Azinforum.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən gimnastikanın inkişafına dövlət səviyyəsində çox böyük diqqət yetirilir: “Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçildikdən sonra gimnastika Azərbaycanda gənc oğlan və qızlar arasında ən populyar idman növlərindən biri oldu və sürətlə inkişaf etməyə başladı. Artıq yarışlarda Azərbaycan gimnastika komandası ənənəvi gimnastika ölkələri üçün ən ciddi rəqiblərdən biri sayılır”.

Deputat vurğulayıb ki, Azərbaycanda mütəmadi olaraq gimnastika üzrə həm yerli, həm də beynəlxalq səviyyədə mötəbər yarışlar keçirilir: “Azərbaycan gimnastları beynəlxalq yarışlarda dəyərli medallara layiq görürlürlər. Fərid Qayıbovun Avropanın nüfuzlu idman təşkilatına prezident seçilməsi Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqətin nümunələrindən biridir”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.