O, bu barədə “Qafqazinfo”ya açıqlama verib.

S. Rüstəmxanlı qeyd edib ki, Musa Yaqub ədəbiyyatımızın ötən əsrin ikinci yarısında və bu əsrin əvəllərində son dərəcə parlaq şeirlər, poemalar yazmış görkəmli şairidir:

“Yaşa dolduqca ilhamı sanki bir az da qanadlanırdı. Bu yaşında gənclik ruhu ilə gözəl şeirlər yazır. Biz yaxın dostuq. Bakıda olanda tez-tez görüşürdük. Yay olanda Buynuz kəndində görüşürdük. Bu dəfə zəng vuranda gördüm ki, danışmağa çətinlik çəkir. Belə olan halda yanına getdim. Bir az daha pis idi. Son vaxtlar isə səhhəti bir qədər yaxşılaşır. Amma təbii ki, xəstədir. Onun ciddi müalicəyə ehtiyacı var. Türkiyədən, Bakıdan ən yaxşı mütəxəssislər onun müalicəsi ilə məşğuldur. Mən istəyirdim ki, burada xəstəxanaların birində müalicə olunsun və nəzarət altında olsun. Amma övladları deyir ki, hər şeyi özləri təşkil edirlər. Onun müalicəsi normal gedir. Ayda bir dəfə Bakıya gətirirlər”.

S. Rüstəmxanlı bildirib ki, onun üçün Musa Yaqubu yataqda görmək ağırdır:

“Bütün həyatımız boyu birinci dəfə idi ki, o, məni masa başında, çay qırağında yox, yataqda qarşıladı. Onun evi Buynuz kəndinin ən gözəl evi idi. İndi baxıram ki, ev köhnəlib. Həyəti ot, çayın üstündən açılan körpünü isə pas basıb. Musa sağlam olanda bu, mümkün olan şey deyildi. Hətta çox qəribə idi ki, onun sevdiyi və mənim də şeir həsr etdiyim dağdağan ağacının budaqları quruyub. Bunların heç birini ondan gizlətmədim. Dedim ki, hər şey dəyişə bilər, ancaq ötüb getməyən bir şey varsa, o da sözdür. Sən o sözün gözəllərini Azərbaycan dilində yaratmış adamsan. Ona görə xəstəliyini vecinə alma.

Saraylar, yollar dağılır, şəhərlər, imperiyalar çökür, amma söz qalır. Təbii ki, xəstə adamla belə danışmaq xoş deyil. Amma bizim Musayla münasibətlərimiz elədir ki, açıq söhbət edə bilərik. Bəzən adamlar xəstə olanda onu ziyarət edənlərdən yorulur. Mən də zarafat etdim ki, yoruldunsa, durum gedim. Amma dedi ki, sən getmə, tez-tez gəl. Bu şəkildə vidalaşmadan sonra yeni görüşlərə qədər hələlik deyib ayrıldıq”.