Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / İctimai şuralar: Nazirliklərə nəzarət edə bilir? – ŞƏRH

İctimai şuralar: Nazirliklərə nəzarət edə bilir? – ŞƏRH

“İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə müvafiq olaraq son illər nazirliklərin yanında İctimai Şuralar təşkil edilib. 

Lakin onların fəaliyyətinin nə dərəcədə effektiv olub-olmaması sual doğurur. Bu günlərdə daha bir Nazirlik yanında İctimai Şura yaradılıb. Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidməti İctimai Şuraya üzv seçilən şəxslərin adlarını açıqlayıb. İctimai Şura 5 nəfərdən təşkil olunub.

Ağayev Qorxmaz Siracəddin oğlu – “Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi

Eyvazov Taryel Əli oğlu – “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi

Nəbiyeva Ziba Vasif qızı – “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi

Salayev Rüstəm Əli oğlu – “Psixo-Sosial yardım” İctimai Birliyi.

Sultanova Yeganə Teymur qızı – “Azərbaycan Diabet Liqası” İctimai Birliyi

İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, İctimai Şuranın yaradılması ilə bağlı səhiyyə naziri Oktay Şirəliyev ötən ilin dekabrın əvvəlində əmr imzalayıb. İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyası yaradılıb.Yanvar ayının 28-də isə seçkilərin keçirildiyi açıqlanıb. Seçklərlə bağlı sosial şəbəkələrdə də kampaniya aparılıb. İcra hakimiyyəti orqanlarına ictimai nəzarəti həyata keçirmək məqsədilə yaradılan bu qurumların təşkilində şəffaflıq təmin olunurmu? İctimai şuraların fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

Bir neçə İctimai Şurada təmsil olunan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən ictimai şuralar ictimai iştirakçılığın 5 formasından biridir: 

“İctimai şuralar mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr yanında qeyri-hökumət tərkibli 5-15 nəfərdən ibarət qurumdur. Qanunda ictimai şuraların yaradılmasının məqsədi göstərilir. İctimai şuraların məqsədi dövlət orqanına və bələdiyyələrə ictimai nəzarəti həyata keçirmək, onların yürütdüyü siyasətə dəstək verilməsini təmin etməkdir. Səhiyyə Nazirliyi yanında İctimai Şuranın yaradılmasına gəlincə, mən ümumiyyətlə istənilən pozuntularla belə bu cür şuraların yaradılmasını alqışlayıram. Ola bilər ki, ilkin mərhələdə ciddi səhvlər olsun, amma əsas odur ki, proses başlansın. Uzun illər idi ki, mərkəzi icra hakimiyyətləri bu qanunun həyata keçirilməsinə bir qədər etinasız yanaşırdılar. Son dövrlərdə bu istiqamətdə fəallıq artıb. Bu məsələdə ənənəvi boykot mövqeyi tutan İcra hakimiyyəti orqanları da “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərini yerinə yetirməyə başlayıblar. Səhiyyə Nazirliyi yanında İctimai Şuranın yaranması da bu baxımdan pozitiv xəbərdir. Həmin Şurada kimlərin və necə seçilməsi, seçkilərin nə qədər şəffaf keçirilməsi ikinci dərəcəli məsələdir. Amma, hesab edirəm ki, hər şey qanunauyğun olub”.

Bəs, İctimai şuralar yaradılarkən ictimai məlumatlandırılma təmin edilməlidirmi? Sahib Məmmədov deyir ki, qanuna əsasən elan verilməli, 9 nəfərdən ibarət komissiya yaradılmalıdır ki, onlardan 5-i vətəndaş cəmiyyətinin, 4 nəfər isə İctimai Şuranı yaradan orqanın nümayəndəsi olmalıdır: 

“Hər halda bu formallıqlara orada da əməl edilib. Çünki elan verilmişdi, komissiya yaradılmışdı. Amma hesab edirəm ki, Səhiyyə Nazirliyi böyük nazirlikdir və həmin Şurada 5 deyil, daha çox şəxs olmalı idi. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasında 15 nəfər təmsil olunur-yəni, nəzərdə tutulan maksimal say. Hər halda başlanğıc üçün pis deyil. Hesab edək ki, qarşıdakı mərhələlərdə yaxşı olacaq”. 

Nazirliklər yanında yaradılan ictimai şuraların fəaliyyətinə gəldikdə, QHT sədrinin qənaətinə görə, bu qurumların bəziləri sadəcə qanunun tələblərinə əməl etmək məqsədilə yaradılıb və formal xarakter daşıyır, digər bir qrupunun isə proseslərə təsiri danılmazdır: 

“Bu qanunun tətbiq olunmasında səy göstərənlərdən biri də mənəm. Hər halda vətəndaş cəmiyyətinin təmsilçiliyinin təmin olunması müsbət haldır. Mən bir neçə mərkəzi icra hakimiyyətində Şura üzvüyəm. 2006-cı ildə Ədliyyə Nazirliyinin yanında yaranmış Şuranın üzvüyəm. Orada proseslərə ciddi təsir göstərə bilmişik. Mən bu Şuranı ən effektli Şura hesab edirəm. Dövlət Miqrasiya Xidmətində təmsil olunuram, orada da bütün ciddi məsələlərlə bağlı ictimai şuralarla müzakirə edilir, amma bunu Ədliyyə Nazirliyindəki kimi effektiv hesab edə bilmirəm. Amma qanun qüvvəyə minəndən orada İctimai Şura fəaliyyət göstərir”. 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …