Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Həmid Herisçinin dağıdıcı aqressiyası – Nargis İsmayılova

Həmid Herisçinin dağıdıcı aqressiyası – Nargis İsmayılova

Azinforum.az Kulis.az-a istinadən Nargis İsmayılovanın “Həmid Herisçinin “Nekroloq” əsərində postmodernizmin ilkin rüşeymləri” məqaləsini təqdim edir.

Dünya ədəbiyyatında modernizmdən postmodernizmə keçid son dərəcə kəskin və ciddi trayektoriyada baş verib. B.Makxeyl modernizmin postmodernizmə keçidi barədə bəhs edərkən, modernist ədəbiyyatın mərkəzində epistemoloji problematikanın durmasını və postmodernistlərin əsasən ontologiya məsələlərində maraqlı olduqlarını qeyd edir. Azərbaycan ədəbiyyatşünaslığında da postmodernizm məsələsi birmənalı qarşılanmayıb. Bu aspektdən məqalədə Azərbaycan ədəbiyyatında yaranan postmodern təmayüllər və modernizmdən və postmodernizmə keçid prosesi Həmid Herisçinin “Nekroloq” əsərinin timsalında müqayisəli şəkildə tədqiq olunur. Həmid Herisçinin “Nekroloq” əsəri postmodernizmin Azərbaycanda ilk əks-sədalarından biri kimi olduqca maraqlıdır. “Nekroloq” əsəri 2005-ci ildə nəşr olunub. Kitabda “Damğa”, “Dəli Kür”, “Artırmalar”, “Dünyanın arşını”, “Bir söz de” kimi hissələr yer alır.
Modernizmdən postmodernizmə keçid təşkil edən “Nekroloq” və s. kimi ədəbi nümunələr məntiqli postmodernizm konsepsiyasını özündə əks etdirir.

Həmid Herisçi 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Nekroloq” və “Əli. Nino. Bakı” adlı postmodern üslubda yazılmış irihəcmli romanların, esse və şeirlərin müəllifidir.

Postmodernizm bir cərəyan kimi Azərbaycanda son dönəmlərdə təzahür etmişdir. Ancaq tam şəkildə postmodern əsərlər yaranmadan öncə ədəbiyyatımızda postmodern təmayüllər ortaya çıxmışdır. “Nekroloq” əsəri də bu aspektdən son dərəcə maraqlıdır. Bir çox təzadlı məqamları, real hadisələri postmodernizmin tələb etdiyi kimi problemə çevirən yazıçı “Nekroloq”da Şərqdə qəbul edilən toxunulmaz hesab edilən dəyərləri dekonstruksiya edir. Postmodernizmin aşıb daşan dağıdıcılıq aqressiyasının ən maraqlı təzahürü kimi “Nekroloq” əsrində yanaşılan mətləblər bir çox azərbaycanlının yüksək səslə söyləyə bilməyəcəyi mətləblərdir. Keçmişimizdən bu günümüzədək formalaşdırılan və mütərəqqi siyasətin əxlaqi dayaqlarının bu şəkildə dekonstruksiya edilməsi fikrimizcə ədəbiyyatın tərbiyə edicilik prinsipinə yaddır.

Tərbiyələndirməkdən fərqli olaraq reallıqların yaxud müəllifin reallıqlarının bu şəkildə təzahürü tədqiqatçının “Postmodernizm poststrukturalizm nəzəriyyəsinin, dekonstruktivizmin ədəbi-tənqidi təhlil təcrübəsinin və müasir incəsənətin bədii təcrübəsinin sintezi kimi təfəkkür tarixinə qədəm qoyub. Bu sintez dünyaya tamamilə fərqli, yeni bir baxış statusu iddiasını özündə daşıyır.”

Qeyd etmək lazımdır ki, bu iddia son bir neçə onillikdə o qədər güclü təsirə malik olmuşdur ki, Afaq Əsədovanın “Ədəbiyyatda, sənətdə “yenilik”, “orijinallıq”, “müasirlik” və s. anlayışları “postmodernizm” termini ilə sanki sinonim səciyyəsi daşımağa başlamışdır. “Postmodern” klişesi vurulmayan hər hansı bir sənət əsəri diqqətdən kənarda qalır, əksinə, bu ad altında yaranan hər hansı bir əsər isə əvvəlcədən, heç bir bədii, sənətkarlıq, fikir və məzmun xüsusiyyətlərinə baxmayaraq, ədəbiyyat və sənət məkanında özünə yer tapmış sayılır. Müasir ədəbiyyat Olimpinə iddialı olan hər hansı bir əsər hökmən postmodernist səciyyə daşımalıdır” – fikirləri ilə səsləşir və “Nekroloq” əsərini mühitdə yaranan postmodern nümunələrin ən dağıdıcıları kateqoriyasına daxil edir.

Bu mənada dünyada yaranan postmodernizm cərəyanının əks-sədasını Azərbaycan ədəbiyyatında yaranan modern nəsrdə görmək mümkündür. “Nekroloq” əsəri qeyd olunduğu kimi dərin kataklizmlərin və ruhsal-psixioloji dağıntıların, mənəvi məsələlərin dekonstruksiya edilməsi, dəyərlərin adiləşdirilməsi fonunda yaranan əsərlərdəndir. Haqqında bir çox sensasion rəylərin mövcudluğu əsər üzərində diqqətlərin toplanmasına səbəb olub. Əsərdə real dünyada baş verən, hətta dəyərlər paradiqmasından görünən məsələlərin arxa fonunun əslində necə də adi olduğu göstərilir.

“Peyvənd” adlanan hissədə və Anaxanımın sandıqcasındakı əmanətlər mövzusunda yazıçı Şərqdə hökm sürən adətləri, dəyərlər fonunda təqdim olunan məsələləri istehza (postmodern ironiya) obyektinə çevirərək toy gecəsi məsələsini ictimailəşdirib yüksək səslə müzakirə mövzusuna çevirir. Təranə Xudatovanın qoluna vurulan peyvənd iynəsindəki ruh halı ilə gələcəyi arasında bağ qurur və qəribə bir paralellik apararaq dəyərlərimizə zidd mühakimələrlə çıxış edir.

Qorxmaz Quliyevin fikirləri ilə ifadə etsək, ümumiyyətlə, dünya “XX əsrdə qlobal kataklizmlər şəklində özünü büruzə verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, “həqiqət yalnız məndədir” deyə bir-birinin dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və təbii ki, bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə inkar və rədd edən, bir-birini kaleydoskopik rəngarəngliklə əvəz edən modernist estetik konsepsiyaların meydana gəlməsinə və meydandan çıxmasına səbəb oldu”.

Şüurlu şəkildə postmodernizmin çalarlarının toplandığı əsərdə Nizaminin “Xəmsə”si, Şah İsmayıl Xətayinin “Xətayi” təxəllüsü, Nəsiminin “Ənəlhəqq” fəlsəfəsi fərqli məqamlarla obrazların dili ilə şərh olunur, bəzi məqamlarda isə müasir dövrlə keçmiş arasında aparılan paralellik gülüş doğurur.

Məsələn “Başı çalmalı, üzü nurlu Nizami Gəncəvinin “Xəmsə”sindən təkcə onun quru adı yadigar qalacaq. Əli çəlikli professor Riçard Adimson şərqşünasların 40-cı Nyu-York Konfransında sübut edəcək ki, “Xəmsə” sözü ilə, dini vergi anlamına gələn “xüms” sözü eyni kökdənmiş”.

Yaxud “Xətayi ləqəbi qədim şərqdə çinli, kitaylı demək imiş. Şah İsmayılın bu adı, sən demə uzaq Çin ilə hər zaman gizli əlaqəyə girirmiş. Bakının bu bölgəsinə “Xətayi” adı verilən kimi, Çin səfiri hoppana-hoppana durub gəldi məhz oraya”.

Konspirologiya və postmodernizm mövqeyindən fərqli şəkillərdə fikirlər söyləyən Həmid Herisçi bəzi məqamlarda özünü postmodern saymır.

“Mən postmoderndə ilişib qalmadım. Dünya dəyişir, postmodern təfəkkür arxivə gedir. Ədəbiyyata yeni nəzəriyyələr, ideyalar, kreativ üslublar, postmodern ideologiyasını gətirdik. Təəssüf ki, ədəbi proses elə bunda da ilişib qaldı. Daha mən postmodernist deyiləm” – deyən Həmid Herisçi həyatı bir növü postmodern oyuna çevirir.

Konspirologiya elminin əsas simalarından biri Aleksandr Duqinin Azərbaycanda ən sadiq pərəstişkarı heç şübhəsiz Həmid Herisçidir.

Həmid Herisçi “Nekroloq”, “Konspirologiya” romanları ilə yanaşı, “Bu şeir Bayıl zindanında ölümə məhkum olunmuş Əhədlə vidalaşdığımdı…”, “Ey, mənə bənzər insan”, “Mən daim səni axtarıram…”, “Ağıllı kukla” və s. kimi çoxsaylı şeirlər müəllifidir.

“Konspirologiya” kitabında müəllifin dediyinə görə o, qırx sirrin üstünü açmışdır. Professor Nizami Tağısoy yazır:

“Həmid Herisçi ədəbi mətnləri, layihələri deşifrə edib. Guya əsərdə həqiqi mətn üzdə yox, dərinlikdə, gizlindədir. O, pərdə arxasında olan andeqraund ənənələrinə söykənməklə Əl Ərəbi, Rixard Zorge, Benksi, Davud Münşizadə kimi fərqli və məxfi fiqurların yeni portretlərini yaratmağa müvəffəq olub. Əsərdə “Tehran 43”, “İki qadın”, “Sehrli xalat”, “Pijamalı təyyarəçilər”, “Bir cənub şəhərində” filmlərindən mesajlar təqdim etməklə, guya Birinci və İkinci Dünya müharibələrinin əsl səbəblərini öz yozumunda ortaya qoyub”.

Qeydlərdən aydın olur ki, skeptizmin ən ağır forması kimi qəbul olunan konspirologiya elminin və tələblərinin mahiyyətini çox gözəl bilən Herisçi ədəbiyyatda və dünyada yaranan yeni və yaxud fərqli tendensiyaları həyatında və yaradıcılığında sınaqdan keçirməyi məqsəd kimi qarşısına qoyan yazarlardandır.

Yazıçı bir müsahibəsində deyir:

“Postmodern estetika meydanı tərk edir və yerini verir konspirologiyaya. Postmodernin əsas müddəaları bunlardır: qəhrəman yoxdur, allah yoxdur, tilsim yoxdur, müqəddəslik yoxdur, süjet yoxdur, loqosentrizm yoxdur, fonosentrizm əsasdır. Konspirologiya elmi postmodernin bu müddəalarına amansız zərbə vurdu. Bu mübarizə Umberto Eko, Den Braun, Paulo Koelyo kimi yazarlar tərəfindən bədii ədəbiyyatda başlandı və nəticədə yeni oxucu kütləsi formalaşdı”.

“Çomski konspirologiya nəzəriyyələrini xeyirsiz hesab edir. Çünki bu fərdi manipulyasiyaların daha geniş sosioloji məcburiyyətlərə nisbətən ikinci dərəcəli olduğu yerlərdə şəxsin institutional strukturun siyasi forması barədə düşünməkdən yayındırır”.

Bu onların işinə mane olmadığı halda, həmçinin oturuşmuş güclə mübarizədə səmərəsiz qalır. Öz ideyalarının konspirologiya nəzəriyyəsi kimi qiymətləndirilməsinə cavab olaraq Çomski bildirmişdir ki, mətbuatın digər biznes sahələri kimi hər hansısa şeyi (mətbuat sahəsində xəbəri) manipulyasiya edərək satması çox rasional hadisədir.

Salidə Şərifova “Çağdaş Azərbaycan postmodern romanı” kitabında qeyd edir:

“Bəsti Əlibəylinin “Çağdaş tənqid və ədəbi proses: 2004-2007-ci illər” adlı məruzəsində Qərbin tullantısı hesab etdiyi postmodernizmin dünya ədəbiyyatına bir şey vermədiyi fikri səsləndirilmişdir. Tənqidçi xanım, postmodernist üslubda yazılmış əsərləri postmodernizm nümunəsi kimi dəyərləndirmir, yazarın istedadı ilə bağlayır: “Sual oluna bilər; bəs Umberto Eko, bəs Orxan Pamuk, bəs Patrik Züskind və postmodernizmin uğuru sayılan digər örnəklər? Mən hesab edirəm ki, bu yazıçıların postmodernizmə aid edilən əsərləri – nə “Qızılgülün adı”, nə “Qara kitab”, nə də “Əttar” postmodernizmin uğuru olmayıb, müəlliflərinin istedadının, böyüklüyünün uğurudur”.

Ədəbiyyatın tərbiyəvi rolunu diqqət mərkəzində saxlasaq, düşünməyə əsas verir ki, yazılan əsərlər də bir növ tərbiyəvi ruhun formalaşdırılması fonunda estafetləri özündə saxlamağı bacarmalıdır. Cərəyanın olduğu kimi tullantılı şəkildə mühitimizdə əxz olunması yerinə, həmin yeniliyin bizim ədəbiyyatımıza zərərli ünsürlərdən arınıb, daha keyfiyyətli şəkildə ədəbi istehsalata cəlb olunması daha uğurlu nəticələr yarada bilər fikrimizcə.

Qərbdə müəyyən dövrü xarakterizə etmək üçün bir fikir kimi ortaya atılan postmodernizm, Amerikada özünü genişsəpkili təsdiq etmiş, getdikcə önəmli bir hərəkata çevrilmişdir. Qeyd edək ki, postmodernizmlə bağlı mənfi və müsbət fikir, rəy və təhlillər istiqamətində bu dalğa çox dinamik inkişaf yolu qət edir.

İlqar Fəhmi yazır:

“Həmid Herisçinin artıq on ildən çoxdur ki yazdığı və deyəsən hələ də bitirmədiyi “Nekroloq” romanını da bu istisnalardan hesab edirəm. Məncə, bu əsərin əsas məziyyəti müəllifin ruhunda gedən proseslərin yazıda olduğu kimi əks etdirilməsidir. Həmidin yazısındakı dağıdıcılıq ehtirası, nihilizm məhz onun içindəki nifrətdən doğur, bu nifrət onun hər cümləsində, yaratdığı obrazlara, təsvir etdiyi hadisələrə münasibətində açıq-aşkar hiss olunur. Özündən əvvəlkiləri dağıtmaq, məhv etmək – onun əsərini qidalandıran yeganə ehtiras məhz budur. Lakin yenə də təkrar edirəm, bu ehtiras, onun içindən gəldiyinə görə əsəri də o biri saxta postmodernistlərin yazılarından fərqlənir”.

Fikrinə əlavə olaraq qeyd etmək istəyirəm ki, Həmid Herisçinin “Nekroloq” əsəri məntiqli, şüurlu postmodern cəhddir. Gəlin, razılaşaq ki, yazıçı bu əsərində postmodernizmin dağıdıcılıq prinsipini əsas prioritet kimi qarşısına qoyub.

Postmodernizm problemi təkcə estetik problem deyil, eyni zamanda siyasi məsələdir. Postmodernist bir sənətçi düşüncələrini hansı sənət sahəsində qeyd edir-etsin, hansı üslubu mənimsəyir-mənimsəsin, bu fikirlər, əsasən, baş verməkdə olan ictimai anı əks etdirmə şəklində ortaya çıxacaq.

“Leonardonun tanrılar qatında və fəzilətlər dünyasında bir “Mona Liza” tablosu yaratmağı necə üsyan və rəddirsə, Duçampın 1912-ci ildə kubist də olsa bir tablo yaratmaq fikrini kənara buraxması o qədər etirazdır”.

“Postmodernizmin məşhur nəzəriyyəçilərindən olan Teo Dan postmodernizmin bədii kod kimi iki dəfə qeyd eləməsini xüsusi olaraq vurğulayandan sonra fikrini davam etdirərək, yazır:

“Postmodernizm bir tərəfdən kütləvi, populyar mədəniyyətin tematik materialı və texnikasından istifadə edərək bütün adamlar, o cümlədən bədiilikdən o qədər də başı çıxmayanlar üçün kütləvi istifadənin reklam cazibədarlığını qazanır. Digər tərəfdən isə özündən əvvəlki, özü də daha çox modernist əsərləri parodiya şəklində dərk etmək, onların süjet və priyomlarına ironik yozumlar verməklə ən təcrübəli auditoriyaya üz tutur.”

“Nekroloq” əsərində də belə məqamlar mövcuddur:

“Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Razin qəsəbəsi, Yuxarı qumluq küçəsi, 4 ünvanında yerləşən öz dədə-baba mülkünün mağraf qapısını Cahandar ağa elə təzəcə aralayıb içəri keçmişdi ki, çeynənib yerə tüpürülmüş “Dirol” saqqızlarından biri, tərslikdən, onun qara çəkməsinin altına yapışdı”.

Əsərdə həyatla “Dəli Kür” əsəri arasında müəllifin apardığı paralel təhlillər mövcuddur:

“Vəli, – Şahnigar ilk dəfə məni qondarma adımla səslədi, – mən bu kitabı indi dönə-dönə oxuyuram, təkrar-təkrar oxuyuram. Şahnigarı, öz doğma bacısını nöş öldürdü eee Cahandar ağa, anamı xatırlayıram həmişə o kitabı vərəqləyəndə… Mənim anamı da…”

Şahnigar obrazını müxtəlif tarixi və modern rakursdan gündəmə gətirən əsərdə “Dəli Kür” romanı daxil, bir çox əsərə eyhamlar, replikalar mövcuddur.

Həmid Herisçinin “Nekroloq” əsərində cəmiyyətdə baş verən hadisələrin timsalında diqqət çəkilən məsələlər zaman-məkan qavramı, zaman-insan, insan-təbiilik, dəyərlər-adi arxa fon kimi məsələlər fonunda ağrıdıcı realist üslubla, çılpaqcasına diqqətə çatdırılır.

Antimetodologizmin əsas meyar kimi qəbul edildiyi əsər standart qaydalardan istifadə imkanını inkar edircəsinə bir çox müddəanı özündə cəmləyir.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …