Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Hüquqşünas-alimin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfəsi

Hüquqşünas-alimin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfəsi

Bu günlərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “Cinayət işləri üzrə sübutetmədə əməliyyat-axtarış informasiyasından istifadənin problemləri” adlı monoqrafiyası işıq üzü görüb.

Müəllif AZƏRTAC-a bildirib ki, monoqrafiya əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və onun nəticələrindən istifadənin problemləri ilə bağlı aparılmış kompleks tədqiqat əsəridir. Monoqrafiyada cinayət-prosessual sübutetmənin anlayışı, məqsədi, məntiqi və psixoloji əsasları, əməliyyat-axtarış informasiyasının anlayışı, mənbələri və toplanması vasitələri, cinayət işləri üzrə sübutetmədə əməliyyat-axtarış informasiyasından istifadənin problemləri ətraflı şəkildə araşdırılıb və müvafiq olaraq müəllif tərəfindən dəyərli təkliflər irəli sürülüb.

Monoqrafiya qısa zamanda hüquq ictimaiyyəti tərəfindən dəyərli vəsait kimi qarşılanıb və müəllif tərəfindən qaldırılmış məsələlərin aktuallığı, irəli sürülmüş təkliflərin təcrübədə istifadəsinin zəruriliyinə dair fikirlər bildirilib.

Monoqrafiya əməliyyat-axtarış, cinayət təqibi orqanlarının, eləcə də onların fəaliyyətinə nəzarəti həyata keçirən prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, həmçinin ali məktəb müəllimləri, doktorantları, magistrantları və tələbələri üçün nəzərdə tutulub.

Qeyd edək ki, monoqrafiyanın elmi məsləhətçisi bu sahədə tanınmış alim – Rusiya Gömrük Akademiyasının Hüquq-Mühafizə Fəaliyyəti İnstitutunun əməliyyat-axtarış fəaliyyəti kafedrasının professoru, hüquq elmləri doktoru, professor Aleksandr Şumilov, elmi redaktoru Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru Mübariz Mustafayev,

rəyçiləri Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov, hüquq üzrə fəlsəfə doktoru Əlisultan Osmanovdur.

Monoqrafiya müəllifin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli töhfəsidir.

Qeyd edək ki, Bəxşeyiş Əsgərov 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1992-1996-cı illərdə Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun aspiranturasında təhsil alıb. 1998-ci ildə “Məhkəmə ballistikasında diaqnostik tədqiqatlar (nəzəri və metodik məsələlər)” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2003-cü ildə dosent elmi adı alıb.

1989-1992-ci illərdə Ədliyyə Nazirliyi ETMEK və KPİ-nin Məhkəmə Ballistika-Trasologiya ETL-də baş laborant, elmi işçi, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Aparatı dövlət-hüquq şöbəsində böyük məsləhətçi, 1994-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi-hüquqşünas vəzifələrində işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim, baş müəllim, hazırda isə dosent vəzifəsində işləyir. Əllidən çox elmi məqalənin müəllifi, Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual məcəllələrinin doktrinal kommenta¬riyasının, ali məktəblər üçün “Kriminalistika” dərsliyinin, “Məhkəmə ekspertizası” və “Kriminalistik metodika” dərs vəsaitlərinin həmmüəllifidir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …