Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Hacı İbrahim sakinləri etiraza qaldırdı – Video

Hacı İbrahim sakinləri etiraza qaldırdı – Video

“Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən binanın tikintisini artıq 6 ildir başa çatdıraraq təhvil verə bilmir.

Həmin ünvanda yaşayan sakinlər bildiriblər ki, işlər tamamlanmadığı üçün Fövqəladə Hallar Nazirliyi binanı təhvil almır.

Məsələ ilə bağlı danışan Bünyad adlı bina sakini bildirib: “Nə podratçı təşkilatın nümayəndəsi Hacı İbrahim, nə Qurban müəllim binanın inşasının nə vaxt başa çatacağını camaata demir. Artıq 6-cı ildir ki, bina təhvil verilmir. Hər kəs aldığı mənzilin pulunu ödəyib, ancaq istifadə edə bilmir, yaşayış mümkün deyil. Müvəqqəti su, işıq veriblər, sakinlər birtəhər yaşayır”.

Daha bir sakin Vaqif Yadigarov isə deyib: “Bu binada yaşayan sakinlərin çoxu evlərini satıb buradan mənzil alıblar, burada isə şərait yoxdur. Su xətti yoxdur, 4 ildir binaya qaz verilmir. Yanğınsöndürmə avadanlığı ümumiyyətlə mövcud deyil. Hələ də bunları kim alacağı bilinmir. Pilləkənların yanında məhəccərlər, eyvanda şüşələr olmalıdır, heç biri yoxdur. Tələb edirik ki, bunları düzəltsinlər. Binanın sifarişçisi Nazirlər Kabinetidir, Elçin “müəllimdir”, onun köməkçisi Qurban müəllim də var. Bu günə kimi camaatın başını aldatmaqla məşğuldurlar”.

Sevda xanım isə aldıqları mənzili iki ildir təmir etdirdiklərinə baxmayaraq, köçə bilmədiklərini qeyd edib: “Biz bu binadakı evimizi iki ildir təmir etdirmişik, ancaq köçə bilmirik, heç bir şəraiti yoxdur. Dəfələrlə müraciət etmişik, buna baxmayaraq, tədbir görən yoxdur. Şəxsən mən cənab nazirin adına məktub da yazmışam, amma məktub nədənsə heç gedib nazirə də çatmır. Hansısa şəxslər tərəfindən məktub nazirliyə çatarkən harasa yönləndirilir. Öyrəndim ki, məktub Yasamal rayonuna göndərilib. Dedim ki, bu nazirliyin binasıdırsa, Yasamal rayonuna niyə göndərilir? Heç bir cavab yoxdur. Burada Qurban müəllimin komandasının nə etdiyi bilinmir. Nazirlər Kabinetinin binası belə bərbad gündədirsə, onda başqalarından heçnə gözləməyək”.

Tikinti üzrə layihə rəhbəri Qurban Əhmədov isə sakinlərin narazıçılıqları ilə bağlı açıqlama vermək istəmədi. Yeniavaz.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …