Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Gənclərə yüksək vəzifələr verilməsində risklər də var” – Qulamhüseyn Əlibəyli

“Gənclərə yüksək vəzifələr verilməsində risklər də var” – Qulamhüseyn Əlibəyli

Ukraynanın yeni prezidenti Vladimir Zelenski hakimiyyətində ən strateji postları nisbətən gənc olan kadrlara əmanət edir. Belə ki, Ali Radanın iclasında Zelenski Aleksey Qonçarukun ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürüb. Təsdiq olunacağı gözlənilən namizədin 35 yaşı var.
Bundan əlavə, avqustun 29-da keçirilən Ali Aradanın iclasında siyasətçi Dmitri Razumkov parlamentin spikeri seçilib. Onun da yaşı 36-dır. 

Ukraynadakı bu seçimlər ölkəmizdə də ciddi maraq doğurub. Sosial şəbəkələrdə istifadəçilər buna həsəd apararaq, heyranlıqlarını gizlədə bilmirlər. Bu yöndə bir sıra mübahisələr də açılıb. 

Əslində isə MDB məkanındakı ölkələr SSRİ-nin tərkibindən çıxdıqdan sonra gənc kadrlara üstünlük bəlkə də ilk dəfə Azərbaycanda verilib. Belə ki, 1992-93-cü illərdə ölkəmizə rəhbərlik edən mərhum prezident Əbülfəz Elçibəyin zamanında ən strateji vəzifə sahiblərinin yaşları 27-35 arası təşkil edib. Nümunə olaraq, bəzi faktlar göstərmək mümkündür. O dövrdə parlamentin spikeri İsa Qəmbər 35 yaşında bu posta gəlib. Hətta bir ay prezident səlahiyyətlərini icra edib. Baş nazir Pənah Hüseyn də 35 yaşında yüksək post sahibi olub. O dövrdə yüksək vəzifə tutan Fazil Mustafa, Sülhəddin Əkbər, Arif Hacılının yaşı onlardan daha az olub
Bu siyahını kifayət qədər uzatmaq olar.

Hazırda da Azərbaycanda nazir, icra başçısı vəzifəsini tutan gənc kadrlar var. Məsələn, rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə, Şamaxının icra başçısı Tahir Məmmədov və s. 

Onu da qeyd edək ki, gənclərə yüksək vəzifələrin etibar edilməsi hər zaman müzakirə mövzusu olub. Müzakirələrdə ən çox onların təcrübələri önə çəkilir. Belə fikirlər var ki, gənclərə strateji postların tapşırılması özü ilə bərabər risklər gətirir. Hətta Elçibəy iqtidarının daha çox bu səbəbdən bir il ömür sürdüyünü düşünənlər də az deyil. 

Aydınlar Partiyasının sədri, 34 yaşında Elçibəy hökumətində AXC-nin Ali Məclisinə rəhbərlik edən Qulamhüseyn Əlibəyli bununla bağlı “Yeni Müsavat”a maraqlı açıqlamalar verdi: “Azərbaycanda gənc kadrların hakimiyyətində daha az olmalarının təbii ki, ən müxtəlif səbəbləri ola bilər. Artıq son dövrdə hakimiyyətdə təmsil olunanların orta yaş səviyyələrinin yüksək olması diqqətdən qaçmır. Baxmayaraq ki, Azərbaycanda son bir ildə bir neçə gənc irəli çəkilib. Amma bu bir reallıqdır ki, hökumətin orta yaşı 60-dan yuxarıdır. Rəsmən hakimiyyət səlahiyyətlərinə malik olan məmurların orta yaşı digər ölkələrə nisbətən çoxdur. Hətta pensiya yaşına çatmış, bu yaşı keçən adamlar da var. Ona görə hesab olunur ki, onlar nə vaxtsa hakimiyyətdə təmsil olunublar, ola bilsin özlərini doğruldublar, yaxud doğrulda bilməyiblər, bunun üçün də onlara keçmişin qalıqları kimi bəzən baxılır. Həmin şəxslərin təfəkkür tərzi doğrudan da yeni, müasir təfəkkür tərzindən bir qədər istər-istəməz fərqlənməlidir. Yeni gənclik gəlir, onlar artıq müasir təhsilə malik olurlar, müasir siyasi mədəniyyət əldə edirlər. Bu baxımdan gənclərin irəli çəkilmələri təqdirə layiq elan olunmalıdır”.

Q.Əlibəyli risklərdən də söz açdı: “Bu cür təyinatlar oturuşmuş sistemə malik olan ölkələr üçün daha uyğundur. Düzdür, Ukraynada belə bir sistemin olduğunu söyləmək çətindir. Amma dövlət idarəetmə mexanizmi düzgün qurulanda gənclərin yüksək postlara çəkilmələrinin yarada biləcəyi risklər xeyli azalır. Düzdür, gənclərdə təcrübə bir qədər azdır. Məsələn, gənclərdə emosional qərarlar qəbul etməyə meyl daha çoxdur. Amma bir ölkədə sistem oturuşubsa, normal, nizamlı idarəetmə sistemi varsa, gənc yeni kadrlar da o sistemi dəyişə bilməzlər. O sistem qanunla müəyyən olunur. Hansı qərarlar necə qəbul olunmalıdır, hansı ardıcıllıqla edilməlidir, müəyyənləşmiş formada olur. Hesab edirəm ki, bəli, gənclərə yüksək vəzifələrin etibar edilməsində risklər olmamış deyil. Amma bunu şişirtməyə ehtiyac görmürəm”.

Partiya sədri təmsilçisi olduğu AXC hakimiyyətinin gənclərin vəzifələrə çəkilməsi səbəbindən süquta uğramadığını düşünür: “Hesab edirəm ki, AXC hökuməti bu səbəbdən iqtidarını itirmədi. Sadəcə olaraq, o dövrdə baş verən bəzi hadisələr uzunömürlü hakimiyyət olmamağımıza səbəb oldu. Bu daha çox xarici amillərlə bağlı idi. Düzdür, ölkə daxilindəki bəzi hadisələr də buna səbəblər sırasındadır. İdarəetmə sistemi dağılmışdı. Yeni idarəetmə sistemi isə formalaşmamışdı. Bunu etmək istəyirdik. Amma tam şəkildə formalaşdırıb başa çatdıra bilmədik. Bunun üçün köhnə sovet kadrlarından istifadə olunurdu, yəni onlar da vəzifələrə irəli çəkilirdilər. Üstünlük gənclərə ona görə verilmişdi ki, yeni idarəetmə sistemi formalaşdırmaq onlara nəsib olsun. Onların isə, yeni idarəetmə təcrübələri yox idi. Bu baxımdan olsun ki, müəyyən səhvlər oldu. Bunu istisna etmirəm. Amma bütövlükdə AXC iqtidarının tezliklə zorakılıqla dəyişdirilməsinin səbəbini bunda axtarmaq lazım deyil”.

Müsahibimiz iqtidar və müxalifət düşərgəsində yüksək postlarda təmsil olunacaq kifayət qədər gənc kadrların olduğunu düşünür: “Buna misal olaraq, Ukrayna təcrübəsi göstərilə bilər. Çünki Zelenski yeni prezident seçiləndə mən bilən onun heç komandası yox idi. O tamam başqa sahədə fəaliyyət göstərirdi. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər səriştəli gənc kadrlar var. Bunu həm iqtidar, həm də müxalifət barədə deyə bilərik. O başqa məsələdir ki, hakimiyyətin idarəetmə siyasəti ilə onların səriştəsi üst-üstə düşmür. Ona görə müəyyən uyğunsuzluqlar yaranır. İdarəetmə sistemində hazırda xeyli nöqsanlar var. Bunu təkcə kadrlarla bağlamaq da düzgün olmazdı. Çünki çox hallarda bütövlükdə siyasəti dəyişmək lazımdır. Müxalifətin içərisində kifayət qədər formalaşmış alimlər var ki, onlara istənilən vaxt müəyyən vəzifələri tapşırmaq olar. Ola bilsin ki, müxalifət bütövlükdə bir hökuməti əhatə edəcək kadrlara sahib olmasın. Amma bitərəf kadrlar da var ki, onlardan istənilən vaxt istifadə oluna bilər”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …