Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İki Gürcüstan, iki AKP, iki CHP deputatı Azərbaycana qarşı…onlarla nə etməli?

İki Gürcüstan, iki AKP, iki CHP deputatı Azərbaycana qarşı…onlarla nə etməli?

Ramiz Tağıyev: “Həmin deputatlar Azərbaycana dəvət edilməlidir”

“Bu təşəbbüsü Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti də üzərinə götürə bilər”

Məlum olduğu kimi, yanvar ayının 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başladı. Əvvəlcədən də bilindiyi kimi, budəfəki müzakirələrin gərgin keçəcəyi gözlənilən idi. Belə ki, yanvarın 26-da Ermənistanla bağlı iki qətnamənin gündəliyə çıxarılması rəsmi İrəvanı çətin duruma salmışdı.
Bütün diplomatik rıçaqları işə salan Ermənistan hər vəchlə bu sənədlərin qəbul edilməməsinə çalışırdı. Hesabatlardan biri – Böyük Britaniyadan olan parlamentari Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı sənəd cüzi səs fərqi ilə keçməsə də, Bosniya və Herseqovinadan olan xanım parlamentari Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı ikinci sənəd Avropa Şurası tərəfindən qəbul edildi. Ən maraqlısı isə Azərbaycanın səsvermədə qəbul etdirə bilmədiyi qətnaməni cəmi 4 səs çatmaması səbəbindən uduzması oldu. Sonrakı araşdırmalardan bəlli oldu ki, bizə dəstək verməyənlərin sırasında dost olan ölkələrin də deputatları olub. Məsələn, qardaş Türkiyəni təmsil edən 6 deputat bizim əleyhimizə səs verib. HDP-nin Türkiyənin özünə bəslədiyi xəyanətkar mövqe bizə bəllidir. Maraqlısı isə AKP və CHP-ni təmsil edən 4 deputatın HDP və ermənilərlə eyni mövqedə olmasıdır. “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamənin əleyhinə səs verməyin yalnız bir adı ola bilər – ermənipərəstlik. Çünki bu məsələdə Azərbaycan haqq tərəfidir. Bizi də incidən dost ölkə təmsilçilərinin haqqın yanında deyil, şərin yanında olmasıdır. Daim Azərbaycanın dəstəyindən bəhrələnən Gürcüstanın da 2 deputatının ermənipərəst cəbhədə yer almasına millət vəkillərimiz də kəskin etiraz edib. Millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib. Q.Həsənquliyev Milli Məclisin iclasında deyib ki, Gürcüstan hökumətinin ayrı-ayrı vəzifəli şəxslərindən Azərbaycana qarşı ədalətsiz mövqe zaman-zaman müşahidə olunub: “Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan Nino Burcanadze də iştirak edirdi. Həmin iclasda Ziyafət Əsgərov da iştirak edirdi. İclasda Burcanadzeyə sual verildi. Burcanadze bizə cavabında bildirdi ki, işğalla bağlı Kosovada tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxt da Azərbaycanın adını çəkməmişdi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 üzvü əleyhinə səs verib. Bunu Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilər”.
Partiya sədri gürcü deputatların Azərbaycana qarşı atdığı bu addımın Gürcüstanın diqqətinə çatdırılmasının vacibliyini söyləyib: “Biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq olmaz”.
Azərbaycana qarşı xoşagəlməz mövqe tutan bu 6 deputatla bağlı ölkə olaraq hansı işləri aparmalıyıq?
Tanınmış siyasətçi Ramiz Tağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, budəfəki müzakirələr əslində Azərbaycan və Ermənistan arasında diplomatik savaş idi:

“İki sənədin eyni gündə müzakirəyə çıxarılması rəsmi İrəvan üçün gözlənilməz və şok effektli idi. Odur ki, son aylar erməni mətbuatında Ermənistan hakimiyyətinin uğursuz xarici siyasəti sərt tənqid olunurdu. Bütün imkanlarını səfərbər edən erməni hakimiyyəti və lobbisi bu sənədlərdən yalnız birini neytrallaşdıra bildi ki, o da cüzi səs fərqi ilə baş tutdu. İkinci sənəd isə qəbul edildi. Məlumdur ki, AŞPA-da əyləşən parlamentarilərin böyük əksəriyyəti xristiandır və təbii ki, xristian Ermənistanın əleyhinə səs verməkdən çəkinirlər. Buna baxmayaraq, Ermənistanın Dağlıq Qarabağ və digər əraziləri işğalda saxladığı faktının AŞPA-da növbəti dəfə səsləndirilməsi və bu faktların hesabat şəklində avropalı parlamentarilərə çatdırılması böyük iş idi. Ancaq bizim üçün gözlənilməz olan türkiyəli və gürcüstanlı bəzi deputatların ermənipərəst mövqe ortaya qoyması oldu. Azərbaycan tərəfi həmin deputatlarla bir təmas yolunu tapmalıdır. Yaxşı olar ki, onlar Azərbaycana dəvət olunsun. Burada Dağlıq Qarabağ həqiqətləri ilə bağlı onlara ətraflı məlumatlar verilsin. Mən deməzdim ki, 6 deputatın hamısı məlumatsızlıqdan həmin addımı atıb. Xüsusilə də türkiyəli deputatların bu problem barəsində məlumatlı olmaması inandırıcı görünmür. İstənilən halda, parlament səviyyəsində həmin deputatlar Azərbaycana dəvət edilməlidir. Bu təşəbbüsü Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti də üzərinə götürə bilər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın