Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib

Gürcüstan azərbaycanlıları Almaniyada problemlə üzləşib

Almaniyaya mövsümlük işçi kimi gələn Gürcüstan vətəndaşları problemlə üzləşib.

Bu barədə “Report”un Avropa bürosuna Bavariya əyalətindəki bir çiyələk tarlasında çalışan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, ötən ay Almaniyaya mövsümlük işçi kimi gəliblər. Gürcüstanda olarkən Almaniyaya işçi kimi gəlmək üçün müqavilə bağladıqları şirkət onlardan adambaşına 100 avro pul alıb. Etiraz edən azərbaycanlılar əsasən Marnueli rayonundandır. Onlar bildirirlər ki, Almaniyaya gəldikdən sonra çalışdıqları çiyələk firmasının sahibi onları müqavilə ilə nəzərdə tutulmuş qaydalarda çalışdırmayıb.

“Bildiyiniz kimi bu ildən artıq Gürcüstan vətəndaşları Almaniyaya mövsümlük işçi kimi gedə bilirlər. Əsasən qulançar və çiyələk tarlalarında iş təklif olunur. Müqavilədə yazılmışdı ki, bizə saat başına 9,35 avro pul ödəyəcəklər, qalma yeri ilə təmin edəcəklər, bir otaqda maksimum iki nəfər qalacaq, koronavirusla bağlı tədbirlərə riayət ediləcək və hər həftə müayinədən keçiriləcəyik. Ancaq Almaniyaya gəldikdən sonra bu vədlərin demək olar ki, heç biri olmadı”- deyə şikayətçi azərbaycanlılar bildiriblər.

Onların sözlərinə görə, şərqi Avropadan, xüsusilə Rumıniyadan gələn işçilərin bir çoxu koronavirusa yoluxduqdan sonra, ölkələrinə qayıtmaq məcburiyyətində qalıblar. Bəziləri isə, qulançar tarlalarındakı işin ağırlığına görə geri qayıdıblar:

“Təsəvvür edin, bir otaqda 5-6 nəfər qalırıq. Vəd etdikləri 9,35 avro iş saatına görə yox, səhər qoyulan plana görə verilir. Məsələn, menecer gəlib səhər deyir ki, bu gün adambaşına 300-500 kilo çiyələk yığmalısız. Hava qaralır, iş saatı bitir, ancaq görürük ki, 200 kilo güclə yığmışıq. Bu günün kəsirini növbəti günə əlavə edib, tələb edirlər. Qısacası bizi burada çox ağır şərtlər altında işlədirlər”.

Şikayətçi Gürcüstan azərbaycanlıları bildiriblər ki, Bavariyadakı əmək müfəttişliyinə və yerli səhiyyə təşkilatına şikayət etdikdən sonra, tarlalarda yoxlamalar aparılıb:

“Ancaq bu yoxlamalar barədə əvvəlcədən xəbərdar olan firma sahibi bir gün öncəsindən hər şeyi qaydasına qoydu. Hətta bizə sürətli korona testi payladı. Yalnız nəticəsi neqativ olanlar tarlaya buraxıldı”.

Şikayətçilər bildiriblər ki, Gürcüstanda müqavilə bağladıqları şirkəti məhkəməyə verməyə hazırlaşırlar.

“Report”un Avropa bürosunun əməkdaşı məsələ ilə bağlı Bavariya əyalətindəki çiyələk firmasının rəhbərliyinə sorğu göndərib. Ancaq firma hələ də sorğuya cavab verməyib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …