Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İşdən qovulan diplomat: “Səfir virtual katibə saxlayıb ayda 2700 dollar maaş yazırdı”

İşdən qovulan diplomat: “Səfir virtual katibə saxlayıb ayda 2700 dollar maaş yazırdı”

Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənovun ətrafında XİN-in mətbuata yaydığı müəmmalarla dolu bəyanatla başlayan qalmaqal qızışıb.

Virtualaz.org saytı xəbər verir ki, XİN tərəfindən daxili nizamnaməni pozmaqda, mətbuata xidməti sənədləri göndərməkdə və ölkənin siyasi rəhbərliyinə qarşı çağırışlar etməkdə günahlandırılan diplomat danışıb və əslində qalmaqalın nədən başladığını açıqlayıb.

Anar Həsənov “Azadlıq” radiosuna açıqlamasında deyib ki, əslində Avstraliyadakı səfirlikdə hökm sürən korrupsiya faktları haqda Bakıdakı rəsmi orqanları məlumatlandırdığı üçün işdən qovulub və təqib edilir.

Xəbər verildiyi kimi, ötən şənbə günü Azərbaycan XİN bəyanatla çıxış edərək Anar Həsənovun “KİV-lərə göndərdiyi məktubda yer alan saxta ittihamlar” barədə bəhs edib.

Diplomatın peşə etikası normalarını və XİN-in daxili nizamnaməsini pozduğu üçün geri çağırıldığını açıqlayıb. Lakin bəyanatdan heç cür aydın olmurdu ki, Anar Həsənov həmin məktubu və iddia edilən xidməti sənədləri hansı KİV-lərə göndərib.

Həmçinin həmin sənədlərdə nədən bəhs edilir və diplomatın irəli sürdüyü ittihamlar nədən ibarətdir. Çünki bu bəyanat yayılana qədər KİV-lərdən heç biri XİN-in daha bir qiyamçı əməkdaşı barədə heç nə yazmamışdı və onun bəhs edilən məktubunu dərc etməmişdi.

Anar Həsənov isə bu bəyanatın və onun Avstraliya hökumətindın siyasi sığınacaq istədiyinə dair xəbərlərin ardınca açıqlama verərək deyib ki, səfir Rövşən Cəmşidovun və səfirliyin maliyyə müşavirinin maliyyə maxinasiyaları barədə faktları rəsmi orqanlara göndərib.

Əvəzində isə diplomatik xidmətdən qovulub. Həmçinin A.Həsənov deyib ki, Avstraliyadan siyasi sığınacaq istədiyi haqda deyilənlər doğru deyil.

“Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar”– deyə keçmiş diplomat bildirib.

O deyir ki, Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktları barədə bu ilin iyulun 7-də Bakıda dövlət orqanlarına məlumat göndərib: “Prezident Administrasiyasından və Ombudsmandan cavab gəldi ki, qeyd etdiyim faktlar araşdırılacaq. Amma araşdırılmaq əvəzinə xarici işlər nazirinin əmri ilə xidmətdən geri çağrıldım. Xanımım hamilə olduğu və tayyarədə uçmasına həkimlər icazə vermədiyi üçün Bakıya dönə bilməmişik. Ona görə bu bahalı ölkədə yalnız yerli qeyri-hökumət təşkilatlarının yardımlarının ümidinə yaşaya bilirik”.

Keçmiş diplomat onun Avstraliya hökumətindən siyasi sığınacaq istəməsi barədə yayılan məlumatların da yalan olduğunu deyir: “İftiranı o dərəcəyə çatdırıblar ki, guya mən ölkənin siyasi rəhbərliyini ittiham etmişəm. Əslində isə mən cənab prezidenti dəstəkləyirəm, onun ictimaiyyəti korrupsiya ilə mübarizəyə, dövlət orqanlarını məlumatlandırmağa səsləyən çağırışına əməl etmiş, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin əlbir olaraq dövlət büdcəsini mənimsəmələri ilə bağlı faktları üzə çıxartmışam”.

O ki qaldı səfirlikdə korrupsiya barədə ittihamlara, keçmiş diplomat bunları deyir: “Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar. Bundan başqa, mühasib diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişib. Daha sonra guya yerli qəzetlərə elanlar çapı üçün pullar ödənib”.

Xatırladaq ki, bundan əvvəl Hesablama Palatası qiyamçı səfir Arif Məmmədovun rəhbərliyi dövründə Azərbaycanın Avropa Şurası yanındakı daimi missiyasında yol verilmiş korrupsiya hallarına dair faktları üzə çıxarıb.

Həmin faktlar əsasında cinayət işi qaldırılıb. Azərbaycanın xaricdəki diplomatik missiyalarında maliyyə pozuntularına yol verildiyi bundan əvvəl da açıqlanmışdı.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın