Ana səhifə / Cəmiyyət / İkiməzarlı qəhrəman: Əfsanəvi səhra komandiri…

İkiməzarlı qəhrəman: Əfsanəvi səhra komandiri…

Qarabağ müharibəsi başlayanda o, dörd oğlu ilə birlikdə cəbhənin ən qaynar nöqtələrinə atılıb. Müdafiə edib təpədən dırnağa qədər silahlanmış nankor qonşulardan öz doğma vətənini… Dəfələrlə ağır güllə yaraları alsa da, döyüş bitənə qədər kimsəyə bildirməyib. Necə deyərlər, onun adı çəkilən döyüş meydanında düşmən sözün əsl mənasında lərzəyə gəlirmiş. Qəhrəmanımız son damla qanına qədər vuruşaraq, layiq olduğu şəhidlik zirvəsinə yüksəlib. Həm də qəhramanlıq zirvəsinə. Haqqında söhbət açacağım qəhrəmanım, iki məzarı olan Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovdur.

 

Edilov Yelmar Şahmar oğlu 1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində doğulub. 1953-cü ildə Əlimədədli kənd orta məktəbinin birinci sinfinə gedib. 1964-ü ildə həmin məktəbin 11-ci sinfini bitirərək Ağdam Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakültəsinə daxil olub. 1967-ci ildə həqiqi hərbi xidmətə çağrılan Yelmar Edilov xidmətini Minsk şəhərində yerləşən hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsində edib. 1979-cu ildə ailə qurub. Reyhan xanımla qurduğu izdivacdan 7 övladı dünyaya gəlib. Beş oğul, iki qız. 1992-ci ilin iyun ayının 1-də könüllü olaraq milli orduya gedib. Və ordunun Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Bundan sonra Yelmar Edilov cəbhənin müxtəlif istiqamətlərində göstərdiyi misilsiz sücaətlərə görə, dəfələrlə komandanlıq tərəfindən fəxri adlarla təltif edilib və tabor komandiri vəzifəsinə qədər yüksəlib.

Uğurlu Sarıqaznaq əməliyyatı – Onun ilk döyüşü

Yelmar Edilovun ilk döyüşü Qazançı kəndinin Sarıqaznaq adlanan ərazisinə idarə etdiyi kəşfiyyat taqımının hücumu ilə başlayıb. Həmin döyüş nə qədər çətin olsa da taqım həmin ərazini düşmən işğalından azad edə bilib. Döyüş müvəffəqiyyətinin sirri isə qəhrəmanın həmin ərazilərə qarış-qarış bələd olması olub. O, döyüşçülərinə xüsusi tapşırıq verir ki, mən atəş açmayana qədər heç kim atəş açmasın və düşmənə mümkün olduğu qədər yaxınlaşaq. Əməliyyat tapşırdığı kimi də baş tutur, düşmənin mövqeləri ən yaxın məsafədən açılan sərrast atəşlərlə məhv edilərək postlar ələ keçirilir. Müdafiə zolağını yarmağı bacaran taqım həmin ərazidən hərəkət edərək cəbhənin dərinliklərinə sızır. Edilov dəstəni arxada saxlayaraq özü düşmən zastavasında olan qüvvələri öyrənmək məqsədi ilə daha da irəli gedir. Və hərəkət etdiyi istiqamətdə düşmənin xeyli canlı qüvvəsi ilə rastlaşır. Düşmənlə göz-gözə gələn taqım komandiri özünü itirmir. Erməni hərbçilərinin yaxınlığındakı bulağın başına gəlib su içməyə başlayır. Erməni zabitləri elə zənn edir ki, Yelmar Edilov onların öz hərbçilərindəndir. O, suyu içdikdən sonra öz su qabını doldurub qəflətən ərazidən itir. Həmin zaman nə baş verdiyini görən erməni hərbçiləri Edilovun yoxa çıxdığı meşə zolağını gülləbaran edirlər.

Meşəyə səpələnən düşmən ordusu çaşbaş qalır, Edilov isə onları getdiyi istiqamətə atəş əmri gözləyən taqımına tərəf gətirir və onları pusquya salaraq məhv edir. Azərbaycanın Milli Qəhrəmanı həmin döyüşə hündür ağaca çıxaraq oradan əlindəki snayper tüfəngi ilə düşməninin bütün komandir və çavuş heyətini məhv edərək erməni əsgərlərini idarəsiz hala gətirir. Döyüşün ən qızğın yerində ona qardaşı Adil Edilovun yaralandığını deyirlər. Lakim komandir baş vermiş hadisəyə soyuqqanlı yanaşaraq, ölməyibsə, bir yerdə gizlədin və döyüşə davam edin! əmrini verir. Bundan sonra çıxdığı ağacdan digər ağaca keçərək düşmənin nisbətən yüksəklikdə yerləşən səngərinə atılır. Oradan şiddətli atəş açan düşmən pulemyotçusunu və onun köməkçisini məhv edir. Sonra bir erməni dığası ilə əlbəyaxa qalır və düşmənin avtomatını alaraq elə həmin avtomatla da ermənini boğmağa başlayır. O qədər qəzəbli olur ki, düşmən boğularaq çoxdan canını tapşırmasına baxmayaraq, Edilov avtomatın qızmış lüləyindən yapışan əlini çəkmir və əlində dərin yanığın əmələ gəlməsini hiss etmir.

Erməni ordusu Çıldıran kəndi yüksəkliyində yerləşdirdiyi artilleriya qurğuları ilə Ağdamın Qalayçılar və Əlimədədli kəndlərini intensiv atəşə tutmağa başlayır. Bu zaman düşmənin həmin mövqelərdə yerləşdirdiyi toplarını susdurmaq tapşırığı verilir. Yelmar Edilov idarə etdiyi kəşfiyyat taqımı ilə birgə gecə saatlarında hərəkətə keçir və həmin ərazidə özünə döyüş mövqeyi seçir. Ətraflı müşahidələr apararaq döyüşçülərinə ermənilərin topunu salamat ələ keçirməyin planını açıqlayır. Dan yeri işıqlanan kimi Edilovun dəstəsi düşmənin üstünə atılaraq qəfil və sərrast atəş zərbələri ilə düşmənin canlı qüvvəsini təmamılə məhv edərək planlaşdırdığı kimi düşmənin topunu, topçəkən traktorunu, iki tankını və xeyli sayda top mərmisini ələ keçirir.

Bacarıqlı komandir, cəsur döyüşçü

Döyüş yoldaşlarının dediklərinə görə Yelmar Edilov, əsasən, snayper tüfəngi ilə vuruşub. Və həmin silahdan açdığı atəşin biri də olsun yayınmayıb. Xüsusi döyüş taktikasına malik olan Azərbaycanın igid, qəhrəman oğlu ilk atəşi ilə düşmənin komandirini və ya digər rütbəli hərbçisini yerə sərirmiş. Onun ilk döyüşü Qazançı, Sırxavənd, Manikli uğrunda gedən döyüşlər olur. Həmin döyüşlərdə düşmənin bir ədəd topunu və bir ədəd top çəkən traktorunu ələ keçirərək hərbi hissəyə təhvil verir. Əfsanəvi döyüşçünün ən mükəmməl döyüşü Çıldıran döyüşü olub desək, yanılmarıq. Çünki Həmin döyüşdə Edilov təkbaşına düşmənin 33 nəfər canlı qüvvəsini məhv edərək xeyli sayda silah-sursat qəniməti götürüb. İlk dəfə 1992-ci il sentyabr ayının 3-də yaralanır. Özü də sol qolundan 4 güllə yarası alır və həmin qolu oynaq hissəsindən sınır. Ancaq qəhrəmanım həmin döyüşdən də qənimətsiz geri dönmür. Buradan da düşməninin 2 ZTR-ni ələ keçirir. Hərbi hospitalda müalicə olunduqdan sonra yenidən dəstəsinin başına qayıdır. 1993-cü ildə 708 saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri təyin edilir. Həmin ilin iyul ayının 8-də Şahbulaq istiqamətində gedən ağır döyüşlərdə o yenidən yaralanır. Sağ ayağından yaralanan Yelmar Edilov hospitala aparılır.

Lakin o cəbhədəki vəziyyəti görür və müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına atılır. 1993-cü il iyul ayının 24-də Ağdam rayonunun Göytəpə kəndi uğrunda gedən döyüşlər zamanı cəmi 13 nəfərdən ibarət dəstəsi ilə Ağdamın Qərvənd kəndinə gedən yolda pusqu quraraq düşmənə sarsıdıcı zərbə endirir. Həmin qeyri-bərabər, müdhiş döyüşdə 13 nəfərlik dəstə erməni ordusunun 2 tankını, 1 DŞK-sını və 74 nəfər canlı qüvvəsini məhv edərək çoxsaylı düşmən ordusunu pərən-pərən salaraq geri oturdur. Edilovun möhtəşəm döyüş bacarığını görən komandanlıq, onu 1993-cu ilin avqust ayında hərbi hissənin 7-ci motoatıcı taboruna komandir təyin edir.

Mərzilidə qalmış 93 erməni meyidi

1993-cü ilin 26-28 dekabrında Edilovun taboru Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərə qatılır. Həmin döyüşlərdə düşmənin 4 ədəd tankını, 1 PDM-ni və 93 nəfər canlı qüvvəsini məhv edir. Həmin döyüşdə cəmi 3 nəfər itki verən tabor komandiri və onun 2 hərbçisi Müdafiə Nazirliyi tərəfindən “Şah İsmayıl Xətayi” adına fəxri fərmanla təltif edilir. Gecə-gündüz yuxunun nə olduğunu bilməyən cəsur komandir cəbhənin hansı istiqamətində ordumuzun zəifliyini görürsə, həmin istiqamətə gedərək qanlı döyüş meydanında düşməni məyus edərək geri oturdurdu. Belə döyüşlərdən biri də 1994-cü il yanvar ayının 6-da Ağdam rayonunun Suma, Güllücə kəndləri uğrunda gedən döyüşlər olur. 60 nəfər əsgəri ilə qatıldığı həmin döyüşdə öz qorxulu kabusu ilə üzləşən erməni ordusu 60-a yaxın canlı qüvvəsini, 1 tankını, 1 PDM-ni, 2 TŞK-sını itirir və geri çəkilməyə məcbur qalır.

Gülçülük döyüşü

1993-cü ildə erməni ordusu güclü qüvvə ilə Ağdam rayonunun Gülçülük adlanan ərazisi istiqamətində güclü hücum təşkil edir. Yelmar Edilov adəti üzrə döyüş meydanına çox az qüvvə ilə tabeliyində olan Adil, Elbrus, Rəşid, Rizvan, İlqar, Rövşən, Əliyar, Tacir, Fəxrəddin, Saleh, Ümid və Əşrəf olmaqla cəmi 13 nəfərlə düşmənlə döyüşə atılır. Yüksək taktiki döyüş qabiliyyətinə malik olan komandir Ermənistan silahlı qüvvələrinin 1 PDM-ni, 1, “ZİL-130”nu və xeyli canlı qüvvəsini məhv edərək düşməni uğursuzluğa yuvarlayır. Həmin döyüşdən sonra 708 saylı hərbi hissənin komandiri Talıb Mammədovun əmri ilə Edilov Yelmar hissənin 7-ci taborunun komandiri vəzifəsinə təyin edilir.

Son döyüş

Artıq tabor komandiri vəzifəsini icra edən Yelmar Edilov bir neçə döyüş əməliyyatında düşməni məyus etmişdi. Buna misal kimi Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşləri göstərmək olar. Həmin döyüşdə tabeliyində olan taboru bölərək düşmənin cinahların yarıb və digər qüvvə ilə də düşmənin arxasına sızaraq xeyli canlı qüvvəsini məhv edib. Nəyin baş verdiyini anlamayan işğalçı ordu 4 zirehli texnikasını və xeyli canlı qüvvəsini itirir. Və geri çəkilməyə məcbur olur. Edilovun sonuncu döyüşü də digərlərindən fərqli olmur. Yenə yaxşı hazırlanmış döyüş planı, düzgün təyin edilmiş döyüş mövqeyi və vaxtında verilmiş atəş əmri… 1994-cü ilin aprel ayının 11-dən cəmi bir gün öncə komandirin 45 yaşı tamam olur. Komandir əsgərləri və ailə üzvləri ilə birgə elə səngərdəcə özünə doğum günü keçirir. Ancaq o doğum günü ziyafətini yarımçıq qoyaraq ərazinin müşahidəsinə gedir. Və müəyyən edir ki, düşmən xeyli canlı qüvvə toplayaraq Kökəltmə məntəqəsi istiqamətində hücuma keçməyə hazırlaşır. Heç vaxt yanılmayan Yelmar Edilov öz lazımi tədbirlərini görməyə başlayır. Aprelin 11-də səhər saat 06:00 radələrində döyüş başlayır. Həmin istiqamətdə bütün qüvvəsini hücuma qoşan Ermənistan Silahlı Qüvvələri Ağdamın 8 kəndini ələ keçirərək Ağcabədi yolunu bağlamağı, oradan isə Bərdə rayonuna soxulmağı planlaşdırır.

Amma Yelmar düşmənin bu planını alt-üst edir. Əvvəlcədən müəyyən olunmuş yerlərə kiçik qüvvələr yığan komandir düşmənin güclü hücumunun qarşısını almaqla yanaşı onların 70 əsgərini, 3 tankını və bir təcili tibbi yardım maşınını məhv edir. Düşmən geri çəkilir. Və tabor həmin ərazilərə irəliləyir. Və bir nəfər də olsun itki vermir. Təəssüflər olsun ki, bu ölməz qəhrəmanın sonuncu döyüşü olur. Belə ki o axşam saatlarında ələ keçirdiyi ərazilərdə qurduğu postları yoxlamağa gedərkən postların birində erməni tankından atılan mərmi Yelmar Şahmar oğlu Edilovu əbədiyyətə qovuşdurur. O, xalqının millətinin qəlbinə daşıyır. Hazırda onun şəhid olduğu ərazidə bədəninin kiçik hissələrinin dəfn edildiyi xatirə məzarı var. Ancaq Edilovun özü Azərbaycanın ikinci fəxri xiyabanında böyük ehtiramla dəfn edilir. Adına kitablar yazılıb, dastanlar söylənən qəhrəman, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür.

Qeyd edək ki, Yelmar Edilov döyüşlərdə dörd oğlu, qardaşları və Edilov soyadını daşıyan 13 əmisi oğlanları ilə birlikdə vuruşub. O qəhrəmancasına həlak olduqdan sonra Edilovun ömür-gün yoldaşı Reyhan xanım batalyonun başına keçir. Reyhan xanımın şəxsi şücaəti nəticəsində erməni yaraqlıları Ağdam rayonunun Əhmədağalı və Çıraqlı kəndlərindən çıxarılır. Özü də Yelmarın üsulu ilə – ağır itkilər verdirərək. (Ordu.az)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …