Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Faydalı söz, fikir söyləyə biləcək insanlar sosial şəbəkələrdən uzaq qaçır” – Deputat

“Faydalı söz, fikir söyləyə biləcək insanlar sosial şəbəkələrdən uzaq qaçır” – Deputat

“Hazırda ölkəmizin ən ciddi problemlərindən biri informasiya təhlükəsizliyi ilə bağlıdır. Savaş dövrünə arxayınlaşmayaq, o dövrdə də ölkə prezidenti bir çox hallarda təkbaşına bütün informasiya blokadasını yarmaq və düşmənin bu sahədə dezinformasiyalarını alt-üst etmək işini öz üzərinə götürdü və fədakarcasına beynəlxalq şəbəkənin bütün təxribatlarını önlədi. Təbii ki, bu prosesdə təbliğat işini öz üzərinə götürən elektron media quruluşlarının, televiziya və radioların, ayrı-ayrı vətənsevər jurnalistlərin, bloqerlərin  fədakarlığını qeyd etmək vacibdir. Bununla yanaşı, bu sahədə bir sistem fəaliyyətinin davamlı mövcudluğundan danışmaq xeyli çətindir. Xüsusilə də sosial şəbəkədə düşmən təxribatının önlənməsi üçün, xaricdən maliyyələşən, idarə olunan, onların ideoloji təsirləri altında olan saytlar və subyektlərlə bağlı görülən tədbirlər demək olar ki, yox səviyyəsindədir”.

Bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, bu işlə bağlı xeyli pul silən qurum və quruluşlar mövcuddur: “Burada müəyyən media quruluşları var ki, yaydığı informasiyadan anlaşılır ki, bu külək cənubdan, şimaldan, yaxud da qərbdən gəlir, bir çox hallarda ölkənin ali rəhbərliyi barədə özlərini sığortalamaq üçün normal fikirlər səsləndirib, digər dövlət və ictimai xadimlərini və dövlət qurumlarını gözdən salmaq üçün qəsdən təxribatçı materialları tirajlayırlar. Bu kimi qüvvələri ifşa etmək çətin deyil, ancaq təəssüf ki, həm bu media quruluşlarını, həm reket jurnalistikanı, həm də ayrıca bloqerləri ayrı-ayrı məmurlar himayəsinə götürüblər və bu barədə hansısa müraciətin də mənası qalmır. Hətta şahidiyəm ki, dövlətin haqlı mövqeyini müdafiə edərkən üzərimizə canfəşanlıqla gələn, böhtan və təhqirlər yağdıran bir neçə ictimaiyyətçiyə sonradan vəzifə də peşkəş ediblər. Anlayıram kimlərsə xüsusi xidmət orqanlarının agenti, yaxud da bu və ya digər dövlət orqanları ilə əməkdaşlıq edən şəxslər ola bilər və bunların bu cür görünməyən obrazlarını qorumaq lazımdır. Belə olsa hələ dərd yarıdır. Bəzi səlahiyyətli şəxslərin xüsusi olaraq qoruduqları hər cinsdən olan məxluqların üzərimizə hücumları ilə qarşılaşanda, anlayırsan ki, bu gün  dövlətçilik immunitetimiz nə qədər ciddi şəkildə zədələnib. Qısacası, bu və ya digər formada sosial şəbəkədə Azərbaycan informasiya məkanını zibilləyən, xarici xüsusi xidmət orqanlarını ideoloji tezislərini yayan, ayrı-ayrı Azərbaycan maraqlarını qorumağa çalışan siyasi və ictimai subyektlərə qarşı böhtan və təhqir kampaniyası aparan elementlərlə, təzahürlərlə bağlı müracət ediləcək ixtisaslaşmış dövlət qurumu yox kimidir. Bu olduqca ciddi boşluqdur və bunun fəsadları artıq özünü büruzə verməkdədir. Ona görə də əksər faydalı söz, fikir söyləyə biləcək insanlar sosial şəbəkələrdən uzaq qaçır və meydanı ya  milli-dini qaragüruha, ya da xarici qüvvələrin rəy yaratma platformasına təslim edirlər.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …