Ana səhifə / Cəmiyyət / İlham Əliyevdən Əkbər Hacıyevə ikinci xəbərdarlıq

İlham Əliyevdən Əkbər Hacıyevə ikinci xəbərdarlıq

Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfəri zamanı növbəti dəfə bölgələrdə qazlaşdırma işlərinin ləng getdiyini bildirib.

Virtualaz.org saytı prezidentin çıxışının stenoqramına istinadən xəbər verir ki, İlham Əliyev Cəlilabadda qazlaşdırma səviyyəsinin qanedici olmadığını bildirib.

“Çünki mənə verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın”– deyə prezident bildirib.

İlham Əliyev ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması vəzifəsinin qoyulduğunu xatırladıb. Bildirib ki, bu məqsədlə işlər görülür: “Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq”.

Bu, prezident Əliyevin bölgələrdə qazlaşdırma işlərinin çox aşağı sürətlə aparıldığına dair ikinci ciddi iradıdır. Bundan əvvəl İlham Əliyev Nazirlər Kabinetinin iclaslarından birində bölgələrdə qazlaşdırma prosesinin çox aşağı templə getdiyini, hər ay cəmi 1-2 kəndə qaz verildiyini və bunun “dözülməz vəziyyət olduğunu” bildirib.

Belə hesab olunurdu ki, prezidentin həmin çıxışı SOCAR və onun tərkibinə daxil olan “Azəriqaz” üçün ciddi siqnal olmalıdır. Çünki ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasını 2013-cü ilə qədər yerinə yetirmək vəzifəsi qoyulmuşdu. Lakin “Azəriqaz” bu vəzifəni yerinə yetirə bilməyib. Bir çox bölgələrdə qazlaşdırma işləri qeyri-müəyyən səbəblərdən yarımçıq qoyulub.

Məsələn, Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılmasına dair prezidentin verdiyi tapşırıq yerinə yetirilməyib. Bölgənin 3-4 kəndinə qaz verildikdən sonra işlər yarımçıq qoyulub. Sakinlərin illərdir müxtəlif instansiyalara etdikləri müraciətlərə, qiymətli meşə fondunun talanıb dağıdılmasına baxmayaraq bu bölgə əhalisinin böyük əksəriyyəti qazsızdır.

İndi prezidentin Cəlilabad kimi paytaxta yaxın rayonda qazlaşdırma  səviyyəsinin heç 40 faizə də çatmadığını bəyan etməsi “Azəriqaz” rəhbərliyi üçün ikinci ciddi siqnaldır. Çünki bu sovet dövründəki qazlaşdırma səviyyəsindən də aşağıdır. Azərbaycan qaz ixracatçısına çevrilsə də hələ də öz əhalisini qazla tam təmin edə bilməyib. Bu isə əhalinin və prezidentin haqlı narazılığına səbəb olur.

“Azəriqaz”ın fəaliyyətindəki nöqsanlar təkcə bölgələrdə qazlaşdırma işlərinin olduqca ləng getməsindən ibarət deyil. Ölkənin qaz təsərrüfatının yenidən qurulmasına milyardlarla manta vəsaitin yönəldilməsinə baxmayaraq “Azəriqaz”  ildə az qala 1 milyard kubmetr qazın “itkiyə getdiyinə” dair hesabat verir. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə “Azəriqaz”da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi.

Əslində isə itkilərin miqdarının daha yüksək-ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Lakin itkilərin “Azəriqaz”ın rəsmən təsdiq etdiyi kimi 7-8 faiz arasında olduğu qəbul edilsə belə bu, dəhşətli dərəcədə yüksək rəqəmdir. Hansı ki, bu həcmdə qaz Ermənistan kimi kiçik və zəif inkişaf etmiş ölkənin qaza tələbatının az qala yarısını, Albaniyanın isə tələbatının hamısını təşkil edir.

Bu baxımdan prezidentin Cəlilabad rayonundakı çıxışı ölkənin qaz təsərrüfatına rəhbərlik edənlərə daha bir ciddi siqnal olmalıdır və əgər vəziyyət dəyişməsə bu strukturda ciddi dəyişikliklər qaçılmaz olacaq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın