Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist evakuasiya məsələsində yol polisinə qalib gəldi

Jurnalist evakuasiya məsələsində yol polisinə qalib gəldi

Məhkəmə jurnalistin informasiya sorğusuna cavab verməyən DYP-nin hərəkətsizliyini qanun pozuntusu kimi tanıyıb
Jurnalistin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddiası üzrə məhkəmə yekunlaşıb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılıb. Bu barədə Avtosfer.az-a danışan jurnalist Xalid Vahidoğlunun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova 12 iyun 2014-cü il tarixli informasiya sorğusu ilə müraciət edib: «Həmin vaxt paytaxt ərazisində avtomobillərin kütləvi şəkildə evakuasiyası həyata keçirilirdi. Bu səbəbdən də araşdırma aparmaq qərarına gəldim və bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verərək idarədən ötən ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasını pozan neçə avtomobilin cərimə meydançasına aparılması, avtomobillərin cərimə meydançasına aparılmasını hansı şirkətlərin həyata keçirməsi və bu şirkətlərin necə seçilməsi, dayanma-durma qaydalarını pozduğuna görə evakuatorla cərimə meydançasına gətirilən avtomobilin sürücüsünün cərimələnməsi qaydasının digər qayda pozuntularına görə cərimələnmədən fərqli tətbiqi, nə üçün cərimə meydançasında sürücülərin cərimələri ödəməsi üçün pos-terminallar qoyulmaması, həmçinin ödənişlərin nəğd alınması və ötən ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasının pozulmasına görə neçə sürücünün cərimələnməsi və bu qayda pozuntularına görə nə qədər vəsait toplanması ilə bağlı məlumatların təqdim olunmasını xahiş etdim. Amma Baş Dövlət Yol Polisi İdarəsinə verdiyim 5 sualdan ibarət informasiya sorğusuna 16 gün sonra, yəni 28 iyun 2014-cü il tarixdə bir cümləlik cavab yazılıb ki, sorğu cavablandırılması üçün Bakı şəhər DYP-yə göndərilib. Bu cavab isə poçt vasitəsilə 18 gündən sonra, yəni 15 iyul 2014-cü il tarixdə çatdırılıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 31 iyul 2014-cü il tarixli 9/YP-12058 məktubunda isə sorğuda göstərilmiş sualların geniş və ətraflı cavablandırılmasının təmin olunacağının bildirildiyi məktub aldım.

Həmin cavabı isə tam 5 ay gözlədim. Sonda hər hansı cavab ala bilmədiyimi görüb, məhkəməyə müraciət etdim. Düşünürəm ki, bizə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I bəndi (hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var) və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununun 2.1-ci 2.2-ci, 2.3.2-ci, 6-cı, 7.1-ci, 10.1-ci və 24.1-ci maddəsinin tələbləri pozulub. İddiada Baş Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2014-cü il tarixli informasiya sorğusunun baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilməsinin qanunsuz hesab edilməsini, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2014-cü il tarixli informasiya sorğusuna qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verməməsinin pozuntu kimi tanınmasını və 12 iyun 2014-cü il tarixli informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə həvalə olunmasını tələb etdik».
X.Vahidoğlunun sözlərinə görə, məhkəmə proseslərinə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri iştirak etməyib: «Məhkəmə dəfələrlə bildiriş göndərsə də, idarədən verilən rəsmi cavabda məhkəmə proseslərində iştirakın idarənin əməkdaşına həvalə edildiyi göstərilib. Amma məhkəmədə iştirak həvalə olunan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı (həmin məktubları əldə edib dərc etməyə çalışacağıq) sonadək proseslərə qatılmayıb. Məhkəmə prosesində ancaq Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi iştirak edib. Tərəfləri dinləyən məhkəmə sonda qərarı elae edib. Məhkəmə jurnalistin informasiya sorğusuna cavab verməyən dövlət orqanının hərəkətsizliyini qanun pozuntusu kimi tanıyıb. İnformasiya sorğusuna tam, hərtərəfli cavablandırılması vəzifəsini DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə həvalə edib. İndi gözləyək ki, avtomobillərin evakuasiyasından nə qədər vəsait əldə olunması, avtomobilləri evakuasiya edən şirkətin necə seçilməsini məhkəmə qərarından sonra ictimaiyyətə açıqlayacaqlarmı?».

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …

Bir cavab yazın