Ana səhifə / Cəmiyyət / Hüseyn Arif onu tənqid edən naşirə niyə cavab vermədi? – Xatirə

Hüseyn Arif onu tənqid edən naşirə niyə cavab vermədi? – Xatirə

“Xalq şairi Hüseyn Ariflə mənim də ünsiyyətim olub. Şairlə daha çox o zaman əməkdaşı olduğum “Azərbaycan gəncləri” qəzetində görüşmüşük. Bir neçə dəfə qəzet və radio üçün ondan müsahibə də götürmüşəm. Hüseyn müəllimlə bağlı yazdığım xatirələrin bir qismi mətbuatda, habelə şairin qızı Səhər xanımın tərtib etdiyi kitabda nəşr edilib.
Bu günlərdə köhnə cib dəftərçəmdə, 80-ci illərin sonunda, şairlə bağlı yazdığım yığcam qeydlər diqqətimi cəlb etdi…”
Moderator.az xəbər verir ki, bunu tanınmış yazıçı-dramaturq Firuz Mustafa mərhum xalq şairi, kədərli şeirləri ilə bərabər, baməzə zarafatları ilə hamının yaddaşında qalan Hüseyn Arif haqqında xatirələrini bölüşərkən qeyd edib. O, Hüseyn Ariflə olan bir xatirəni bu gün də xatırlayır:
“Hüseyn Ariflə “Nizami” kinoteatrının yanında rastlaşdıq. Salamlaşıb keçmək istəyirdim. Hiss etdim ki, şair kimisə gözləyir. O, əl verib soruşdu:
-Harada işləyirsən? Yenə qəzetdəsənmi?
Ayaq saxlamalı oldum. Hər halda şairin sualına konkret cavab verməli idim.
-Hüseyn müəllim, çoxdan qəzetdə deyiləm. Akademiyada, Fəlsəfə institundayam.
-Hə, düz eləyirsən, institut yaxşıdır. Qəzetdə nə var ki?
Mən gülüb dedim:
-Hüseyn müəllim, mən elmi-tədqiqat institutundayam…
Hüseyn Arif ciddi görkəm alıb dedi:
-Bilirəm… Orada əvvəliər direktor Firudin Köçərli idi… Bax əsl alim, əsl ziyalı o kişi idi.
-İndiki direktorumuzsa…
O, sözümü kəsib dedi:
-Hə, bilrəm, indiki şairdir… Daha doğrusu, şair olmaq istəyirdi bir vaxt.
Bildim ki, o, Aslan Aslanovu nəzərdə tutur. Aslan müəllim həqiqətən həmin vaxt adı çəkilən qurumun rəhbəri və həm də Hüseyn Arifin dostu idi.
Bir az ordan-burdan damışdıq. Şairin gözlədiyi adam gəlib çıxdı. Həmin adamı, yəni nəşriyyat işçisini mən də yaxşı tanıyırdım. Bu, Hüseyn müəllimin yerlisi və həmkarı idi.
Qərara aldıq ki, yaxınlıqdakı çayxana və ya yeməkxanalardan birinə gedək.
Yay idi. Hüseyn müəllim iti addımlarla getsə də tez-tez qəfildən ayaq saxlayıb dayanırdı. Bizim yerişimiz heç cür onun ayaq “ritminə”, addımlarına uyğunlaşa bilmirdi.
Söhbət əsnasında şair bir neçə adamın son kitabları barədə öz fikrini bildirdi. Və sonra nəinki ədəbiyyata təzə gələnlərin bir çoxunun, hətta onillər boyu redaktorluqla məşğul olan bəzi nəşriyyat işçilərinin də savadsız olduğundan, kitab oxumamağından gileyləndi.
Nəşriyyat redaktoru qəfildən ayaq saxladı. Bizi xeyli ötüb keçmiş şair ayaq saxlayıb geri qayıtmalı oldu. Naşirin qaşları düyünləşmiş, sifəti qaralmışdı. Çox güman ki, onu şairin iradı qəzəbləndirmişdi.
-Bura bax, Hüseyn müəllim, guya sən naşirlərdən, redaktorlardan çox mütaliə edirsən?
Bəli, doğrudan da naşir Hüseyn Arifin onun bostanına daş atdığını düşünübmüş.
Hüsen müəllim bir-iki “arqument” gətirsə də, naşiri sakitləşdirə bilmədi. Ona görə də susmağa üstünlük verdi.
Naşir-redaktorun ağzı açıldı nə açıldı:
-Sən təkcə hamıya şəbədə qoşmağı bilirsən. Mən gündə iki çap vərəqi həcmində əlyazma oxuyuram. Eləcə də o biri redaktorlar… Bəs sən özün bu son illərdə bir kitab oxumusan, ya yox? Əlbəttə, yox. Haradan oxuyacaqsan ki? İl boyu dağda-aranda olursan.
Söhbət çox gərginləşmişdi. Naşir özündən çıxmışdı. Hüseyn müəllim susur, bir kəlmə də demirdi. Və şairin yerlisi, həmkarı elə bu ovqatla, danışa-danışa bizdən ayrıldı. Yeməkxanaya getmək söhbəti də yaddan çıxdı.
Araya bir qədər sükut çökdü. Mən pərtliyi aradan götürmək üçün dedim:
-Hüseyn müəllim, yaxşı ki, onun dediklərinə cavab vermədiniz.
O, diqqətlə mənim üzümə baxıb dedi:
-Heç bilirsən niyə dillənmədim?
-Yox,-deyə, cavab verdim.
Şairin bayaqdan tutulmuş sifətinə sanki işıq yayıldı. O, bic-bic gülümsəyib dedi:
-Mənim kitabım indi onun əlindədir. Yəni mənim bu dava-dalaş gəzən yerlimi bu günlərdə çıxacaq şeir kitabıma nəşriyyat redaktoru təyin ediblər. Bilirsən niyə onu tənbeh eləmədim? Çünki buradan gedib o kitabı zay edəcəkdi. Hələ bunlar bir yana qalsın, öz yazdığı zir-zibillərdən, mənasız söz yığımından da qatacaqdı mənim yazdıqlarımın gözünə. Nəticədə kitab olacaqdı heç zad, bunun özü kimi zay… İndi bildinmi niyə susurdum?”

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …