Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gürcüstanda azərbaycanlı abituriyentlərlə bağlı problem həll olunacaqmı?

Gürcüstanda azərbaycanlı abituriyentlərlə bağlı problem həll olunacaqmı?

Gürcüstanın müxalifətdən olan “Avropalı Gürcüstan” partiyası bu il ali məktəblərə qəbul ola bilməyən milli azlıq nümayəndələri ilə bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edib.

Bu barədə partiyanın liderlərindən biri olan deputat Serqo Ratiani keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarından uğurla keçsə də, universitetlərə qəbul ola bilməyib: “Buna abituriyentlərə ixtisas seçimi ilə bağlı qaydalar barədə kifayət qədər məlumatın verilməməsi səbəb olub. Abituriyentlər istədikləri sayda ixtisas qeyd edə bilərdilər, lakin məlumatsızlıqdan az sayda ixtisas seçiblər. Bu onu göstərir ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin ərazi üzrə resurs mərkəzləri abituriyentlərin məlumatlandırılması üzrə vəzifələrini yerinə yetirməyiblər”.

S.Ratiani Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini istisna hal kimi azərbaycanlı və erməni abituriyentlərin ali məktəblərə əlavə yerləşdirilməsinə şərait yaratmağa çağırıb.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Aleksandre Tevzadze ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı və erməni abituriyentlərin məsələsinə münasibət bildirərkən deyib ki, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi milli azlıqların maraqlarını müdafiə etməkdə davam edəcək.

O bildirib ki, təmsil etdiyi nazirlik milli azlıqların təhsili ilə bağlı bir sıra layihələr həyata keçirir:

“Ən əsas proqramlardan biri azərbaycanlı və erməni tələbələrin bir il müddətində ali məktəbdə gürcü dilini öyrənməsi ilə bağlıdır. Gürcü dilini öyrənəndən sonra tələbələr Gürcüstanın ali təhsil sisteminə inteqrasiya edə bilirlər. Əlbəttə ki, biz milli azlıqların maraqlarını müdafiə etməyi və bu istiqamətdə stimullaşdırıcı tədbirləri həyata keçirməyi davam etdirəcəyik”.

Gürcüstanda bu il 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsidir. Həmin abituriyentlərdən 500-ə yaxını azərbaycanlı gənclərdir. Abituriyentlərlə yanaşı, müxalif “Avropalı Gürcüstan” partiyası da ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edərək, gənclərin ali məktəblərə əlavə yerləşdirilməsinə şəraitin yaradılmasını xahiş edib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …