Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Firuz Haşımov Rasim Balayevi sərt tənqid etdi

Firuz Haşımov Rasim Balayevi sərt tənqid etdi

Tarixçi, publisist Firuz Haşımov indi də xalq artisti Rasim Balayevi hədəfə alıb. Belə ki, “Hürriyyət” qəzetində dərc olunan böyük məqaləsində Firuz Haşımov Rasim Balayevi təhqir edib və onu kino çəkilişlərinə buraxmamağa çağırış eləyib.

F.Haşımov fikrilərini aşağıdakı kimi ifadə edib: “Prezidentin mədəniyyət xadimləri ilə görüşü hamının diqqətini çəkdi. İradlar da oldu, narazılığını sosial şəbəkələrdə açıqlayanlar da tapıldı. Necə yəni, filankəs dəvət olunsun, mən yox? Niyə bizləri də çağırıb dərd-sərimizi öyrənmədilər? Bu əlbəttə ki, təbiidir, narazılıq yerində idi. Bunlarla işim yoxdur… Məni incidən, pərt edən özünü Smotkunovski, Tixinov səviyyəsində aktyor sayan Rasim Balayevin ağzından çıxan murdar söyüşlər idi. İlahi, bəni-Adəm nə qədər naqis olmalıdır ki, yaşlı qadın xeylağına “mraz” , “satqın və yaltaq” desin. Qəsdən alçaldılan, söyülən məşhur kinoaktrisa Şəfiqə Məmmədova idi. Bəzi məsələləri açmazdan əvvəl Rasim Balayevdən soruşuram, rus dilində “mraz” sözünün mənası nədir? Özünü kişi sayan şəxs belə sözü dilinə gətirərmi? Rus dilini mən Rasim kimilərdən yaxşı bilirəm, hətta ruslar belə bu ağır sözü çox nadir hallarda işlədirlər.

Bizim cahil, özlərindən başqa heç kimi bəyənməyən “jurnalistlərin” köməyi ilə daima gündəmdə qalmağa çalışan Rasim Balayev özü barədə belə rəy formalaşdırmaq arzusunda idi. Əgər o, Babək, Nəsimi rollarında çəkilibsə, rəsmi dairələr onu fəxri adlara layiq görübsə, deməli bütün tənqidlərdən yüksəkdə durmalıdır. O, özünü şərqşünas kimi, tarixçi kimi aparıb ağzına gələni deyə bilər və deyir də.

Mən binəva isə dəfələrlə yazdım ki, bizim psevdotarixi filmlər hər cəhətdən zəifdirlər. Ssenariləri yazanlar mənfur müstəmləkə ədəbiyyatının xadimləridir. Pul, fəxri ad, vəzifə naminə bizim idbar qələm sahibləri, kino rejissorlar daha o görkəmli adamımız qalmadı ki, onu gorbagor edib öz səviyyələrinə endirməsinlər. Xalqın mənəvi cırlaşmasında əsas rol oynamış bivec filmlərdə çəkilən Rasim Balayev elə təşəxxüs satır ki, elə bil ölkəyə ABŞ-dan indiyə qədər azı beş “Oskar” gətirib.

Mənim isə arzum var, istəyirəm Qarabağın qısasını alandan sonra, bəxtəvər günlərimizdə bütün tarixi şəxsiyyətlər haqqında yeni-yeni dəyərli filmlər çəkilsin. Amma ağzına yiyəlik edə bilməyən Rasim Balayev kimi unikumlar çəkiliş meydançalarının həndəvərinə də buraxılmasın”.

Firuz Haşımovun yazdıqları ilə bağlı xalq artisti Rasim Balayevin mövqeyini öyrənməyə çalışdıq. Rasim Balayev “Yeni Müsavat”a bildirdi ki, Firuz Haşımov adlı birisini tanımır və onun hansısa yazısını oxumur: “O kimdir ki, mən onun hansısa yazısını oxuyam və ona cavab verəm!”

Qeyd edək ki, bir qrup mədəniyyət xadimi ilə görüşdən bir neçə gün sonra Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib və görkəmli xalq artistindən görüşdə iştirak etsəydi hansı təklifləri verəcəyini soruşub. Ölkə prezidentinin Rasim Balayevə şəxsən zəng etməsi xalq artistinə münasibətin, verilən qiymətin necə yüksək olduğunu isbatlayıb. Belə görünür ki, Firuz Haşımov deyəsən, bunun fərqində deyil.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …