Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Həsən Həsənovun kitabı və orada qeyd olunanlar…

Həsən Həsənovun kitabı və orada qeyd olunanlar…

Tarix elmləri doktoru, professor Həsən Əziz oğlu Həsənovun “Topların gurultusu altında diplomatiya. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin qəbul edilməsi prosesi haqqında. 1992-1993-ci illər” (rus dilində) adlı kitaba dair
Həsən Həsənovun kitabı və orada qeyd olunanlar…
Hər bir dövlətin tarixində onun mövcudluğunu sual altında qoyan dövrlərə (illər, aylar, günlər) təsadüf etmək mümkündür. Hər bir dövlətin tarixində elə istedadlı insanlar da peyda olur ki, hansı ki sümüyünün iliyinə qədər dövlətçi olurlar, sanki xalqın mənafeyinə xidmət etmək üçün yaranırlar. Dövlətlərin xoşbəxtliyi, məhz bu iki məfhumun eyni zamanda ortaya çıxmasından asılı olmaqdadır.
Bir neçə gün bundan əvvəl Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində görkəmli siyasi və dövlət xadimi, fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Əziz oğlu Həsənovun hazırladığı “Topların gurultusu altında diplomatiya. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin qəbul edilməsi prosesi haqqında. 1992-1993-ci illər” (rus dilində) [- Bakı: Red N Line, 2021. – 584 s. ISBN 978-9952-452-94-5] adlı kitabının təqdimatı keçirildi. Bir tərəfdən ölkənin tarixi və müəllifin həyatı, digər tərəfdən isə müəllifin şəxsiyyəti ilə bilavasitə bağlı olan bu hadisə əsərin mövzusunu müəyyən etməklə bərabər, heç də hamının başına gələn adi hal deyildir.

Həsən Həsənovun kitabı müasir Azərbaycan tarixində ilk diplomatik missiyaya, yəni 1992-1993-cü illərdəki fəaliyyəti müddətində onun yaratdığı və rəhbərlik etdiyi Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə həsr olunub. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müəllif həm də Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri ali diplomatik rütbəsini alan ilk şəxsdir. Bundan başqa o, Azərbaycan Respublikasının Baş naziri (1990-1992) və Xarici İşlər naziri (1993-1998) olub. Daimi missiyanın yaranmasının çətinliklərindən bəhs edən diplomatın xatirələri janrında yazılmasına baxmayaraq, bu kitab ADA Universitetinin Elmi Şurası tərəfindən «beynəlxalq münasibətlər» ixtisası üzrə əlavə dərs vəsaiti kimi tövsiyə olunub. Beləki diplomatik nümayəndəliyin formalaşdırılması təcrübəsinin təhlili, onun iş prinsiplərinin işlənib hazırlanması, regionda baş verən dramatik hərbi-siyasi hadisələrin yaratdığı mürəkkəb çağırışlara ləyaqətlə cavab vermək bacarığı buna əsas verir.

Azərbaycanın BMT-də ilk diplomatik missiyasının formalaşması və fəaliyyətinin xüsusiyyəti ondan ibarətdir ki, o, erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı ardıcıl hərbi hücumları şəraitində reallaşırdı. Bu səbəblə, Azərbaycan missiyasının bütün diplomatik fəaliyyəti topların gurultusu altında həyata keçirilirdi. Səfir Həsənovun kitabında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının ilk bəyanat və qətnamələrinin necə yaranmasından bəhs edilir. Diplomatik təcrübədən bir çox nümunələrə əsaslanan əsər, benefisiarın gənc suveren Azərbaycanın beynəlxalq arenaya dramatik formada daxil olmasını dərk etməsinə və anlamasına kömək edəcəkdir. Kitabın problematikası və yazı üslubu həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın leytmotivini 1992-ci ildə Ermənistan Respublikasının Azərbaycana qarşı genişmiqyaslı təcavüzü nəticəsində ortaya çıxan Qarabağ münaqişəsinin təşkil etməsi tamamilə təbiidir. Belə ki missiyanın BMT-də fəaliyyətə başlaması ilə Şuşanın ermənilər tərəfindən işğal olunması eyni vaxta təsadüf edir. Anlaşılan odur ku, yaşadıqları ağır hisslərin verdiyi inanılmaz məsuliyyət kitabın müəllifinə və onun əməkdaşlarına vəzifə borcunu yerinə yetirmələrinə kömək olmuşdur. H.Həsənov qeyd edir: “Şuşanın alınmasından sonra vəziyyət son həddə çatmışdı, Dağlıq Qarabağda bir dənə də olsun azərbaycanlı yaşayış məntəqəsi, bir nəfər də olsun azərbaycanlı qalmamışdı! Təbii qala sayılan Şuşa Ermənistan silahlı qüvvələrinin əlinə keçdikdən sonra azərbaycanlılar nəinki xalqımızın mənəvi irsinin mərkəzlərindən birini, həm də bu bölgədə strateji üstünlüklərini də itirmişdilər. Laçın rayonu da işğal təhlükəsi altındaydı. Bu vəziyyətin özü bizə diplomatik vəzifəni də diktə edirdi – dünya birliyinin diqqətini Ermənistanın təcavüzkar əməllərinə cəlb etmək, onların qınanmasına nail olmaq və işğal olunmuş Azərbaycan ərazisinin azad edilməsi üçün siyasi vasitələr axtarmaq. Çoxillik təcrübəyə malik erməni diasporunun təzyiqi altında bir sıra güclü dövlətlərin Ermənistanın qanunsuz əməllərinə göz yummağa üstünlük verdiyini və o vaxtlar Azərbaycanın dünyaya yenicə açılmağa başladığını nəzərə alsaq, bu iş o qədər də asan deyildi”.

Azərbaycanın təcridini, onun ətrafında yaradılmış informasiya blokadasını yarmaq, münaqişə ilə bağlı həqiqətləri çatdırmaq və onun diplomatik yolla həllini təmin etmək – Azərbaycanın gənc missiyasının qarşısında duran əsas vəzifə idi.

Müəllif, missiya üçün formalaşdırdığı gənc heyətdən, onlar arasında vəzifələrin bölgüsündən bəhs etməkdədir. “Bütün əməkdaşlar bərabərhüquqlu idi, aralarında vəzifə iyerarxiyası yox idi, hamı səfirə tabe idi. Ancaq bu cür bölgü fəaliyyətimizin dinc deyilən dövrünə təsadüf edirdi. Təhlükəsizlik Şurası ilə iş dövrü başlayanda isə qarşılıqlı münasibətlərimizin prinsipi də dəyişdi – hər kəs hər şeyə cavabdehdir. Artıq hər dəfə fərqli olurdu: biri mənimlə danışıqlara gedirdi, digəri “Alman otağı”nda növbətçi idi (ardına baxın), üçüncüsü növbəti görüşü razılaşdırırdı, dördüncüsü Bakı üçün məlumat/sorğu hazırlayırdı və il axır. Nəticədə daimi nümayəndəlikdə “çoxixtisaslı” mütəxəssislər qrupu formalaşmışdı” [s. 36]. Yalnız dövlət xadimi Həsən Həsənovun çoxillik təkrarolunmaz təcrübəsi missiyaya seçilmiş heyətin potensialından belə səmərəli istifadəni təmin edə bilərdi.

Kitabda səfir Həsən Həsənovun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində öz funksiyalarını yerinə yetirərkən keçirdiyi görüşlərə böyük diqqət yetirilir. Bir tərəfdən, bu görüşlərin hər birinin təsviri gənc Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və təbliği istiqamətində sərf edilən gərgin əməyi göstərir. Digər tərəfdən, beynəlxalq təşkilat çərçivəsində fəaliyyətlərdə təcrübənin toplanması prosesini işıqlandırır. Üçüncü olaraq da, rəsmi hesabatlarda nadir rastlanılan çoxsaylı faktları, düşüncələri və təəsüratları tarix üçün qoruyub saxlayır.

Kitabda oxuyuruq: “Həmin gün BMT Katibliyinin missiya və ofislərində olarkən, mənim təşəbbüsümlə Fransa nümayəndəsi ilə qısa işgüzar görüş təşkil olundu (bu raundda ikinci görüş idi). Ona təklif etdim ki, onların paytaxtından gələcək təlimatları gözləmədən, təqdim olunanı geri götürüb, bizim əlavə və dəyişikliklərimizlə yeni bəyanat layihəsi hazırlansın. Etiraf etdim ki, Təhlükəsizlik Şurası sədrinin bəyanatının müstəqil layihəsi bizdə də var və bu da, Fransanın birinci layihəsinin bizim üçün mənfi cəhətlərini istənilən halda neytrallaşdıra bilər. Təcavüz faktının tanınmayacağına nə qədər əmin olurdumsa, bir o qədər təkidlə də bu fakt haqqında danışırdım. Ona görə Fransa təmsilçisi ilə də özümü bu cür aparırdım. Əslində susmağa heç bir əsasım yox idi, ona görə də onunla açıq danışırdım. Təklifim qəbul olundu. Fransız diplomat (hesab edirəm ki, o, mənim digər görüşlərimin müsbət cəhətlərindən xəbərdar idi) bizim təkliflərimizə baxacaqlarına dair mənə söz verdi”.

Kitabın on beş misrası, ardınca bir dövlət xadiminin təcrübəsi, problemə və vəziyyətə baxış, vətənpərvərlik, diplomatiya məharəti.
Nəhayət, bu əsərin kvintessensiyasının mühüm hissəsi Qarabağ münaqişəsi və onunla bağlı digər məsələlərə dair BMT Təhlükəsizlik Şurasının irəli sürdüyü və qəbul etdiyi dörd qətnaməyə həsr olumuşdur.

Kitabı oxuduqca nümayəndəlik rəhbərinin və onun tərəfdaşlarının peşəkarlığına, vətənpərvərliyinə, dəqiqliyinə, əzmkarlığına heyran olursan. Onların fəaliyyətinin miqyasını və əhəmiyyətini burada çatdırmaq mümkün deyil. Bu qətnamələrin ərazi bütövlüyü uğrunda mübarizədə Azərbaycan Respublikasına verdiyi töhfələri qeyd etmək kifayətdir.

822 saylı qətnamədə regiondakı bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, eləcə də əraziləri ələ keçirmək üçün gücdən istifadənin yolverilməzliyi təsdiqlənir. Bu o deməkdir ki, Təhlükəsizlik Şurası erməni ekspansionistlərinin birtərəfli ayrılma yolu ilə öz müqəddəratını təyinetmə iddialarını faktiki olaraq rədd edirdi və onların “baş vermiş faktın siyasəti”ni həyata keçirmək ümidlərinin üstündən xətt çəkirdi. Qətnamədə həmçinin, regionda, xüsusilə də Kəlbəcər rayonunda çoxlu sayda mülki əhalinin didərgin düşməsi və fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı ciddi narahatlıq ifadə edilir və regionda, o cümlədən, münaqişədən zərər görmüş bütün ərazilərdə mülki əhalinin acınacaqlı vəziyyətini yüngülləşdirməkdən ötrü beynəlxalq humanitar yardımın maneəsiz həyata keçirilməsini təmin etmək üçün çağırış olunur.

853 saylı qətnamədə bir neçə prinsipial müddəanı vurğulamaq lazımdır. Ən başlıcası odur ki, Təhlükəsizlik Şurası “Ağdam rayonunun və Azərbaycan Respublikasının yaxın vaxtlarda işğal olunmuş bütün digər rayonlarının zəbt olunmasını pisləyirdi”, “bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının yaxın vaxtlarda işğal olunmuş bütün digər rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi”.
853 saylı qətnamənin bu əsas maddəsi Azərbaycan üçün siyasi olduğu kimi, praktiki əhəmiyyət də daşımaqdadır. İşğalçı qoşunların çıxarılması prosedurunun bir sıra şərtlərlə nəzərdə tutulduğu 822 saylı qətnamədən fərqli olaraq, Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində “dərhal, tam və qeyd-şərtsiz çıxarılma” tələb olunmaqdadır. Bununla da əsas məqsədə nail olunmuşdu – Təhlükəsizlik Şurası Ağdam rayonunun erməni işğalına məruz qalmasına olan münasibətini birmənalı şəkildə müəyyənləşdirirdi, münaqişənin artaraq yayılmasının məsuliyyətini erməni tərəfinə yükləyirdi və bunu qətiyyətlə pisləyirdi. Beləcə, Təhlükəsizlik Şurası beynəlxalq hüququn ən mühüm prinsiplərindən birini – dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əvəzolunmaz əhəmiyyətini, o cümlədən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətin zəruriliyini xüsusi vurğulayaraq bir daha təsdiqləyirdi.
Qətnaməyə «münaqişədə iştirak edən işğalçı qüvvələrin çıxarılması» ifadəsinin daxil edilməsi, ən azı Ermənistan Respublikasının işğal və ələ keçirmə aktları ilə əlaqəli olmasını nəzərdə tuturdu. Beləliklə, guya hərbi əməliyyatların yalnız Azərbaycanın Qarabağ regionunun erməniləri tərəfindən həyata keçirildiyi barədə stereotip anlayışı ortadan qaldırmaq mümkün oldu.

853 saylı qətnamədə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri”, 874 saylı qətnamədə isə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” ifadələrinin yer alması, faktiki olaraq bu bölgənin və oradakı ermənilərin statusunu da müəyyənləşdirirdi.

Qətnamələrin heç birində “Qarabağ xalqı” və ya “Artsax xalqı” və onların “öz müqəddəratını təyinetmə hüququ” haqqında qeydlər yoxdur.

Qarşıdurmanın uzun müddət davam etməsinə baxmayaraq, nə 1993-cü ildən əvvəl, nə də sonra BMT Təhlükəsizlik Şurası Qarabağ problemi ilə bağlı qətnamələr qəbul etmədi.

Həsən Həsənovun kitabı və orada qeyd olunanlar – Azərbaycanın tarixidir.

Namiq Həsən oğlu Əliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının rəhbəri, Fövqəladə və Səlahiyyətli Səfir, hüquq elmləri doktoru, professor.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …