Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Gənc yazıçının gündəmə çevrilən intihar cəhdinə ilginc reaksiyalar: şou, yoxsa?..

Gənc yazıçının gündəmə çevrilən intihar cəhdinə ilginc reaksiyalar: şou, yoxsa?..

Cəlil Cavanşirin dostları olaydan danışdılar; psixoloq: “Bu cür hadisələr insanlığa böyük zərbə vurur”; hüquqşünas: “Özünə qəsd cinayət əməli sayılmır, amma…”

İyulun 7-də yazıçı Cəlil Cavanşir Facebook üzərindən həyata keçirdiyi canlı yayım zamanı intihara cəhd edib. Yazıçı canlı yayımda yaşamaqdan yorulduğunu, həyatdakı bir çox şeylərlə barışmadığını bildirib, qollarını kəsici alətlə cızmağa başlayıb. Yazar bir müddət qolları və əlləri qanlı vəziyyətdə canlı yayımı davam etdirib və bu davranışını “ölüm çox şeyi dəyişir, dostlar” sözləri ilə əsaslandırıb.

Canlı yayımı izləyən yazıçının dostları, sosial şəbəkə izləyiciləri onu bu addımdan çəkinməyə, övladlarını, ailəsini düşünməyə çağırıb.  Bir qədər sonra yazıçının qardaşının onu tapması və vəziyyətinin yaxşı olması haqda məlumat yayıldı. Yazıçının özü isə bir gün sonra sosial şəbəkədə hadisə barədə yazaraq, peşman olduğunu bildirib: “Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam. Dünən (srağagün-red.) mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam”.

Bir qədər sonra yazıçının profilini bağlayaraq, doğulduğu Oğuz rayonuna getdiyi məlum olub. Bu barədə yaxınları məlumat yayıb. Onlar deyiblər ki, peşəkar psixoloqun məsləhəti ilə bu addımı atıblar: “Məsləhət oldu ki, Cəlili şəhər mühitindən uzaqlaşdıraq”.

Qeyd edək ki, Cəlil Cavanşir canlı yayımda intihara cəhd edən zaman və ondan sonra da bir çox izləyicilər, tanınmış ictimaiyyət nümayəndələri onun bu davranışını şou adlandıraraq tənqid edib, bu cür hadisənin cəmiyyət, xüsusən də gənc və yeniyetmələr üçün təhlükəli olduğunu bildiriblər.

Ümumiyyətlə, son illərdə gənc yazar və şairlərin intiharı və yaxud intihara cəhd hadisələri artmağa başlayıb. Məsələn, ötən il gənc yazar Mövlud Mövlud özünü 17-ci mərtəbədən ataraq intihar etmişdi. Bu ilin yanvar ayında isə 23 yaşlı şair Məlik Cahan Bakı Bulvarında özünü dənizə atmışdı. Digər şair və yazıçılar isə zaman-zaman sosial şəbəkədə vida statusu paylaşaraq, intihar edəcək mesajlar verirlər. Bu isə cəmiyyətdə böyük narahatlıq doğurur, insanları stressə salır, neqativlik yaradır.

Cəlil Cavanşir ile ilgili görsel sonucu

Bəs yazıçı Cəlil Cavanşiri intihara sövq edən əsl səbəb nə olub?

Bu barədə olay zamanı yazıçının yanında olmuş ilkin şəxslərdən biri “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu “Yeni Müsavat”a danışdı: “Ora getməkdə məqsədim Cəlili ölümdən xilas etməkdən daha çox, Facebook izləyicilərini bu dəhşətli mənzərəni seyr etməkdən xilas etmək idi. Fikirləşdim, tez çatım və onun canlı yayımını dayandırım. O, ”ölməyə də imkan vermirlər” ifadəsini tez-tez deyirdi, amma tərzində daha çox yaşamağa hamıdan güc almağa, hamının köməyinə arxalanmaq istəyi var idi. Ötən gün onunla çox da söhbət edə bilmədim. Çünki yanına gedib çatan üçüncü adam idim. Lakin sonra təcili tibb yardım, polis əməkdaşları gəldi. Həmin hadisədə müşahidə etdiyim bu idi ki, o, hamı üçün darıxmışdı və istəyirdi ki, hamı gəlib onu ziyarət etsin. Mən ondan soruşdum ki, “sən nə istəyirsən”, dedi ki, “mən ölmək istəyirəm, imkan verim ölüm”. Bildiyim qədər bu ilk intihara cəhdi deyildi. Doğrudur, o deyirdi ki, “yaşamaq istəmirəm”. Lakin düşünürəm ki, bu dediklərində səmimi deyildi. Ümumilikdə isə onun nədən intihara cəhd etməsini anlaya, hansı sitiuasiyanın baş verdiyini müəyyənləşdirə bilmədim. Yəqin ki, ciddi bir əsas səbəb göstərə bilməz. Halı da yaxşı deyildi. Çalışırdıq ki, kifayət qədər bu vəziyyətdən çıxsın. Bu, çox pis hadisə idi. Ən pisi isə bu idi ki, olayı canlı yayımda yayımlayırdı, çoxlu da izləyənlər var idi. Şəxsən mənə çox pis təsir etmişdi”.

Elçin Zahiroğlu ile ilgili görsel sonucu

Cəlil Cavanşirin yanına gedən ilk dostlarından biri şairə Könül Səid isə məlum hadisə baş verməzdən bir neçə saat əvvəl şairi gördüyünü və onun əhvalının yaxşı olduğunu bildirdi: “Düşünürəm ki, ona nəsə psixoloji təsir olub. Ötən gün gündüz saatlarında marketdə onunla görüşüb, deyib-gülüb, ayrılmışdıq. Evə gələndə isə canlı yayımda həmin vəziyyəti gördüm. Düşünürəm ki, yəqin nəsə eşidib və yaxud nəsə olub ki, bu cür addım atıb. Onun yaşadığı mənzili təxmini bilirdim. Telefonla ona zəng edib, hansı mənzildən zəng gəldiyini müəyyən etməyə çalışırdıq. Sonradan komendantla onun mənzilini tapanda məlum oldu ki, qardaşı artıq evdədir və onu sakitləşdirməyə çalışır. Evə daxil olanda Cəlil Cavanşirin huşu üstündə idi, vəziyyəti də o qədər də ağır deyildi. Bizim dediklərimizi anlayırdı. Onun qollarını bağlamağa çalışanda icazə vermirdi. Sonra tibb işçiləri gəldi. İntihara nədən cəhd etdiyini isə canlı yayımda özü izah edib. Sözün düzü, onu uzun müddət tanıyırdım və bu günə qədər ondan bu cür davranış görməmişdim və gözləmirdim. Çünki hər zaman deyib-gülən, pozitiv insan, həyatsevər olub. Atası həmin gün rayondan gəlmişdi. Yəqin ki, atası və qardaşı Oğuza aparıb”.

Ä°lgili resim

Psixoloq Elnur Rüstəmov isə olayın psixoloji tərəfləri haqda danışdı: “Bu məsələyə bir istiqamətdə qiymət vermək istəməzdim. Çünki burada bir çox məqamlar var, adam özü də qeyd edir ki, ”mən dəfələrlə intihara cəhd etmişəm, lakin uğursuz alınıb”. Psixologiyada belə bir anlayış var – intihara meylli insanlar. Hansı ki, onlar müxtəlif narahatlıqlar yaşayanda intihar haqqında düşünə bilir və intihar fikrinə düşə bilirlər. Burada yəni daha çox maddiyyatla bağlı deyil, alkoqolun, narkotik maddələrin təsiri altında olub bu cür addımlar ata bilərlər. Bu cür adamları, yəni canlı yayımda özünə xəsarət yetirənlərə normal şəxs kimi qəbul etmək olmur. Əgər insanın doğrudan da intihar etmək fikri varsa, onu canlı yayımda etməz. Digər tərəfdən də özü də qeyd edir ki, dəfələrlə intihar edib, lakin uğursuz alınıb və bu dəfə uğurlu olacaq, amma yenə də alınmır.

Nəzərə alaq ki, bu cür addım şair üçün yaxşı hal deyil. Əgər narahatçılıq varsa, bunu sivil yollarla həll etmək lazımdır. Yazıçı insanları yaşamağa sövq etməli, stimul verməli, yaşamaq yollarını açmalıdır. O yaşamaq yolları şairin yazdığı əsərlər, şeirlər, kitablar olur. Ümumi götürəndə mən bu hadisəni doğru hesab etmirəm. Mühakimə etmək fikrim də yoxdur. Lakin hər halda olmasaydı daha yaxşı olardı. Mən inanıram ki, bu hadisədən travma alanlar da oldu. Sabah anoloji hadisə baş verərsə, bu dəfə heç kəs o insana inanmayacaq”.

Psixoloq bu cür olayların insanlar üzərində hansı təsirlər buraxa bilməsindən də söz açdı: “İlkin hallarda insanlarda müəyyən əhval-ruhiyyənin dəyişməsinə, özlərini narahat hiss etməsinə gətirib çıxaracaq. Lakin bütövlükdə bu cür hadisələr insanlığa böyük zərbə vurur. Nəticədə bu cür  hadisələr insanlar üçün adiləşir. Tutaq ki, eyni hadisəni sosial şəbəkələrdə bir-iki dəfə gördükdən sonra ona adi baxmağa başlayacam. Dolayısı ilə bir insanın ölümü başqaları üçün statistikaya çevriləcək, insan faciəsinə deyil. Bu həm də insanların bir-birinə qarşı inamsızlığına, biganələşməsinə gətirib çıxaracaq. Sonra da suallar ortaya çıxır ki, cəmiyyətdə bu qədər aqressiya, inamsızlıq haradan qaynaqlanır? Bütün bunlar bu cür hadisələrdən başlayır. Ona görə də bu cür olaylarda diqqətli olmaq lazımdır. Doğrudur, bu cür olayları dünya ədəbiyyatında baş verənlər ilə müqayisə edə bilərlər. Məsələn, Cek London və yaxud digərləri ilə. Lakin bu analogiya qüsurludur. Protokol qaydaya əsasən, həmin şəxs psixatirik xəstəxanaya yerləşdirilməli, müalicə almalı, reabilitasiya prosesi keçməlidir”.

Psixoloq Xanım Niftəliyeva ile ilgili görsel sonucu

Psixoloq Xanım Niftəliyeva da məsələ ilə bağlı sosial şəbəkədə maraqlı təhlil verib. Psixoloq qeyd edib ki, şairin bu davranışı psixoloji xəstəlikdir:

“Cəlil Cavanşirin Facebook-da canlı olaraq intihara cəhdini minlərlə insan izlədi. Onu qınayanlar da oldu, haqq qazandıranlar da, hətta bu bir şoudur deyənlər də.

Əslində insanın özünə sui-qəsd etməsi normal hal deyil. İndi bütün dünyada insanlar edamların aradan qaldırılmasına çalışır və insan həyatına son verməyin düzgün olmadığı düşünülən bir dövrdə kiminsə özünə sui-qəsd etməyi, intiharı təbii ki normal qarşılanmır.

Əgər sosial şəbəkədə canlı yayımı açaraq izləyiciləri, dostları qarşısında bunu edirsə, əminliklə deyə bilərik ki, bu psixoloji xəstəlikdir. Ola bilər ki, həmin an psixoloji sarsıntı keçirib, affekt vəziyyətində olub. O özünə qəsd edərək geridə qalan nə qədər insana travma yaşadır, acı çəkdirir. Əgər bu canlı yayımda paylaşılıbsa, yəqin ki dostluğunda olan kiməsə nümayiş etdirmək məqsədi, yaxud digər səbəblə edib. Həmin şəxslə psixoloq, mütəxəssis işləməlidir. Onunla ciddi məşğul olub psixoloji vəziyyəti bərpa etmək lazımdır. İzləyicilərə olan təsirinə gəldikdə isə, onun dostluğunda da dostları, qohumları, onu sevənlər və sevdikləri var”.

Psixoloq qeyd edib ki, bu hadisədən qaynaqlanaraq, zövq alaraq həmin hadisəni təkrarlamaq istəyənlər olacaq: “Bu, qaçılmazdır. Özünü yazıq kimi göstərmək istəyən insanlar tapılacaq və diqqət çəkmək üçün, yaxud da kimsə məni canlı yayımda görüb gələcək və məni xilas edəcək, necə ki o yazarı xilas etdilər ümidi ilə buna cəhd edənlər də ola bilər. Amma hər dəfə insanın şansı gətirməyə və həyatına son qoya bilər”.

Bəs intihara cəhd cinayət məsuliyyəti yaradırmı?

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, özünə qəsd cinayət əməli sayılmır: “Yalnız burada mənəvi məsuliyyət ola bilər. Yəni, intihara cəhd edən şəxs nə inzibati, nə mülki məsuliyyət daşıyır. Yalnız bir daha qeyd edirəm, burada dostları, yaxınları qarşısında mənəvi məsuliyyət ola bilər. Həmçinin, əgər onun canlı yayım görüntülərindən kimsə şoka düşüb, psixoloji gərginlik yaşayarsa, səhhətinə hər hansı ziyan dəyərsə, mülki qaydada ona qarşı iddia qaldıra bilər. Yox əgər belə bir şikayət yoxdursa, həmin şəxs heç bir məsuliyyət daşımır”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …