Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / HÜSEYQULU BAĞIROV “CƏYİRLİ” MEŞƏ MASSİVİNİN MƏHV OLUNMASINA NİYƏ GÖZ YUMUR? – FOTOLAR

HÜSEYQULU BAĞIROV “CƏYİRLİ” MEŞƏ MASSİVİNİN MƏHV OLUNMASINA NİYƏ GÖZ YUMUR? – FOTOLAR

Qobustan rayonu, Cəyirli kəndinin sakinləri redaksiyamıza şikayət məktubu və ona əlavə olunmuş fotolar göndəriblər.

Şikayətçilərin Azinforum.az vasitəsiylə aidiyyəti orqanların rəhbərlərinə ünvanladıqları məktubu təqdim edirik və ümid edirik ki, göstərilən faktlar araşdırılıb, qanuni tədbirlər görüləcəkdir:

“Hörmətli redaksiya!

Biz, aşağıda adları göstərilən Qobustan rayonu, Cəyirli kəndinin sakinləri nəzərinizə çatdırırıq ki, hazırda Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında yerləşən, Qobustan rayonu, Cəyirli kəndinin ərazisinə daxil olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə massivi qəddarcasına məhv edilmiş, yerində yeni restoran tikintisinə başlanılmışdır. Həmin ərazidəki meşə örtüyü – Şamaxı şəhəri, M.Qəniyev küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, Bakı-Şamaxı avtomagistralının Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində “İnsaf” adlı kafenin sahibi Xasiyev Durhüseyn Möhübbət oğlu tərəfindən yararsız hala salınmışdır.

Belə ki, Durhüseyn Xasiyev maddi imkanlarından və şəxsi nüfuzundan istifadə edərək Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında təxminən 1000 metr məsafədə olan ağacları amansızcasına kəsdirərək orada yeni restoranının tikintisi məqsədilə şəxsi texnika və tikinti materialları gətirmişdir. Ağacların kəsilməsi əsasən gecə saatlarında həyata keçirilir. Eyni zamanda, mütəmadi olaraq 200 ədəd ağacın ətrafına silitra turşusu tökülərək onların məhv edilməsi üçün zəmin yaradılır. Durhüseyn Xasiyevin əsas məqsədi göstərilən ərazidə iri restoran və çoxsaylı koteclər tikərək əxlaqsızlıq yuvaları yaratmaq istəməsidir.

Rayon sakinləri tərəfindən, həmin ərazinin meşə massivinin qorunmasına cavabdeh olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Xırdalan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, qətiyyən qanuni tədbir görülməmiş, əvəzində sakinlər incidilərək narazı salınmışdır. Həmçinin, varlı iş adamı olan Durhüseyn Xasiyev sakinləri etiraz etdiklərinə görə dəfələrlə təhqir etmiş, onların özlərinə və ailə üzvlərinə hədə-qorxu gəlmişdir. O, sakinlərlə söhbətləri zamanı yuxarı dairələrdən razılıq aldığını və kifayət qədər pul ödəyərək onları susdurduğunu vurğulamışdır.

Əlavə olaraq qeyd etmək istərdik ki, həmin ərazidə meşə massivi Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə salınmış və buna külli miqdarda vəsait xərclənmişdir.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil respublikamızda daim ekologiyaya və ətraf mühitə sonsuz diqqət və qayğı göstərilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev daim öz nitqlərində ekologiyanın qorunmasını dövlətin vacib vəzifələrindən biri kimi qeyd etmişdir. Həmçinin, Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizin inkişafı və gözəlləşməsi naminə uğurlu strategiya və inkişaf siyasəti aparılmış, nəticədə regionlarımızın maddi, sosial, ekzotik görünüşü ideal səviyyəyə yüksəlmişdir.

Lakin, Durhüseyn Xasiyev kimi bəzi amansız və qəddar iş adamları həmin strategiyaya qarşı çıxmaqla xalqın, dövlətin, o cümlədən gələcək nəsillərə ötürməli olduğumuz təbiətin qənimi kəsilmiş, özbaşınalıqla məşğul olmuşdurlar.

Sizdən sonsuz dərəcədə xahişimiz budur ki, Prezidentimiz cənab İlham Əliyevin sosial strategiyasına, ekoloji siyasətinə qarşı çıxan, 1 kilometr məsafədə meşə massivini tamamilə məhv edən Durhüseyn Xasiyevin qanunsuz əməllərinin qarşısının alınmasında Qobustan rayon sakinlərinə öz yardımınızı göstərəsiniz.

İmza:

Abasov Zakir Bahadur oğlu:

Sadıqov Daşqın Qaraxan oğlu:

Abduləliyev Mahmud Novruz oğlu:

Təhməzov Şahin Səbzalı oğlu:

Abduləzizov Soltanəli Tarverdi oğlu:

Aslanov Ayəddin İsrafil oğlu:

Bəhrəmov Vəlixan Əjdər oğlu”.

Şikayətlə bağlı qarşı tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Mia.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın