Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İran Bərzanini vətəndaş müharibəsilə təhdid etdi – Təhlil

İran Bərzanini vətəndaş müharibəsilə təhdid etdi – Təhlil

“İraq Kürdüstan bölgəsində Təlabaninin partiyası ilə yaxşı əlaqələrimiz var, ancaq Bərzani ilə yox. Kürdüstan Bölgəsinin mərkəzi İraq hökumətindən ayrılmasına üzülürük. Çünki Bərzani hökuməti sionistlərlə, ABŞ-la əməkdaşlıq edir”. 

Bu sözləri İran dini lideri ayətullah Əli Xameneyinin ali hərbi müşaviri general Yəhya Rəhim Səfəvi bildirib.

Səfəvini bu qədər qəzəbləndirən Səudiyyə Ərəbistanının Şimali İraqdakı konsulluğunun İrandakı bəzi terrorçu qrupları rəsmi Tehrana qarşı silahlandırması faktının aşkarlanmasıdır.

Konsulluğun bu cür qeyri-qanuni fəaliyyətinə Ərbilin şərait yaratdığını düşünən general, Bərzaniyə ağır günlərini yada salmağı məsləhət görüb:“Bərzaninin partiyası Səudiyyə Ərəbistanı konsulluğunun inqilab (İran) əleyhdarı güclərə silah ötürməsinə icazə verir. Onları xəbərdar edirik. Bilməlidirlər ki, İrana çox şey borcludurlar.  Unutmasınlar ki, İraq kürdlərinin yarısı ari irqdən gəlir və kökən etibarilə iranlı sayılırlar. Buna baxmayaraq, bu siyasi oyunun içinə girəcəkləri təqdirdə, İran onlardan öz kömək əlini çəkməli olacaq”.

Səfəvinin Bərzaniyə bu cür barmaq silkələməsi Ərbildən təsirsiz ötüşməyib. Açıqlamanı təhdid kimi qəbul edən muxtariyyət hökuməti İran generalına bəyanatla cavab verib. Rəsmi bəyanatda İŞİD-ə qarşı mübarizədə dünyanın bir çox ölkələri kimi İrandan da ciddi dəstək aldıqları etiraf edilib və buna görə Tehrana təşəkkür bildirilib. Bununla belə, Səfəvinin təhdiddolu fikirlərini qəbul etməyin mümkünsüzlüyü də Terhanın nəzərinə çatdırılıb: “Bu cür təhdidlər daha əvvəl də Yəhya Rəhim Səfəvi kimilərin dilindən səslənib. Odur ki, belə sərt üslublara bir sərhəd qoyulmasını istəyirik. Kürdüstan muxtariyyəti bu cür rəftarı əsla qəbul etməməkdədir. İran İslam Respublikası rəhbərlərinə ortaya çıxacaq hər hansı problemin rəsmi dairələrdə müzakirəsinin lüzumluluğunu bir daha xatırladırıq. Dostluq münasibətlərimizin davamı üçün bu cür məsələlərin media üzərindən gündəmə gətirilməsini, qətiyyən, uyğun görmürük”.

İran generalının kifayət qədər sərt açıqlamasına xeyli yumşaq cavab verilməsi rəsmi Ərbilin təhdiddən çəkindiyini ortaya qoyur. Bəs, görəsən, Ərbili bu qədər təmkinli olmağa vadar edən nədir? Ümumiyyətlə, Tehran “Bərzani bizə borcludur” deyəndə nəyi nəzərdə tutur?

birakuji

Rəsmi Ərbil İranın təhdidini İŞİD-ə qarşı mübarizədə verilən dəstəyin baş qaxıncı kimi təqdim etsə də, əslində mesajın daha dərin qatları var. Zira İran İŞİD-ə qarşı mübarizədə kürd muxtariyyətindən daha çox, mərkəzi İraq hökumətinə dəstək verir. Üstəlik, İran İslam İnqilabı Keşikçiləri korpusunun təlim və təchizatıyla yaradılmış Haşdi Şabi qüvvələrinin İŞİD-ə qarşı apardığı mübarizə ən çox Tehranın mənafeyinə xidmət edir. Tehran İraqdan və Suriyadan sonra növbənin İrana gələcəyini düşündüyündən, yaxın gələcəkdə öz baş ağrısına çevriləcək problemləri sərhədlərindən kənarda zərərsizləşdirməyə çalışır. Bunu İran rəsmiləri də dəfələrlə etiraf edib. Odur ki, öz ölkəsinin sabitliyi üçün proflaktik tədbirlər xarakteri daşıyan siyasətin kimlərəsə baş qaxıncı edilməsi mümkün deyil. Deməli, Ərbilin İrana minnət borcu olmasını xatırladan Səfəvi tamamilə başqa tarixi faktları nəzərdə tutur.

Bəs, Səfəvinin təbiriylə desək, Ərbil İrana nəyi və niyə borcludur?

Zənnimcə, generalın qoyduğu bu minnət tarixin müxtəlif dövrlərində kürd əşirətləri arasında yaşanan daxili müharibələrdə İranın oynadığı “konstruktiv” mövqeyi xatırlatmaq niyyətindən qaynaqlanır. Onun bu qan davasında Bərzaninin əsas düşməni sayılan Təlabani adını dilə gətirməsi də təsadüfi deyil.

Bilindiyi kimi, kürdlərin “bırakuji” (qardaş qırğını) adını verdikləri vətəndaş müharibələrinin ən sonuncusu 1990-cı illərdə yaşanıb. Fikrimizcə, müasir bırakujinin nədən qaynaqlandığını tam mənasıyla anlamaq üçün həmin tarixə qısa bir ekskurs etməkdə fayda var.

Kürdlərin müxtəlif dinə, məzhəbə inanmaları, feodal xarakterli tayfa və əşirətlərə bölünmələri, ən əsası isə regional qüvvələrin maraqları “bırakuji”nin başlıca səbəblərindən hesab olunur və Səddam Hüseynin 1988-ci ildə Şimali İraqda kürd qətliamı həyata keçirməsi “bırakuji” davasının yeni bir xarakter almasına şərait yaratdı.

Belə ki, həmin tarixdə İran-İraq savaşından faydalanan Şimali İraq kürdləri milli azadlıq hərəkatına qalxdı və bunun bədəlini ağır ödədilər. 16 mart 1988-ci ildə Səddam Hüseyn tarixə Hələbcə qətliamı kimi düşən hərbi əməliyyatını keçirdi və üsyana qalxan kürdlərin başına zəhərli bombalar yağdırdı. Statistikaya görə, 3 saat davam edən bombardıman günü Hələbcədə 6 min 357 adam zəhərlənərək öldü. 15 minə yaxın sakin ağır yaralandı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyə qədər Hələbcə qətliamında zəhərlənmə səbəbindən ölənlərin sayı 43 min 753 nəfərə çatıb. Zəhərlənmənin 61 min 200 nəfəri əlil qoyduğu yenə həmin mənbə tərəfindən təsbit olunub.

halepce

Bu qədər ağır nəticələri olan Hələbcə qətliamından sonra Şimali İraq kürdlərinin iki aparıcı əşirətindən birinin lideri Cəlal Təlabani İrana, digərinin lideri Məsud Bərzaniisə Türkiyəyə sığınmalı oldu. Hələbcə qətliamı təkcə kürd əşirətlərinə zərbə vurmaqla qalmadı , eyni zamanda  Səddam Hüseynin də sonunu gətirən başlıca hadisələrdən birinə çevrildi. Bu faciəni bəhanə edən ABŞ 1991-ci ildə kürdlərin yaşadığı 34 və 36-cı paralellər üzərində uçuşa qadağa qoydu. Beləcə, İraq faktiki olaraq həmin əraziləri itirdi və kürdlərin elan olunmamış müstəqillik dövrü başladı.

Səddam Hüseyn rejiminin şələsinin fırlanmadığı bu əraizlərdə yaranmış avtoritar boşluğu yerli xalqların iradəsilə doldurmaq zərurəti yarandı. Məhz bu zərurət kürdlərin asanlıqla dövlət qura bilməyəcəyi həqiqətini ortaya qoydu.

1992-ci ildə regionda keçirilən seçkilərdə aparıcı iki kürd əşirətinin maraqlarından çıxış edən iki müxtəlif partiya – Məsud Bərzaninin Kürdüstan Demokrat Partiyası(KDP) ilə Cəlal Təlabaninin Kürdüstan Yurdsevərlər Partiyası (KYP), təxminən, eyni səviyyədə səs qazandı: KDP 45%, KYP 43.6%. Konstitusiyaya görə, hakimiyyət bir qədər artıq səs toplayan KDP-yə verildi. Bu üstünlüyün qazanılmasında Bərzaninin Türkiyəyə və dolayısıyla ABŞ-a yaxınlığı da müstəsna rol oynadı. Bərzani isə mütləq hakimiyyət qurmaq sevdasında idi və bunu indi də davam etdirir. Dolayısıyla Şimali İraqın iki böyük əşirəti arasında qardaş qırğını – “bırajuki” başladı.

“Bırajuki”nin getdikcə qızışdırılması həm Səddam Hüseynə, həm də Təlabanini dəstəkləyən İrana sərf edirdi. Rəhbərlik etdiyi ölkənin şimalında hava hərəkatı keçirmək imkanından məhrum olan Səddam Hüseyn ABŞ-ın İraqı parçalama siyasətinin qarşısını ancaq bu yolla ala bilərdi. İran isə sərhəddinin o tayında özünün də torpaq bütünlüyünü təhdid edən hadisələrə laqeyd qalmaq niyyətində deyildi. Prinsipcə, eyni sözləri Suriya və Türkiyəyə də şamil etmək olar.

barzani-talabani

ABŞ-ın və İsrailin təşviqi ilə regionun bütün ölkələrinin maraqlarına qarşı yaradılmağa çalışılan “kürd dövləti” vətəndaşlarının öz daxili ziddiyyətləri də istifadəyə yarayırdı.  Sonrakı mərhələlərdə görəcəyimiz kimi, kürd kartı təkcə regional dövlətlərin deyil, həm də super güclərin əlində ən ciddi “kozır”a çevriləcəkdi. Bunun ən son nümunəsiylə ABŞ-ın Suriya siyasətinə Türkiyəni cəlbetmə prosesində rastlaşacaqdıq. Necə ki, bir neçə gün əvvəl PYD-nin Raqqa əməliyyatını ortaya atan ABŞ Baş qərargah rəisi Danford elə həmin gün Ankaraya səfər etmiş, öz türkiyəli həmkarıyla görüşündən sonra Raqqanın yalnız sünni ərəblər vasitəsilə alına biləcəyini və əməliyyatda iştirak edəcək qüvvələrin tərkibini isə Türkiyənin müəyyənləşdirəcəyini bildirmişdi. Başqa sözlə, Türkiyəni PYD-nin əli ilə öz tələsinə salmağı bacarmışdı.

Mövzudan çox yayınmadan, gəlin, 1992-ci ilə qayıdaq. O zamana ki, Səddam Hüseyn kürd qətliamları ilə öz səltənətinə qəbir qazmağa başlamışdı. Şimali İraq kürdləri bu prosesdə böyük bədəllər ödəmələrinə baxmayaraq, öz aralarında hakimiyyəti bölüşdürə bilmədiklərindən bir-birilərini qırır, hər bir əşirət fərqli dövlətlər tərəfindən dəstəklənirdi. Türkiyə Bərzaniyə yaşıl işıq yandırır, İran isə Təlabanini müdafiə edirdi. Şimali İraqın Bağdadla əlaqlərinin kəsilməsi isə Habur gömrük məntəqəsini  bu coğrafiyanın yeganə dolanışıq qapısına çevirmişdı. Dolayısıyla İrana belini söykəmiş Təlabani Şimali İraqın əsas gəlir mənbəyi sayılan neft “piroq”undan məhrum olunmuş vəziyyətə düşmüşdü. Bu da onu mübarizəyə sövq edirdi.

İranın Təlabanini aktiv müdafiəsi nəticəsində Bərzani elə çətin vəziyyətə düşmüşdü ki, 1994-ci ilin may ayında dəstək üçün İraq kürdlərinin ən böyük düşməni sayılan Səddam Hüseynə müraciət etməli olmuşdu. Səddam Hüseynin Bərzani əşirətini dəstəkləməsi isə ABŞ-ın Yaxın Şərq siyasətini alt-üst edə bilərdi.

Odur ki, ABŞ tərəfləri barışdırmaq üçün dövrəyə girdi. 1995-ci ildə İrlandiya paytaxtı Dublində tərəflər arasında görüş keçirildi. Türkiyə də bu görüşdə müşahidəçi qismində iştirak edirdi. Ankaranın təkidilə iki tərəfin əldə edəcəyi razılığa Türkiyənin təhlükəsizliyi şərti salındı. Ciddi müzakirələrdən sonra ABŞ-ın təzyiqi ilə saziş mətni imzalandı. Buna baxmayaraq, əldə edilən razılığa əməl olunmadı. Çünki İran Şimali İraqda fəaliyyətini daha da artırdı. İki kürd qrupu arasında atəşkəsi təmin etmək adıyla İran İslam İnqilabı Keşikçiləri korpusunun ən böyük hərbi birləşməsi olan “Bədr briqadası” Şimali İraqa yeridildi. İranın“sülhməramlı” qüvvələrinin sırasında 10 mindən artıq əsgər var idi ki, bu da o dövr üçün Şimali İraqa tamamilə hakim olmaq mənasına gəlirdi.

bedr-tugayi

“Bədr briqadası”nın “sülhməramlı missiyası” nəticəsində 1996-cı ilin avqust ayında Təlabani silahlıları Ərbili ələ keçirdilər. Bu, Bərzani hakimiyyətinin tamamilə laxlaması demək idi.  ABŞ və Türkiyədən ümidi üzülən Bərzani yenidən Səddam Hüseynə müraciət etdi. 1991-ci ildən sonra ilk dəfə Səddam qoşunları Şimali İraqa qayıtdı. Təlabani qüvvələri Ərbildən çəkildi. Region yenidən Səddam Hüseynin əlinə keçdi. Öz mövqelərini tamamən itirən ABŞ İraqı həm cənubdan, həm də şimaldan bombalamağa başladı. Nəhayət, yenidən iki kürd əşirəti arasında danışıqlara start verildi. Bu dəfə müzakirələr Türkiyədə aparıldı. Bir ildən artıq davam edən müzakirələrdən sonra atəşkəs elan olundu. Bərzani hakimiyyətində Cəlal Təlabaninin kiçik oğlu Qubada yer verilməsi münasibətlərin bir qədər isinişməsinə yol açdı. Qubad Təlabani hazırda da Bərzaninin müavini statusunu daşıyır.

Hardasa, 20 ildir davam edən bu atəşkəs isə nazik sapdan asılıdır. Çünki Məsud Bərzani prezidentlik müddəti başa çatsa da, müxtəlif bəhanələrlə seçkidən yayınır. Bu da istər-istəməz Təlabani əşirətini narahat edir. Müşahidəçilərin fikrincə, hazırda “bırakuji”nin yenidən alovlanmasının qarşısını alan əsas səbəblərindən biri Cəlal Təlabaninin sağlamlığının qənaətbəxş olmamasından qaynaqlanır. Ağır insult keçirən bu adamın taleyinin müəyyənləşməməsi Təlabani əşirətini gözləmə mövqeyi tutmağa vadar edir. Bununla belə, İranın və İraqın dəstəyini alacağı təqdirdə, “kürd yurdsevərləri” hər zaman üsyan bayrağını qaldıra bilərlər.

İran generalı da əslində Bərzaniyə “sən bizə borclusan” deyəndə bunu nəzərdə tutur. Demək istəyir ki, indiyə qədər “bırakuji” düyməsinə basmadığım üçün mənə minnətdar olmalısan, sən isə Səudiyyə Ərəbistanı konsulluğunun  İran əleyhinə kampaniya aparmasına göz yumursan.

***

Yeri gəlmişkən, qeyd edək ki, İraq kürdlərinin bu şəkildə parçalanması və regiona rəhbərlik uğrunda bir-birini tələyə salmağa can atması öz intellektualları tərəfindən də qınanır. Bir çox kürd ziyalıları aparılan ağır və qanlı mübarizələrə baxmayaraq, yaşadıqları indiki durumu kəklik taleyinə bənzədirlər. Onların inancına görə, təbiətdə yeganə canlı – kəklikdir ki, öz növündən olan birini ovçuların tələsinə salmağa çalışır və nə qədər ki, kürd idarəçiləri bu kəklik xüsusiyyətini tərgitməyəcəklər, həmişə başqalarına yem olacaqlar.

Biz isə, ən ciddi problemin milli azadlıq idealları ilə aldadılan kürdlərin öz müqəddaratını əsrlər boyu iç-içə yaşadıqları cəmiyyətlərlə deyil, imperialist qüvvələrlə həll etməyə çalışmasında olduğunu düşünürük. Düzdür,  bu məsələdə regional qüvvələrin etnik iradəyə çox güvənməməsi də mühüm rol oynayır. Amma onunla da razılaşmalıyıq ki, güvən öz-özünə bəslənilmir, qazanılır. (Strateq.az)

Heydər Oğuz

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın