Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / İranda “Eldar Mahmudov araşdırması” – İsrail və Səudiyyə əleyhinə fakt axtarışı, ya…

İranda “Eldar Mahmudov araşdırması” – İsrail və Səudiyyə əleyhinə fakt axtarışı, ya…

İran Xarici İşlər Nazirliyi Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq. Bu barədə məlumatı İranın rəsmi İRNA xəbər agentliyi yayıb. Məlumata görə, bu barədə mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama verib.
Mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri qeyd edib ki, kütləvi informasiya vasitələrində Azərbaycanın sabiq nazirinin Qafqazda vəhhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılıb. Jurnalist XİN rəsmisinə bunun İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb. Suala cavab verən Hüseyn Cabir Ansari bu məsələnin araşdırılacağını bildirib: “Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.
Prezident İlham Əliyev ötən il oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. E.Mahmudov vəzifəsindən azad edildikdən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Aparılan araşdırmalar zamanı məlum oldu ki, yüksək rütbəli məmurlar uzun müddətdir sahibkarlara qarşı cinayət törədib.
Göründüyü kimi, ləğv edilən MTN rəhbərliyi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları hazırda ciddi araşdırmalar aparır. Belə olan təqdirdə, başqa bir dövlətin Azərbaycanın sabiq naziri ilə bağlı hansısa araşdırmanı aparması nə deməkdir? Ola bilərmi ki, İran təbii düşmənləri olan İsrail və Səudiyyə Ərəbistanına qarşı Eldar Mahmudovun timsalında ifşaedici fakt ələ keçirməyə çalışsın?
Politoloq Qabil Hüseynli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yolverilməzdir:

“İran üzərindən sanksiyalar götürüləndən sonra yenə də özünü bölgənin ağası kimi aparmağa cəhd edir. Qoluzorluluq əlamətlərini ortaya qoyur. Məlumdur ki, istənilən ölkənin hansısa məsələni gizli və ya açıq araşdırmaq səlahiyyəti var. İran da onu maraqlandıran vəhhabi məsələsini öz gizli servisləri vasitəsilə araşdıra bilərdi. Əminəm ki, bunu edir də. Ancaq açıq məzmunda belə bir bəyanatla çıxış etmək siyasi təkəbbürdən başqa bir şey deyil.
Qeyd edim ki, belə bir bəyanatla İranın ən yüksək post tutan rəsmilərindən biri çıxış edir. Bu, başqa ölkənin daxili işinə kobud müdaxilədir. Mənə elə gəlir ki, yaxın qonşuluq münasibətlərini qorumaq istəyən dövlətin rəsmiləri bu tip qıcıq verən bəyanatla çıxış etməməlidir. Eldar Mahmudov və onun rəhbərlik etdiyi nazirliklə bağlı bütün məsələləri Azərbaycanın öz qurumları araşdırır və əminik ki, məsələyə obyektiv hüquqi qiymət veriləcək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın