Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / İslamda vahid dini mərkəz islahatı – Məkkə Vatikan kimi müstəqil statusda…

İslamda vahid dini mərkəz islahatı – Məkkə Vatikan kimi müstəqil statusda…

“Təcili şəkildə bu tələbə bütün müsəlman ölkələrini qoşmaq lazımdır”
Samir Adıgözəlli: “Bütün müsəlman ölkələri həmin xüsusi statuslu şəhərin təşkil edilməsində əlindən gələn köməyi göstərəcək”
Bu il Həcc ziyarətində müxtəlif səbəblərdən 1000-ə yaxın zəvvarın həlak olması Məkkədə görülən təhlükəsizlik tədbirlərinin səviyyəsini yenidən gündəmə gətirib. Mina faciəsindən sonra Türkiyədən bu ölkəyə şok təklif səsləndirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini ziyarət zamanı Məkkədə təhlükəsizlik yönündə ciddi çatışmazlıqların olduğunu deyib. Mehmet Əli Şahin Həcc ziyarətinin təşkilatçılığının Türkiyəyə verilməsini təklif edib.
Mina faciəsindən sonra İranın paytaxtı Tehranda Səudiyyə Ərəbistanına qarşı etirazlar səngimək bilmir. İnsidentdən hiddətlənmiş yüzlərlə paytaxt sakini Krallığın Tehrandakı səfirliyi qarşısına toplaşaraq qəzəb nümayiş etdirib. Əl-Səud ailəsi və rəsmi Ər-Riyada lənətlər yağdıran izdiham bu ərəb ölkəsinin səfirliyinin qapadılmasını tələb edib.
Yaranmış açınacaqlı vəziyyətdən çıxış yolları ilə bağlı rəngarəng təkliflər səsləndirilir. Bəziləri ölkələrə verilən həcc kvotasının azaldılmasını tələb edir. Sosial şəbəkələrdə Məkkə şəhərinə Vatikan dövləti kimi müstəqil dini mərkəz statusunun verilməsinə dair müzakirələr səngimək bilmir. Bu, problemdən çıxış yolu ola bilərmi?
Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, Məkkəyə xüsusi statusun verilməsi olduqca gözəl ideyadır:
“Elə şəhərlər və ya məkanlar var ki, onu heç bir dövlət özününküləşdirə bilməz. Məkkə İslam dininin müqəddəs şəhərlərindən sayılır. Dinimizdə Həcc ziyarəti vacib əməllərdən biri kimi buyurulub. Bu səbəbdən də bütün müsəlmanlar oranı ziyarət etmək istəyir. Hazırda Məkkə şəhəri Səudiyyə Ərəbistanının ərazisində yerləşir. Tarixə baxsaq görərik ki, bir neçə yüzillik ora nəzarəti Osmanlı İmperiyası həyata keçirib. Son hadisələr bir daha göstərdi ki, Səudiyyə hakimiyyəti ora yalnız mənfəət obyekti kimi baxır. İnsanların təhlükəsizliyi onlar üçün sonuncu yerdə dayanır. Artıq davamlı şəkildə insanları ziyarət zamanı ölməsi müşahidə edilir. Həcc mövsümündən böyük gəlirlər əldə edilir. Həmin pullar müqəddəs şəhərə xüsusi statusun verilməsinə və onun idarə edilməsinə tam imkan verər.
Vatikan təcrübəsində biz bunu görürük. Məkkənin imkanları istənilən istiqamətə görə bundan da çoxdur. Eyni zamanda, bütün müsəlman ölkələri həmin xüsusi statuslu şəhərin təşkil edilməsində əlindən gələn köməyi göstərəcək. Təcili şəkildə bu tələbə bütün müsəlman ölkələrini qoşmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın