Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İşdən çıxarılan Əməkdar artist: “Kirayədə qalıram…”

İşdən çıxarılan Əməkdar artist: “Kirayədə qalıram…”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov işdən çıxarılmasına münasibət bildirib.

Tanınmış aktyor AzVision.az-a açıqlamasında deyib ki, günahı olmadığı halda işdən çıxarılması haqsızlıqdır.
“Bu məsələni qabartmaq istəmirdim. Madam ki, onlar özləri yaydılar, mən də açıb hər şeyi deyəcəyəm. Teatr mənim işdən çıxarılmağıma don geyindirir ki, guya iş davamiyyətini ardıcıl pozuram. Ancaq reallıq elə deyil. Çox nizam-intizamlı, məsuliyyətli insanam. Bütün Respublika məni tanıyır, işlərim göz qabağındadır. Sadəcə rəhbərlik işçisini sevməyəndə bəhanə tapmaq onun üçün çətin deyil. Bütün bunlar hamısı yalançı səbəblərdir”.

İ.Hüseynov işdən çıxarımasına görə, teatrın rəhbəri Azərpaşa Nemətovu günahlandırıb.

“Teatrın rəhbəri Azərpaşa Nemətov bura gəldiyi gündən məni görən gözü yoxdur. Səbəbini də bilmirəm. Mənə öz münasibətini açıq deyib ki, səni görən gözüm yoxdur, tanımıram, tanımaq da istəmirəm. Məni öz komanadasında görmür, görmək stəmir. Bu səbəbdən də həmişə təzyiq altında saxlayıb. Rəhbər insanı sevməyəndə işləmək çətin olur.

Yetərincə məsuliyyətli insanam. İşə bəzən gəlməməyimin səbəbi odur ki, yayda çanaq oynağımın dəyişidirilməsi ilə əlaqədar ağır əməliyyat keçirtmişəm. Bununla əlaqədar altı ay yarım bülletendə olmuşam. Ancaq bülletendə olmağıma baxmayaraq, tamaşa olanda gəlib oynamışam. Kütləvi tədbirlərə gələndə başa düşmək olardı ki, səhhətimlə bağlı bu işlərdə aktiv iştirak edə bilmirəm. Bütün bunların hamısı bəhanələrdir. Çox haqsız və ağ yalandır. Qərəzli şəkildə işdən çıxarılmışam”.

Hazırda işsiz qalan aktyor ikinci dəfə əməliyyat olunacağını və işdən çıxarılmasının ona böyük zərbə olduğunu deyib.

“Yayda çəkildiyim “Vicdan haqqı” serialı bitəcək. Bəs mən ondan sonra nə edəcəyəm? Teatr aktyorun əsas iş yeridir. Kirayə qalan adamam, görün, mənə nə qədər çətinlik yaratdılar. Yazda ikinci dəfə digər ayağımdan əməliyyat olunacağam. Aktyoru başa düşmək, halına yanmaq vacibdir. Teatrdan çıxarma bəhanələrindən biri də odur ki, guya yaxşı gəzə bilmirəm, axsayıram. Bu, qeyri-insani münasibətdir. Həmkarlarım mənə dəstək oldular. Azərpaşa Nemətova zənglər edildi, ancaq heç kimi saymadı. Dedi, mən onunla işləmirəm, vəssalam”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …