlandiyadadır, ancaq Azərbaycanda da var. Kanalların heç birini gəlir üçün açmamışam. İndiyə kimi heç biri üçün reklam götürməmişəm. Fikirləşmişəm ki, Azərbaycan dilində heç vaxt reklam götürməyim. Ancaq nə vaxtsa, fikrim dəyişə də bilər. Məsələn, artıq rus və türk dilləri üçün reklam götürməyi düşünürəm. Heç olmasa, özü-özünü saxlasın, cibimdən pul xərcləməyim. Hazırda elə bir güclü iş getməsə də, xarici dildəki kanallar gəlirlidir. Bu da kənardan passiv bir gəlirdir. 

– Uğurun sirri videoları ilə yanaşı, “başqası nə deyər?” başlıqlı insanları daha rahat yaşamağa həvəsləndirən videolarınız da var. Elə TEDx çıxışınızda da bacarığa yiyələnmək üçün insanları komplekslərdən azad olmağa çağırdınız. Xaricdə yaşayan bir azərbaycanlı olaraq kənardan öz yaşıdlarınız necə görünür?

– Hər ölkənin, hər millətin müəyyən seqmentdə olan insanları var. Sadəcə olaraq faiz nisbətləri müxtəlif ola bilər. Azərbaycanda intellektual kəsim olan insanların yaxşı baxmadığı zümrə ki var, bu, İrlandiyada da belədir, İngiltərədə də, digər ölkələrdə də. Qıraqdan baxanda onu görürəm ki, ölkəmiz ağıl cəhətdən həddən artıq potensiallıdır. Sadəcə olaraq məlumat azdır. Dilimiz imkan vermir ki, dünyada olan məlumat bazasını əldə edək. Bir də öyrənmək məsələsi var ki, bu aşağı yaşlardan uşaqlara düzgün öyrədilmir. Ancaq bizim millət istər İQ, istərsə də fırıldaq gəlmək cəhətdən kifayət qədər üstündür. Bu, böyük potensial deməkdir. Gənclərdə sürətli inkişaf var və özləri özlərinə şərait qurmağa çalışırlar. Bircə bizdə olmayan birlikdəlik necəsə yerini tutsa, insanlar bir-birini aşağı çəkmək yerinə daha çox dəstək olsa, məncə, ikinci İsrail ola bilərik. 

– Belə bir fikir var ki, uğur qazanmış gənclərin çoxu ölkəni tərk edir və fəaliyyətlərini ölkə kənarında davam etdirirlər. Buna səbəb nədir? Niyə Fuad Əliyev bu gün xaricdə yaşayır və oradan ölkəsi üçün nəsə etməyə çalışır?

– Etiraf etməliyik ki, gənclər üçün şərait başqa ölkələrdəki qədər yoxdur. Ölkənin kifayət qədər üstünlükləri də var, mənfi tərəfləri də. İnsanlarda xarici ölkəyə getmək xəyalı da olur. Elə bilirlər ki, xaricə gedən kimi, çamadanlarla pulu açıb onları gözləyirlər. Onsuz da ölkəsində özünə yer tuta bilməyən insan xaricdə də tuta bilmir. Adi öz işimdən misal göstərə bilərəm ki, Azərbaycanda “PayPal” ödəniş sistemində müəyyən məhdudiyyətlər var. Bu, əslində ciddi bir şeydir. Bunun kimi çox xırda faktorlar var ki, adamı başqa ölkədə müasir bizneslə məşğul olmağa vadar edir. Xarici ölkədə təhsil almaq dünyagörüşünə müsbət təsir edir. Xarici ölkədə təhsil deyəndə Azərbaycandan kənarda nəzərdə tutmuram. İrland da başqa ölkədə təhsil ala bilər. Azərbaycanda bir qədər kim nə deyər düşüncəsi, basqılar da var. Gənclər başqa ölkədə öz ayaqları üstündə, daha azad yaşayan zaman rahatlıq tapır və elə orada qalmaq istəyir. Mən elə deyiləm. 

– İnsanlar nədənsə iş həyatına atıldıqdan sonra bədii desək, yaşamağı unudurlar. Siz bütün bu işlərinizlə yanaşı, həm də mahnı oxumağı, bitbox-la məşğul olmağı sevirsiz.

– Əslində ölkədə əylənməyi sevən kifayət qədər insan var. Ancaq birinci növbədə ailə basqısı, daha sonra qıraqdan necə görünər düşüncəsi ilə bunu içlərində boğmağa məcbur olurlar. Tanıdığım o qədər insan var ki, dövlət işinə girdikdən sonra ancaq kostyumda gəzir. Hətta gülmürlər belə. Kim ki beynində kompleksləri qıra bilir, dünyaya bir dəfə gəldiyini anlayır, o insanlar mühitdən asılı olmayaraq həyatlarını yaşamağı bacarırlar.

– Çıxışınız zamanı öyrəndik ki, bir zaman hamının maraqla axtardığı “mındar dönər” səhifəsinin admini də elə siz olmusuz.

– Bəli, hər kəs fərqli insan gözləyirdi, ancaq Zehinx kimi tanınan adam olaraq etiraf edirəm ki, o səhifənin də idarəçisi olmuşam. Bunlar tam absurd işlərdir. Heç kimin ağlına gəlməzdi ki, o insan mənəm. Ancaq məqsədim o idi ki, bununla beyinlərdəki stereotipləri qırım.

– “Vodofone” şirkətinin meneceri Emin Quliyev də xaricdə yaşayan məşhur gənclərimizdəndir. Ötən illərdə evlilik üçün ölkəmizə gəlmişdi, ancaq bəzi şişirdilmiş adət-ənənələri görüb yüksək qiymətlərdən şikayətlənmişdi.

– Bu, artıq adət-ənənə deyil, sadəcə insanın göstəriş ilə öz içərisindəki eqonu tətmin etməsidir. Adətləri ucuz da etmək olar, baha da. Mən adətlərimizə əla baxıram, xoşum da gəlir. Xınayaxdı da olsun, heyif ki, oğlanlar iştirak edə bilmir. Nişanı, toyu, qoyun aparmağı hamısı bizim mədəniyyətimizdir, niyə görə itirməliyik? Sadəcə kimsə pulunun bol olduğunu və yaxud bəhsəbəs girib geri qalmadığını göstərmək istəyirsə, artıq başqa məsələ. Mən özüm də burada evlənmişəm, kifayət qədər də bütün adət-ənənələrə riayət etməyə çalışmışıq. 

Həyat yoldaşının çıxışını izləməyə gələn xanımı Fəridə Ələkbərli söhbətin bu yerində bizə qoşulur:

– Əsas olan sevgi və hörmətdir.

– Fəridə xanım, Fuad bəy çıxışında özünün müxtəlif insanlar üçün müxtəlif cür göründüyündən bəhs etdi. Bəs həyat yoldaşı onu necə görür?

– Mənim üçün Fuad çox dəyərli biridir. Hərtərəflidir. Ona baxanda həmişə demişəm ki, yaxşı ki, o olub. İnsanlara əlindən gələn köməyi etməyə çalışır. Biz ikimiz də eyni qrupda oxumuşuq, artıq 10 ildən çoxdur ki, onu tanıyıram. 

– Bayaq şikayətlənirdi ki, işləri hədsiz çoxdur. Bəs şəxsi həyatına vaxt ayıra bilir?

– Narazılığım yoxdur. Bəlkə də əksinə olsaydı xoşuma gəlməzdi. Fikirləşirəm ki, kişi nə qədər çox çalışsa, həm özü, həm də ailəsi üçün daha yaxşıdır. Xaricdə yaşamaq üçün mühitə öyrəşmək şərtdir. Bunun üçün də ya iş, ya təhsil almaq yaxşı olar. Hazırda övladım balaca olduğu üçün işləmirəm. Hüquqşünaslıq fakültəsini bitirmişəm, feysbukda işləmişəm.

– Hazırda ölkədə gündəm bir qədər ağırdır. Xüsusilə gənc ailələrdə ərlərin həyat yoldaşını bıçaqlaması, zorakılıq əməlləri tez-tez gündəmə gəlir. Bir gənc ailə olaraq problemi nədə görürsüz?

– Bir şeyi müşahidə etmişəm ki, ölkəmizdə, Türkiyədə elə bilirlər ki, xaricdə qadına qarşı zorakılıq halları olmur. Ancaq İrlandiyanın özündə də bu kimi xəbərləri tez-tez oxuyuruq. Mənə görə, kimliyindən asılı olmayaraq bu kimi əməllərin kökündə cahillik dayanır.

– Fəridəyə qatılıram mən də. Məsələnin kökündə geridəqalmışlıq, cahillik durur. Hətta haqq verənlər də olur ki, yəqin nəsə edib, əri də vurub. Əgər yoldaşını vuracaq dərəcədə bir şey yaşanıbsa, onda ayrıl. Qətlə yetirəndə də ayrılmırsan? Ayrılırsan. Sadəcə kənardan baxanlar deyir ki, kişidir bu, nəyəsə görə qətlə yetirdi. Əslində sadəcə söhbətlə həll olunacaq bir şeydir.

– Son olaraq, uğurun sirri nədədir?

– Xüsusi bir formula yoxdur. Ancaq əsas hissə hərəkət etməkdir. Kimlər ki, fikirləşir və hərəkət edir, onlar uğur qazanır.

– Bəs bir əldə neçə qarpız tutmaq olar?

– Mütləq ki, bir. Mən bu təcrübədən çox keçmişəm, axırı pis olub.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …