Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Hikmət Hacızadə yaddaşlarda: Onu belə xatırlayırlar…

Hikmət Hacızadə yaddaşlarda: Onu belə xatırlayırlar…

“Hikmət Hacızadə öz həyatı və yazdığı əsərlərlə ciddi nümunələr yaradıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı Baş nazirin sabiq müavini, Azərbaycanın Rusiyadakı sabiq səfiri, mərhum Hikmət Hacızadə ilə bağlı xatirələrini bölüşərkən deyib. O bildirib ki, Hikmət Hacızadə Azərbaycan üçün dəyəri və yeni Azərbaycan tarixində xüsusi rolu olan şəxsiyyətlərdən biri olub:
“Onun ölümü Azərbaycan cəmiyyəti və ictimaiyyəti üçün böyük itkidir. Əminəm ki, Hikmət bəy Azərbaycan xalqının yaddaşında yaşayacaq”. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli bildirib ki, Azərbaycan çəmiyyəti, xüsusi ilə də gənclər demokratik dəyərlərin mənimsənilməsi prosesində Hikmət bəyin xidmətlərindən bəhrələnib:
“Azərbaycan gözəl bir şəxsiyyətini itirib. Çox üzücü bir xəbər oldu. Hikmət bəylə mən bir laboratoriyada işləmişik. İlk andan gözəl münasibətimiz formalaşdı. Tanış olandan sonra gördüm ki, Hikmət bəy qeyri-adi insandır. Onun yaşam tərzi bizim vərdiş elədiyimiz standartlara heç də bütün hallarda uyğun gəlmirdi. Ona görə də onu başa düşmək və qəbul eləmək ilk anlardan çətin olurdu. Amma sonra Hikmət Hacızadənin necə dərin bir şəxsiyyət, hərtərəfli bir insan olduğunu hamımız hiss elədik. O, mənim fikrimdə həyatım boyu rast gəldiyim ən qeyri-adi, həm də mükəmməl bir adam təsiri bağışladı. Sonra Moskvaya getdi, aspirantura oxudu, müdafiə elədi, Azərbaycana qayıtdı və elmi fəaliyyətini dayandırmaqla siyasətə keçdi. Siyasətdə onun milli hisslərə bağlılığı, azərbaycançılıq mövqeyindəki duruşu həmişə çox böyük hisslər oyatdı. Moskvada səfir olanda çətin bir şəraitdə işləməli oldu. Çünki Elçibəy hakimiyyəti Rusiya ilə o qədər də yaxşı münasibətdə deyildi. Buna baxmayaraq, Hikmət bəy Azərbaycan üçün hər şey etdi və buna görə də böyük nifuz qazandı. Bir neçə kitabı tərcümə etdi. Unudulmaz bir şəxsiyyətdir. Allah ona rəhmət eləsin”.  

  Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı:
“Hikmət Hacızadənin müasir Azərbaycan tarixində özünəməxsus yeri var. O zaman çoxları hesab edirdi ki, demokratiya – kommunizmin, sovetin əleyhinə olmaqdan ibarətdir. Hikmət bəy əsl demokratiyanın, xüsusən liberal demokratiyanın nə olduğunu cəmiyyətə anladan insanlardan idi. Bu yolda xeyli əmək sərf etdi, gözəl əsərlər ortaya qoydu. Mühit daha əlverişli olsaydı, daha da böyük töhfələr verəcəkdi. Amma təəssüf ki, olmadı. Buna baxmayaraq, son aylara qədər Hikmət Hacızadə öz evində belə müzakirələr təşkil edir, diskussiyalara imkan yaradırdı. Şəxsən mənim siyasi görüşlərimin formalaşmasında Hikmət bəyin həm əsərlərinin, həm də şəxsi ünsiyyətimizin böyük rolu olub”. 

Jurnalist Rövşən Əliyev:
“Liberalizmi maymaqlıq, mövqesizlik, cəsarətsizlik kimi anlayan böyük bir kütlə var. Bu yanlış və böhtanın geniş yayılmasına çalışıb ondan faydalanan nə qədər siyasətçi, fürsətçi var.
Birinciləri aydınladıb, ikincilərlə təkbaşına savaşa ilk başlayan Hikmət Hacızadə idi. 1988-1992-ci illərin ab-havasını görənlər bunun necə böyük bir cəsarət olduğunu bilərlər. Qəhrəmanlıq sözünü işlətmirəm, çünki siyasi meydandakı qəhrəmanlar, bir qayda olaraq, gözə kül üfürənlərdir.1991-də universiteti bitirdim, 1992-nin ortalarına qədər ikinci universiteti keçdim. Bu universitet tək bir adamdan ibarət idi. Hikmət Hacızadədən. Onunla bir redaksiyada işləmək ləzzət idi.
Millətçilərlə savaşı bir aləm idi, duzlu zarafatları başqa aləm idi…
Opponentlərinin Hikmət bəy qarşısında arqumentləri bitəndə onun rusdilli olmasına ilişiridlər. Ancaq indiyəcən azərbaycandilli ədiblərin onun azərbacaycanca yazdığı bir parodiyaya bərabər əsər yazdğını görməmişəm.
Bu səhərin bəd xəbərinin acısı zamanla gedəcək, Hikmət bəyin işlərinin şahidi olmağın şirinliyi əsla…” 

Yazıçı Pərviz Cəbrayıl:
“Hikmət Hacızadə ilə “Azadlıq” qəzetində çalışmaq mənə də qismət olub. O vaxt az qala bütün ədəbi nəşrlərin bağlandığı bir dövrdü, Qənimətə bir il dil tökəndən sonra “Ədəbi Azadlıq” səhifəsi açmışdım, onda o cür siyasi bir qəzetdə belə ideyanı heç kim yaxına buraxmaq istəmirdi. Yaşı 30-a qədər olan müəllifləri çap edirdim ancaq. Bir gün səhər “letuçka”da Hikmət bəy məni öz şirin rusdilli ləhcəsiylə tənqid etməyə başladı: “Nədi bu şeir-hekayələr çap edirsən, bizə demokratiya haqda mətnlər lazımdı” və s. Hamı gülüşdü. Ədəbi səhifə və demokratiya… hamının kefi açılmışdı. Dedim, bəy, o hansı ədəbi mətnlərdi ki elə? Dedi, mən sənə verərəm, çap edərsən. Bir gün sonra “Karamazov qardaşları” romanından dini senzuranın kəsib çıxardığı “Böyük inkivizitor”un tərcüməsini mənə gətirdi və çap etdik. O cür şedevrlə Hikmət bəyin tərcüməsində tanış olmaq möhtəşəm zövq verdi. 
Nəysə, indi bilmirəm nə deyim. Hikmət bəy həmişə boşlğu dolduran adam olub. Bu dəfə də doldurdu, ancaq bu dəfə… 
İllərdi itirə-itirə gəlirdik. Ancaq Hikmət bəy sanki itkisiz günlər yaşadığımızı, bir boşluq yarandığını gördü və o boşluğu doldurdu. İlk dəfə yerinə düşmədi, bəy…” 

Qeyd edək ki, Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib. H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.
Xatırladaq ki, Hikmət Hacızadə Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …