Ana səhifə / Cəmiyyət / Füzuli Məmmədov növbəti dəfə 6 qazi ailəsinə ev hədiyyə etdi – FOTOLAR

Füzuli Məmmədov növbəti dəfə 6 qazi ailəsinə ev hədiyyə etdi – FOTOLAR

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse – prezidenti Füzuli Məmmədov növbəti dəfə 5 Qarabağ qazisi-şəhid ailəsinə ev hədiyyə etdi.

Musavat.com xəbər verir ki, Bakıdakı məkanların birində təşkil olunan tədbirdə, Füzuli Məmmədov, CHP-dən olan millət vəkili Haluk Pekşen, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal və digər media nümayəndələri eləcə də ev hədiyyə olunan hərbçilər, onların ailələri iştirak ediblər.

Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı tədbiri açıq elan etdikdən sonra məclisə Novruz bayramının rəmzləri olan kosa və keçəl gələrək, səhnəciklər göstərdilər. Daha sonra isə musiqili proqram başladı.

Tədbir musiqili proqramla davam edərkən, ev bağışlanan hərbçilərlə söhbət edib, onların keçdikləri döyüş yolu ilə tanış olduq.

İlk həmsöhbətimiz müddətdən artıq hərbi xidmətdə olan, hərbi qulluqçu Arzu Ramiz oğlu Məmmədov oldu. O, bildirdi ki, aprel döyüşlərində Lələtəpə istiqamətində gedən savaşların iştirakçısı olub və elə həmin döyüşlər zamanı da ağır xəsarət alıb:

“2016-cı ilin aprelin 3-də yaralanıb, sağ qolumu itirmişəm. Bədənimin bir çox yerlərindən qəlpə yarası da almışam. Hazırda da bədənimdə qəlpə gəzdirirəm. Füzuli müəllim sağ olsun. Vəziyyətimi nəzərə alıb mənə də ev verdi. Ailəmizə ev öz istəyimə uyğun olaraq Xırdalan qəsəbəsində verilib”.

Baş leytenant Kamil Musəvi də ağır döyüşlərdən keçərək, ayağını və gözünü itirdiyini söylədi:

“2015-ci ilin oktyabr ayında Tərtər rayonu Talış kəndi istiqamətində kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirən zaman mina partlaması nəticəsində ayağımı və gözümün birini itirmişəm. Füzuli müəllimə müraciət etdiyimizdən sonra o, ev seçməyi bizim özümüzə buraxdı. Ürəyimiz istədiyi yerdə də bizə ev bağışladı. Ailəmiz adindan ona dərin təşəkkürümü bildirirəm”.

Müddətdən artıq hərbi qulluqçu musavat.com-un müxbiri ilə söhbətdə dedi ki, İlkin Talıbov 2016-cı ildə Füzuli istiqamətindəki döyüşlərdə ağır yaralanıb, iki gözünü itirib:

“28 yaşım var, subayam. Vəziyyətimiz çox ağır idi. Üstəlik kirayə mənzildə yaşayırdıq. Sağ olsun Füzuli müəllim bizə Masazır qəsəbəsində ev bağışladı. Ailəmiz adından ona minnətdarıq”.

13 il xüsusi təyinatlı olan gizir Eşqin Hüseynov bildirdi ki, 2015-ci ilin aprel ayında düşmən arxasında döyüş tapşırığını yerinə yetirərkən minaya düşüb:

“Minaya düşməyimə baxmayaraq döyüş tapşırığını uğurla yerinə yetirdik. Mənə ev Sumqayıt şəhərində verilib. Füzuli müəllimə təşəkkür edirəm ki, qazilər ev hədiyyə edir. Bayram günü bizi sevindirdi, Allah da onu sevindirsin. Qoy onun bu əməllərində ən digərləri də nəticə çıxarsınlar”.

Digər ev alan gizir Nəzər Abdulrəhmanov da eyni qaydada döyüş tapşırığını yerinə yetirən zaman minaya düşərək, gözlərini itirib. Ona isə ev öz istəyinə uyğun olaraq Bakı şəhərində verilib.

Tədbirdə çıxış edən millət vəkili Haluk Pekşen bildirdi ki, ilk dəfədir Azərbaycana gəlir:

“1996-cı ildə bəlkə də Azərbaycanı 50-100 ilin iqtisadi baxımdan güclü ölkə edəcəyi layihənin memarıyam. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsini mən dünya gündəminə daşıdım. Bu dəmir yolunun Azərbaycan üçün böyük önəmi var. Önümüzdəki 50 ildə Azərbaycan dünyanın iqtisadiyyat mərkəzi olacaq. Bu barədə çox danışmaq istərdim, ancaq bu gün burada bizim Qarabağdan olan dəyərli igidlərimiz var. Onlara salam olsun. Qarabağ bizim can torpağımızdır. İki dövlət bir millət olduğumuz kimi qəlbimiz də birlikdə atır. Siz sevinəndə biz də sevinirik. Siz kədərlənəndə biz də kədərlənirik. Sonuna qədər Qarabağ Azərbaycanın torpağı olaraq qalacaq. Bunun üçün beynəlxalq aləmdə bütün mücadələrimizi əsirgəməyəcəyik. Qısa zaman sonra mən təkrar Azərbaycana gələcəm. Ancaq o zaman millət vəkili olaraq gəlməyəcəm”.

Daha sonra çıxış edən Rauf Arifoğlu qonaqları salamlayaraq söylədi ki, bu gün həyatımın ən gözəl bayramıdır:

“Bu bayramı qazilərimizlə, şəhid qardaşlarımızın ailələri ilə birlikdə qeyd edirik. Üzümüzə gələn Novruz üçün, yeni gün, yenidən doğuş üçün dualarımız var. Bu dualarımız ondan ibarətdir ki, Azərbaycanımız, Türk-İslam dünyamız var olsun. Allah bizi məsut etsin. Millətimizi, soyumuzu qorusun, bizi problemlərdən, savaşlardan uzaq tutsun. Bizim şərəf, namus davamız var ki, o davada bizi qalib etsin. Bu gün hörmətli Füzuli bəyin təşkilatçılığı ilə bura yığışmışıq. O, Azərbaycana hər gəlişində özü ilə bərbər bizləri də savaba batırır. Biz də onun yanında böyük savabda iştirak edib, söz deyirik, özümüzlə bərabər onun da səsini Azərbaycana duyurmağa çalışırıq və təşviq edirik. Millətə, qaziyə, ölkəyə sahib çıxmaq, onun yanında olub kiçik də olsa problemini həll etmək, ölkə, millət, prezident üçün çox böyük xidmətdir. Eyni zamanda həm bu dünya, həm də axirət üçün böyük savabdır. Qazilərimiz, siz bizim millətin əsl sərvətisiniz. Nə neftimiz, nə başqa dəyərlər yox, sərvət məhz sizlərsiniz. Sizlərə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Füzuli müəllimə də içdən gələn təşəkkürümü bildirirəm”.

Tədbirdə həmçinin Zülfüqar Cəfərov, tanınmış jurnalist Aygün Muradxanlı, Səbayel rayon icra başçısının müavini Xalidə Bayramova da çıxış edərək, qazilərimizə can sağlığı diləyib, Füzuli Məmmədovun atdığı xeyirxah əməlləri dəstəklədilər.
Daha sonra söz Qarabağ qazilərinə, döyüş yolu keçən veteranlara verildi. Onlar da Füzuli Məmmədova təşəkkürlərini bildirib, lazım gələrsə hər zaman döyüşə hazır olduqlarını bildirdilər.

Sonda şəhid valideynləri adından çıxış edən şəhid Sənan İsayevin atası Əlislam İsayev söylədi ki, yaşları çox olsa da, onlar da hər zaman vətən yolunda canlarından keçməyə hazırdılar:

“Füzuli müəllimə ailəmiz adindan təşəkkür edirəm. Bizə də ötən il Füzuli müəllim öz istəyimizə uyğun olaraq Sumqayıtda ev bağışladı. Allahdan ona can sağlığı diləyirəm”.

Ev alanların mülk sənədlərinin təqdimindən sonra tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Qeyd edək ki, Füzuli Məmmədov daha öncə də 5 nəfər qazi ailəsinə ev hədiyyə edib. Onlardan da bəziləri bugünki tədbirdə iştirak edirdilər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …