Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərov oğlunu Milli Məclisə göndərir?

Kəmaləddin Heydərov oğlunu Milli Məclisə göndərir?

Prezident İlham Əliyev bir neçə gün əvvəl 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin.

Qeyd edək ki, ötən il noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edilib. Həmin dairədən seçilən namizəd isə Azəriqaz Bankın (AGB) rəhbəri Çingiz Əsədullayev idi. Əvvəllər də bitərəf namizəd kimi Milli Məclisin deputatı Çingiz Əsədullayevin adı sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətlərdə olan şəxs kimi çəkilirdi. MTN ətrafında baş verən hadisələr Eldar Mahmudovun vəzifədən azad edilməsi və bu qurumda olan olan bir çox rəhbər şəxsin həbsi, qurumun isə ləğv edilərək Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması ilə ilə nəticələndi. Həmin vaxt Çingiz Əsədullayevin də Eldar Mahmudovla müəyyən maliyyə əməliyyatlarında olması barədə mətbuatda məlumatlat yer aldı. Eldar Mahmudovla yaxınlığını, dost olduğunu gizlətməyən Çingiz Əsədullayevin isə  seçkidə qalib olduğu elan edilsə də, seçkidən 10 gün sonra sözügedən dairənin nəticələri ləğv edildi.

Beləliklə, Azərbaycanda boş qalan yeganə mandat yeri 90 saylı Ağdaş seçki dairəsi oldu. Bir çoxları səbirsizliklə bu dairədə təkrar seçkinin təyin olunmasını gözləyirdi. Çünki xarici və daxili siyasətdə kataklizmlər dövründə keçirilən  son parlament seçkilərində bir çoxları baş vermiş proseslər nəticəsində mandat almaq hüququndan məhrum olmuşdu.

Prezidentin təkrar seçkinin təyini ilə bağlı sərəncamından sonra isə son mandat yeri uğrunda çalışanlar hərəkətə keçib. Bu sırada bir çox namizədlərin adı çəkilir. Məsələn, bir neçə çağırış Milli Məclisin deputatı olmuş, son seçkilərdə isə madat ala bilməyən Ümid partiyasının sədri İqbal Ağzadənin də Ağdaş Seçki Dairəsindəki təkrar seçkilərdə namizədliyini irəli sürəcəyi bildirilir.

İcra başçısı təqdim edir: “Tale Heydərov – bizim yeni deputatımız”

kemal

Xural.com-a daxil olan informasiyada isə bu mandata daha sürpriz namizədin sahib olacağı bildirilir. Belə ki, 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürəcək namizədlərdən biri də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Hakimiyyətdə təmsil olunan kifayət qədər güclü fiqurlardan olan və hakim ailə ilə yaxınlığı ilə seçilən Kəmaləddin Heydərov artıq oğlunu deputat olması ilə bağlı ciddi hərəkətə keçirib. Hətta nazir oğlunun artıq qeyri-rəsmi təbliğat kampaniyasına başladığı da bildirilir.  Belə ki, Ağdaş artıq 4 ildir ki, qeyri-rəsmi olaraq Kəmaləddin Heydərovun kurasiyasında olan rayonlardandır. 2012-ci ildə Ağdaşa təyin olunan, əslən Qəbələdən olan icra başçısı Tofiq İbrahimov da Kəmaləddin Heydərovun yaxın qohumlarındandır. Elə Tale Heydərovun qeyri-rəsmi təbliğat kampaniyası da məhz icra başçısı Tofiq İbrahimov tərəfindən təşkil edilir. Belə ki, bir neçə gün əvvəl Ağdaşda şəhid hərbçinin dəfnində iştirak edən icra başçısı Tofiq İbrahimovun yanında Tale Heydərov da olub. Yas mərasimində və bir çox yerlərdə icra başçısı Tale Heydərovu “bizim yeni deputatımız” kimi təqdim edib. Rayon əhalisi arasında aparılan təbliğatda da Tale Heydərovun artıq deputat seçilməsi ilə bağlı yüksək səviyyədə qərar verildiyi barədə ictimai rəy yaradılır.

Yada salaq ki, hələ parlament seçkilərindən əvvəl bir çox nazirlərin və hökumətdə təmsil olunan şəxslərin övladlarının parlamentdə təmsil olunacağı ilə bağlı məlumatlar yayılmışdı. Bu sırada, Tale Heydərovla yanaşı, Ziya Məmmədovun oğlu Anar Məmmədov və digərlərini də adı vardı.

Oliqarxiyanın “bala-deputat” arzuları gerçəkləşir

fettah

Ancaq 2015-ci il iyul ayının 6-da hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri (konkret olaraq Siyavuş Novruzov) tərəfindən ölkə başçısının qızı Leyla Əliyevanın parlament seçkilərində namizəd olacağı açıqlandı. Bir gün sonra isə Heydər Əliyev Fondu tərəfindən bu məlumat təkzib edilərək, Leyla Əliyevanın namizəd olmayacağı vurğulandı. Bu təkzib açıqlaması isə digər vəzifəli şəxslərə də mesaj oldu və övladlarının parlamentdə təmsil olunmasını arzu edən nazir və nazirkimilər məcburiyytədən bu sevdadan əl çəkməli oldular.

Təkrar seçki təyin olunmuş 90 saylı Ağdaş Seçki Dairəsi isə bu arzuların reallaşması istiqamətində növbəti 5 il üçün hələlik yeganə və son şansdır.

Daxil olan məlumatlarda o da qeyd olunur ki, bu yer uğrunda mübarizəyə qoşulmaq istəyən çox sayda “akula” olub. Lakin bir çoxları “gözü çıxmış qardaşlarını” (Fərhad Əliyev, Ziya Məmmədov) nəzərə alaraq, Kəmaləddin Heydərovla kəllə-kəlləyə gəlməkdən çəkindikləri üçün namizədliklərini verməkdən vaz keçiblər.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Tale Kəmaləddin oğlu Heydərov Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri “Qəbələ” idman klubunun prezidentidir. O, həm də atasının biznes imperiyasına – “Gilan” holdingə rəhbərlik edir.

Tale Heydərov Azərbaycan Milli Məclisinə təyin olunsa, bu, Azərbaycan parlamentinin tarixində nəvə-babanın yer aldığı ilk nümunə olacaq. Xatırladaq ki, Tale Heydərovun babası, Kəmaləddin Heydərovun atası Fəttah Heydərov da Qəbələdən deputatdır. (Xural.com)

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın