Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Güclü külək səbəbindən SOCAR 1000 nəfəri təxliyə etdi

Güclü külək səbəbindən SOCAR 1000 nəfəri təxliyə etdi

Martın 30-31-də hava şəraitinin qeyri-sabit keçməsi, güclü küləyin əsməsi açıq havada, dənizdə işləyənlərin taleyi ilə bağlı narahatlıqlar yaradıb. Xüsusilə dənizdə işləyən neftçilərin vaxtında təxliyyə edilmələri, yaxud zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilib-keçirilmədiyi hamını narahat edir.

Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatdan aydın olur ki, dənizdə işləyən neftçilər təxliyyə olunub. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumat SOCAR-ın rəsmi səhifəsində paylaşılıb. Bildirilib ki,dünən zəruri növbətçilərdən başqa SOCAR-ın dəniz özüllərində çalışan 1000 nəfərdən çox neftçi quruya gətirilib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirildiyinə görə, martın 30 və 31-də açıq dənizdə küləyin sürətinin arabir 30 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə “Azneft” tərəfindən dəniz neft qaz çıxarma idarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib: “Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir-tikinti işləri, hündürlükdə və yükqaldırma və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb”.

Məlumatda o da qeyd olunub ki, bundan əlavə, mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da “Yeni Müsavat”a bildirib ki, SOCAR işçiləri həqiqətən də təxliyə edib: “Aldığım məlumata görə, Nərimanov adına NQÇİ-nin işçiləri təxliyyə olunub, əlahiddə özüllərdə iki aqreqat saxlanılıb, ağır texnikanın yarısı çıxarılıb. Görünür, qalanları çıxarmağa vaxt baxımından imkan olmayıb. “28 may” NQÇİ-də tikinti-quraşdırma idarəsinin işçiləri martın 29-dan platformalardan Cilov adasına təxliyyə olunub”.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Təşkilat rəhbəri deyir ki, dənizdəki platformalardan heç də hamını çıxarmaq mümkün deyil: “Bütün dünyada belədir ki, gözlənilən hava şəraiti ilə bağlı qazma, tikinti aparan əlavə işçilər platformalardan çıxarılır. Hasilata birbaşa nəzarət edən heyət isə qalır, lakin onların təhlükəsizliyinin təmin olunması üçün müvafiq addımlar atılır. Azərbaycanın özünə məxsus platformalarda əməliyyatların hamısı avtomatlaşdırılmadığı üçün hasilata nəzarət edən operatorların çıxıb qurğulara baxması lazım gəlir”.

M.Qəhrəmanlı onu da qeyd edir ki, insanların təxliyəsi ilə yanaşı, güclü küləyin yarada biləcəyi qəza təhlükəsi də narahatlıq doğurur: “Bildiyiniz kimi, belə havalarda platformalarda qəzalar tez-tez baş verir. Məni hazırda narahat edən əsas məsələ budur. Çünki bilmirəm, platformalarda təhlükəsizlik necə təmin olunub, onların təmiri nə qədər uğurla həyata keçirilib. Bu baxımdan, arzu edirəm ki, külək qəzaya səbəb olmasın”.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin dediyinə görə, müraciətdə bildirilib ki, şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir: “Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır”.(APA)

Müraciətdə o da qeyd olunub ki, dənizdə işləyərkən küləyin gücü 3 baldan artıq olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan artıq olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri, qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işləri dayandırılmalıdır:“Qeyd olunan əlavədə həmçinin dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işlərinin dayandırılması nəzərdə tutulur.

SOCAR küləkdə ile ilgili görsel sonucu

Küləyin gücü 6 baldan artıq olduqda daimi dəniz özüllərində istismar edilən quyularda işlər, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri dayandırılır. Əgər küləyin gücü 8 baldan çoxdursa, bu zaman qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalıdır. Küləyin gücü 10 baldan artıq olduqda isə quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması nəzərdə tutulur. Belə hallarda işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidməti şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin müvafiq tələblərinə riayət edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …