Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İqtisadçı Qulu İbrahimli banklara güzəştin yolunu göstərdi

İqtisadçı Qulu İbrahimli banklara güzəştin yolunu göstərdi

Məlum olduğu kimi, mayın 15-də Konstitusiya Məhkəməsi manatın devalvasiyasından sonra kreditlərin hansı məzənnə ilə qaytarılması haqda qərarını açıqlayıb.

Qərarda deyilir ki, Mülki Məcəllənin 439.1-ci maddəsində əks olunan «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilər» və 439.2-ci maddəsində göstərilən «əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir» müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin «ödəniş vasitəsi» müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Bu Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin «ödəniş müddəti çatanadək» müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn «öhdəliyin əmələ gəldiyi vaxt» müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Qərarda deyilir ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.

Ən ali məhkəmə orqanının qəbul etdiyi qərarda nəzərdə tutulan digər güzəştli şərtlər özündə nəyi ehtiva edirğ

İqtisadçı Qulu İbrahimli açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı əhali arasında böyük narazılıq vardı: «Əslində, əhalinin belə təşvişə düşməsində kredit maarifçiliyinin zəif olmasının da rolu böyükdür. Kredit götürəndə və ya depozit qoyanda bütün risqlər nəzərə alınmalıdır. Çünki müqavilələrdə «fors-major» deyilən bir müddəa da olur ki, bundan heç bir bank və ya dövlət sığortalanmır. Bankın edə biləcəyi əsas iki güzəşt növü qərarda qeyd edilib: müddətin uzadılması və ya faizin aşağı salınması. Digər güzəştlər isə bunlar ola bilər:

1. Ödənilən kreditin bir hissəsi qalanda müştəriyə güzəştli şərtlə yeni kredit xəttinin açılması.

2. Pulun bir hissəsi ödəniləndən sonra ödənilməsi zəruri olan qalan məbləğin manata çevrilməsi.

Maliyyə sistemini yaxşı bilən adam kimi hesab edirəm ki, bu amillərin tətbiqi bankların reputasiyasına müsbət təsir edə bilər».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın